Nazirdən büdcə kəsirinin miqdarı haqda - Açıqlama

Nazirdən büdcə kəsirinin miqdarı haqda   - Açıqlama

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günki iclasında “2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanuna uyğun olaraq hər ilin may ayında dövlət büdcəsinin icrası Milli Məclisə təqdim olunaraq müzakirə olunur. O bildirib ki, iqtisadi çətinliklərə baxmayaraq sosial proqramların icrası dayandırılmayıb. “Xarici öhdəliklər vaxtında yerinə yetirilib. Hökümətin 2015-ci ildə aparılan siyasəti yüksək qiymətləndirilib. Mayın 31-də Milli Məclisin plenar iclasında bu məsələ müzakirə olunacaq və artıq gündəliyə salınıb”.

Maliyyə naziri Samir Şərifov “2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini deputatlara təqdim edib. O qeyd edib ki, 2015-ci il dövlət büdcəsinin icrasına dair hesabat “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hazırlanıb.

“Bu hesabat 2015- ci il dövlət büdcəsində dövlət borcları, il ərzində götürülən dövlət borcları və dövlət borcuna xidmət, Prezidentin Ehtiyat Fondunun, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir. 2015-ci il qlobal iqtisadi artımın zəifləməsi və dünya əmtəə qiymətlərinin kəskin ucuzlaşması ilə xarakterik olub.

Qlobal iqtisadiyyatda iqtisadi artım sürətinin zəifləməsi kapital axınlarında ciddi azalmaya, maliyyə bazarlarında qeyri-müəyyənliyin artmasına və qlobal ticarətdə kəskin geriləmələrə səbəb olub. Qlobal ticarətin zəifləməsi ilk olaraq xammal ixrac edən ölkələrin tədiyyə balansına mənfi təsir göstərib. Nəticədə 2015-ci ildə dünya ölkələri üzrə iqtisadi artım göstəricisi 2014-cü illə müqayisədə 0,3 faiz azalaraq 3,1 faiz təşkil edib. Artım inkişaf etmiş ölkələrdə 2014-cü ildən 0,1 faizi çox olmaqla 1,9 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 2014-cü ildən 0,6 faiz bəndi az olmaqla 4,0 faiz təşkil edib”.

Nazir qeyd edib ki, qlobal iqtisadi proseslər, regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməyib.

“Bu reallıqlar iqtisadiyyatın artım sürətinin aşağı düşməsinə, ölkənin valyuta daxilolmalarının kəskin azalmasına, tədiyyə balansının faktiki olaraq sıfırlaşmasına, dövlət və özəl sektorların gəlirlərinin və maliyyə-bank sektorunun dayanıqlılığının zəifləməsinə, bir sıra zəruri dövlət xərclərinin və sosial öhdəliklərin artmasına səbəb olub.

2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 41,6%-ni qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 7,6 faiz , 2013-cü illə müqayisədə 14,7 faiz çoxdur. 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 7 mlrd. 278,1 mln. manat və ya 107,8% icra edilməklə, proqnozla nəzərdə tutulduğundan 528,1 mln. manat, 2014-cü illə müqayisədə 1 021,6 mln. manat və ya 16,3% çox təşkil edib. 2015-ci ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,3% olub ki, bu da 2014-cü ilə nisbətən 1,9 faiz çoxdur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 118,3 mln manat vəsait daxil olub, 2014-cü illə müqayisədə isə 4,6 mln. manat (0,1 faiz) çox icra olunub. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 591,9 mln. manat olub ki, bu da 2014-cü illə müqayisədə 81,1 mln. manat (5,4 faiz) çoxdur”. S.Şərifov bildirib ki, 2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib.

“Bəzi lüzumsuz xərlcər, investisiya layihələri təxirə salınıb.

Bununla xərclərin qənaetinə nail olunub. Yığcamlaşdırma siyasətinin davam etdirilməsi fonunda 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 mln. manat təşkil edib. Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9763,1 mln. manatı və ya 54,9 faizi cari xərclərə (2014-cü illə müqayisədə 134,5 mln. manat və ya 1,4 faiz az), 7316,9 mln. manatı və ya 41,1 faizi əsaslı xərclərə (2014-cü illə müqayisədə 1115,6 mln. manat və ya 13,2 faiz az), 704,5 mln. manatı və ya ümumi xərclərin 4,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2014-cü illə müqayisədə 325,6 mln. manat və ya 1,9 dəfə çox) yönəldilib.

2015-ci ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 4556,1 mln. manat vəsait yönəldilib. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,6 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 1,0 faiz çoxdur.

Hesabat ilində cari xərclər hesabına təhsil xərclərinə 1605,1 mln. manat vəsait yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 51,3 mln. manat və ya 3,3 faiz çoxdur.

Dövlət büdcəsinin xərclərində təhsil xərclərinin xüsusi çəkisi 9,0 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 0,7 faiz çoxdur”.

Nazir bildirib ki, 2015-ci ildə Prezidentin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra tədbirlərin maliyyələşdirilməsinə 228,0 mln. manat vəsait istifadə olunub. 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 221,9 mln. manat vəsait ayrılıb.

S.Şərifov qeyd edib ki, 2015-ci ilin icmal büdcəsində 2598,7 mln. manat kəsir (defisit) yaranıb. İcmal büdcənin kəsirinin ÜDM-də xüsusi çəkisi 4,8 faiz olub ki, bu da proqnoza nisbətən 3,9 faiz azdır.

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 10319,8 mln. manat kəsir qeydə alınıb ki, bu da 2015-ci ildə istehsal olunmuş ÜDM-in 19,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 6,8 faiz bənd azdır.

Hesabalama Palatasının sədri Vüqar Gülməmmədov “2015-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı rəyi təqdim edib.

Palata sədri ötən il dünya bazarında enerji resurslarının qiymətinin aşağı düşməsinin tədiyyə balansında kəsirə səbəb olduğunu deyib.

O qeyd edib ki, əvvəlki illərlə müqayisədə orta illik inflyasiya səviyyəsinin artmasına gətirib çıxarıb:

“Qeyd edilən amillərə baxmayaraq düşünülmüş iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafının diqqətdə saxlanılması ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclər tam reallaşdırılıb”.

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR