Nigar! "Nazlı Nigarım!" "Atama oxşayırsan" deyən... "Qızım" dediyim Nigar!

Nigar!

AYDIN CANIYEV

...Əslində, bu qızı unutmaq istəyirdim. Hirsliydim ona - Pamuku sevirdi. Xəstə kimi beynində, düşüncəsində ancaq Pamuk vardı. Orxanın yaşadığı, gəzdiyi küçələri axtarırdı. Yazılarının qəhrəmanları arayırdı!

Mənim nəzərimdə olan odu ki, Azərbaycanın istedadlı və yaradıcı qızlarının ağlında və həyatında ancaq özləri olsun!!! İddiam o olub ki, bizim şair və nasir qızları ideal bilsinlər!!!

Azərbaycanlı şair və nasir qızların çoxunun xəstəliyidi: qul kimi, əsir kimi, maniakal asılılıqla özlərinin üstün bildikləri (əslində isə heç də üstün olmayan, bəzi hallarda isə lap şərəfsiz biriləri) "dahi"lərə səcdədə olurlar!

Onlarca belə imza tanıyıram! Hətta dalaşdıqlarım, söydüklərim olub!

Hətta "idol" bildiklərini təzək kimi divara çırpmışam!

... Mənim nəzərimdə Azərbaycanın qadın imzaları kişi imzalarından daha ləyaqətli, daha istedadlı və daha şərəflidi!

Təəssüf ki, bunu anlamayan, cinsi "qadın" yazılan o qədər istedadlı imzalarımız var ki!

Bəlkə də bunu indiki məqamda yazmamalıydım!

Amma yazıram - çünki mənim bu an nə Allahın, nə özümün, nə də böyük bildiyim dəyərli qadın imzaların sabaha çıxacağına inamım yoxdu: içimdə tornadolar, burulğanlar, sunamilər cövlan edir. Təyyarə trapına addım atmağa bir neçə saat qalmış Nigardan yazıram!

Nigar İsmayılqızından! - Qan xərçənginin əlində qalan cavan, lap cavan, lap çox... uşaq Nigardan!

Nigar İsmayılqızı Səfurə Çərkəzqızının kitab şölənində Vəli Əkbərin təqdimatla tanış etdiyi dəyərli imzadı. Fb üzərindən bu tanışlıq getdikcə doğmalaşdı!

İzləyirdim, oxuyurdum! Hətta aktual.az-dakı bir hekayəsini də paylaşmışam səhifəmdən!

Elçinlə bağlı yazısımı, müsahibəsimi də yadımdadı!

İstanbul xatirələri də - elə olub ki, Nigarın İstanbul lövhələrinin plagiat edildiyini görəndə əsəbi bir şəkildə irad tutmuşam ki, niyə öz haqqından keçirsən!?

Lap ata ərkindən də artıq təhdidlə qıcıqlandığım da olub: o qədər səmimi, o qədər kövrək ürəyi var ki! Özü qayğı, sığal görməliykən, bu ölkənin "eşşək boyda" imzalarına dərdmənd olanda, qahmar çıxanda, əsəbləşmişəm.

Mən bilirdim ki, içində bu qədər mərhəmət, insanlıq gəzdirən bu məleykənin ürəyi dözə bilməz! Amma sən demə, ürəyi böyük bu yavrunun qanı da parçalanırmış ürəyiylə bir yerdə!

Nigar mərhəmətindən ayıra bilmədiyim məsum bir cocuq oldu!

Onun qanını parçalayan, axırına çıxan mərhəmətiydi, insanlığa məhəbbətiydi!

Nigarı tanıyanda... türmədən təzə çıxmışdım. Çox aqressiv idim. Arada düşünürdüm ki, zalım balası, cəmi bir il üç ay iyirmi gün içəridə olmusan, bu qədər nifrəti neynirsən, adam körpədi, usaqdı, humanizm və insanlıq eşqiylə yaşayır, nə işin var, bir az aralı düş, bəlkə də dünyanı olmasa da, Azərbaycanı elə bu qızın mərhəməti, insanlıq sevgisi xilas edəcək!

Bir dəfə şəhərdə təsadüfən rastlaşdıq - "vaxt, pul, səxavət üçü bir yerdə məndə olmur, gəl, bir kofe içək" deyib kafeyə dəvət etdim. Bir azca kafedə oturduq. Diqqətimin, dəyərimin qarşılığını həmən verdi: "Sən atama oxşayırsan, Aydın müəllim. Bundan sonra heç təsadüfən də sizinlə görüşməyəcəm".

Yad bir qızın bu qədər doğma etirafı dünyanın ən qəddar atası qarşısında etməyinin yaratdığı dəhşəti siz anlamazsınız: mən anam qədər əziz bildiyim qızımı bu şəhərdə axtarmayan adamam!

Sonra fb-də nəinki dostluqdan çıxartdım, hətta blokladım da: Pamuklu İstanbul... və sair və sair!

Amma "qızım" dediyim Nigarı həmişə və hər yerdə izlədim!

Bilirsiniz niyə?

Biz elə bir şərəfsiz, əclaf və vicdansız Azərbaycan dönəmində yaşayırıq ki, doğru bildiyimiz yollara qızlarımızı istiqamətəndirə bilmirik!

Mən həmişə pis olurdum ki, Nigar Orxan Pamuukun əsiri olacaq - öz yaradıcılığını ona qurban verəcək!

Mən bilmirdim ki, bu fidan qızım... qan qurbanı ola bilər!

Ataları ideal qurbanı olan qızlarına görə ittiham etmək doğru deyil!

Amma ataları qan qurbanı olan qızlara görə asmaq da bəzən yersizdi!

Neyləyək ki, ataların özləri qızların HEÇ NƏDƏN qoruna bilmədikləri dönəmin qurbanıdı!

Nigar! Qızım! Qan qrupum: II+

Sadəcə, səbrli ol: son damla qanıma qədər, hamısını sənə verməyə hazıram! Amma üçcə gün gözlə ki, "qızım" dediyim yox, həqiqətən də qızım olana da söz vermişəm:

- Ata, 24 saata yanındadı!

Əgər sənə qan lazımdısa, ona onu qandan qurtarmaq!

Mən hər ikisinə hazıram, mənim əziz qızlarım! Mənim nazlı nigarlarım - Nigarım və...

Ad gününü BELƏ təbrik etmək istəməzdim!

Amma əminəm ki, "atama oxşayırsan" deyən qızım məni gözləyəcək ki, gəlim, özümü çatdırım!

Yaşa... "qızım" dediyim!

Yaşa, "Pamukdan dahi gözəl imzam" dediyim!

Yaşa, eşidirsənmi?..

SON SÖZ ƏVƏZİ: Atalar anlamalıdı ki, qızları bir an da tək qoymaq olmaz!

Nəinki "Ata" çağrılanlar, hətta "Atama oxşayırsan" deyilənlər bunu unutmamalıdı!

Sən bir daha o acı həqiqəti gündəmə gətirdin: qızları tək qoymaq olmaz! Qızlar tək qalanda, heç olmayanda belə,onları qan çəkər, qan boğar!

 

Xəbər 4071 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR