Natiq Əliyev: Azərbaycan yanvardan etibarən hasilatı dondurub

Natiq Əliyev: Azərbaycan yanvardan etibarən hasilatı dondurub

“Bazarda neftin qiymətləri hazırda müəyyən olunmuş dəhlizdən kənara çıxmayacaq”.

“ABŞ-ın yüksək rütbəli şəxsləri də dəfələrlə deyib ki, Rusiya, OPEK və qeyri-OPEK ölkələri hasilatı dondursa, bizim hasilatı artırmaq, dolayısı ilə qiymətlərin artmasının qarşısını almaq imkanımız var”.

Aktual.az-ın məlumatına görə, bunu “APA-Economics”ə energetika naziriNatiq Əliyev bildirib.

“Neftin qiyməti ilə bağlı spekulyasiyaların okeanın o biri tayından gəlməsi ilə bağlı səslənən fikirlərlə razısınızmı” sualına cavab olaraq nazir bildirib ki, ABŞ-ın hansı məqsədi güddüyünü demək çətindir.

“Bu yaxınlarda Əlcəzairdə OPEK-in növbəti iclası olacaq və geniş müzakirələr aparılacaq. Qəbul olunan istənilən qərar olduqca vacib olacaq. Baxmayaraq ki, bundan öncə hasilatın cari ilin yanvar ayı səviyyəsində doldurulması ilə bağlı razılıq əldə olunmuşdu. 

Bilirsiniz ki, bazarın əsas oyunçularından olan Səudiyyə Ərəbistanı ilə İranın ciddi fikir ayrılığı var. Maraqlı məqam odur ki, bazarın əsas oyunçuları yanvardan etibarən hasilatı durmadan artırdı. İndi məni bəzi suallar düşündürür:

Əlcəzairdəki iclasda nədən danışacağıq? Hasilatı hansı ayın səviyyəsində dondurulmasını təklif edəcəklər? Düzdür, iclasdan öncə yaranmış vəziyyətdən, səslənən bəyanatlardan görünür ki, hansısa konsensusa gəlmək olacaq. 

Onu da etiraf edirəm ki, bəzi ölkələrin maraqları üst-üstə düşməyə bilər. Məsələn, İran hasilatın səviyyəsini sanksiyadan öncəki səviyyəyə çatdırmaq istəyir. Hansısa ölkənin marağı deyəndə, bunu nəzərdə tuturdum. İran itirdiyi mövqeyi bərpa etmək niyyətindədir. Fikir verin, hətta OPEK-in daxilində maraqlar üst-üstə düşmür”, - deyə N.Əliyev qeyd edib.

“Rusiyalı həmkarınız Aleksandr Novakın “OPEK ölü təşkilata çevrilib” fikri ilə razısınızmı?" sualına nazir bu cür cavab verib:

“Yox, qətiyyən. Həmkarımın nəyi nəzərdə tutduğunu anlamıram. Ola bilər ki, o, OPEK-in qiymətlərə təsir edə bilmədiyi üçün bu fikri səsləndirib. 

Mənim şəxsi fikrim ondan ibarətdir ki, heç nəyə baxmayaraq, OPEK olduqca güclü təşkilatdır. Ola bilər ki, OPEK və ya onun ayrıca üzvləri hansısa siyasi təsir altındadır. OPEK istəsə, neftin qiymətini korrelyasiya edə bilər. Lakin onlara hansısa qərar qəbul olunmazdan öncə bir işarə verilir. 

Yaxın keçmişdə dəfələrlə bu cür hadisələr olub. Məsələn, qiymətlər düşməyə başlayanda hamı gözləyirdi ki, OPEK kvotanı endirərək qiymətlərə təsir edəcək. Ancaq OPEK keçirdiyi iclaslarda gözləntilərin əksinə olaraq kvotanı artırırdı. Halbuki, bu, OPEK-in üzvü olan bir çox ölkələrin özünə zərər verəcək. OPEK olduqca böyük imkanlara malikdir”.

N.Əliyev əlavə edib ki, bazarda baş verən proseslərə baxmayaraq, Azərbaycan yanvar ayından etibarən faktiki olaraq hasilatı dondurub.

Yaxın perspektivdə neftin qiyməti ilə bağlı proqnozlarını bölüşən nazir qeyd edib ki, qiymət hazırda müəyyən olunmuş dəhlizdən kənara çıxmayacaq: 

“Neftin qiymətinin formalaşmasında bir sıra amillər vacibdir. İlk növbədə söhbət siyasi amillərdə gedir. Lakin indiki şəraitdə bunların altında onlarla subamillər var və onlar barədə biz sizinlə saatlarla danışa bilərik. 

Neftin qiyməti ilə bağlı proqnoz vermək artıq ən əhəmiyyətsiz işə çevrilib. Fundamental əsaslar, iqtisadi qanunauyğunluq tamamilə pozulub. Yaxın perspektivdə hansı hadisə baş verə bilər ki, qiymət indiki dəhlizdən kənara çıxsın? Mən elə bir hadisəni görmürəm. Reallığı görmək lazımdır”.

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR