Muxtar respublikada iməciliklər yolu ilə yeni meyvə bağlarının salınması ənənə halını alıb.
Son illər muxtar respublika ərazisində 4 min hektardan artıq meyvə bağı salınıb. Hər il bu bağlarda bol meyvə yetişdirilir. “Kənd təsərrüfatı ili”ndə digər aqrar tədbirlərlə yanaşı, bağçılığın inkişafına da diqqət artırılıb. Payız iməcilik mövsümündə də yeni meyvə bağlarının salınması nəzərdə tutulub.
Aktual.az Azərtaca istinadən xəbər verir ki, noyabrın 7-də Naxçıvan Muxtar Respublikasında ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iməciliyə çıxıb, yeni meyvə tingləri əkib, yaşıllıqlara qulluq göstəriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak edib, ərazidə yeni püstə bağı salınıb.
Püstə bağı üçün nəzərdə tutulan ərazi 80 hektardır. Uzun müddət əkilməyən bu torpaqlarda meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq qatı əkin üçün yararlı vəziyyətə gətirilib. Uzunoba Su Anbarından yeni su xəttinin çəkilməsi və Kəngərli rayonu ərazisində suvarma şəbəkəsinin qurulması bu ərazinin də dayanıqlı su təminatına imkan verir. İməcilik iştirakçıları 35 hektar sahədə 8 min ədəd püstə və 1000 ədəd müxtəlif meyvə tingləri əkərək suvarıblar. Gələcəkdə ərazinin digər hissəsində də püstə tingləri əkiləcək və damcılı suvarma şəbəkəsi qurulacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni salınan püstə bağında becərmə tədbirlərinin aqrotexniki qaydalar əsasında aparılması və əkin işinin davam etdirilməsi barədə tapşırıqlar verib.
Aktual.az