Çox şeylər var ki, baş qoşmamaq lazımdı.
Çox şeylər var ki, adam baş qoşmaq istəməsə də, başını qarışdırır - müstəqim və məcazi mənada.
Bu gün yağış başlayıb günortadan sonra, hələ də yağır və mən sadəcə sentimental bir vətəndaş olaraq, ruhi-mənəvi uydurmalar üstündə köşə də yaza bilərəm: artıq o kompleks yoxdu ki, qaçqın şəhərciyində vəziyyət gərgindi. Dərdlər köhnəlib artıq, problemlərin istifadə müddəti bitib, indi daha sentimentallığın dadını çıxarmağı adam özünə ar bilmir. Bütöv bir ömrü qumar masasındaymış kimi ortaya atmaq olmaz axı. Əgər xoşbəxtlik yoxdursa, onu uydurmaq lazımdı.
Məsələn, elə postmodern ruhda elə qəşəng uydurmaq olar ki, guya Yasamaldakı tələbə yataqxanalarından hellənirsən üzüaşağı, BDU-nun qənşərindən valaylana-valaylana keçirsən, metroya gedəndə sağ tərəfdən işdən yorğun-arğın çıxan Kəramət Böyükçölü görməzlikdən gəlirsən, işdən meyit olub qayıdan Şərif Agayarın da solda qalan yataqxananın dar bir küncündə leşini gözünün qabağına gətirirsən, ancaq tükün də tərpənmir. Hardansa müalicəyə pul tapmayan Kənan Hacı düşür yadına, bir də hepatitin qanına susadığı başqa şairlər. Amma bu fikirləri də qovursan başından, zatən şairin “üzüqarə ciyəri”nin şişməyi də təzə dərd deyil.
Özünü inandırırsan ki, bir az anarıda, çayxanada səni Hüqo ilə Markes gözləyir. Daha doğrusu, onlar nərd oynayır, Orxan Pamuk, Kafka, Folkner azarkeşlik edir, Oruellə Coys da bunlara ikrahla baxır. Gəlib qoşulacaqsan bunlara. Cığal Mark Tven aranı qatacaq, “Vitya zər tutur, Qabo 13 daşla oynayır”, halbuki daşları da özü çırpışdırıb. Şuxur düşəcək, ara qarışacq, Drayzer elçi düşəcək, Heminquey sülhpərvər bir yazı guppuldadacaq. Həmişəki kimi, küçənin o tərəfində Turgenevlə Tolstoy, Dostoyevski ilə Belinski, Lermontovla Martınov araqdan vura-vura, qumar oynaya-oynaya dünya veclərinə olmayacaq. Qoqolun üst-başını cırma, Mayakovskinin tapançaya əl atma, Dantesin kəmfürsətliyi məqamına imkan olacaq. Hələ ki, ürəyində, ağlında bunları tutub gedirsən.
Elmlər Akademiyasının bağında Tsiolkovski, Popov, Om, Nyuton domino çırpırlar. Qaçaraq onlarla da görüşmək şansı var.
Neruda Matildayla gəlməlidi, Nazim Hikmət onları qarşılamağından, yerləşdirməyindən danışacaq. Knut Hamsun Hitlerdən, Şoloxov Stalindən söz salacaq, Pasternak, Brodski, Con Steynbek təzə yazdıqlarını oxuyacaqlar.
Onsuz da danışmaqdan çox, oturmağı və oturmağı bacaran bu dəstə bir udum təmiz hava üçün topalaşıb dənizkənarı bulvara düşmək istəyəndə yarısı "sovetski"dən piyada düşəcək, yarısı qoca olduğundan şəhərə təzə gələn faytonlara minəcək. Qalanı da hamılıqla doluşacaq bir taksiyə... düz bulvara. Dünya veclərinə də olmayacaq ki, bunları tanıyan yoxdu, salam verənləri də həmçinin.
Bir az o başa, bir az bu başa... istəyərsən ki, rahat bir gün başa vurasan!
Ağlnda dünyanın ən gözəl yaradıcıları və əsərləri, təsəvvüründə Avropa dəyərləri, demokrat və sivil insanların yaşam tərzi, sabah və gələcəyə inam.
Bu dəm... rastına Salam Sarvan çıxacaq: qocqoca, yıpranmış, deprəmdə.
Yazıçılar Birliyindən, Slavyan Universitetindən işdən çıxıb. “Dünyadakı bütün yerlərindən durub” xanımlara oturmaq təklif edən şair indi də dünyadakı bütün işlərindən çıxıb. Amma bütün yerlərini kimə verib, naməlum, bircə o məlum ki, şairlərin təkcə qanına və canına susamırlar, yerinə də susayırlar.
Nəysə, Salam işdən çıxıb!
Aqşin xəstəxanadan çıxıb!
Kəramət Rəşad Məcidin “alkaş” diaqnozundan təzəcə çıxıb.
Seymur Baycan Azərbaycandan çıxıb.
Əvəz Zeynallı türmədən çıxıb.
Mirzə Sakit AXCP-dən, “Azadlıq”dan və qardaşlıqdan çıxıb.
Tofiq Həsənli evdən çıxıb... bir daha geri qayıtmayıb.
Eldar Mahmudov və çetesi dövlət qulluğundan çıxıb.
Aslan İsmayılov seçki marafonundan çıxıb.
Dərdlər də qocalanda adamın onlara aglamaqdan çox gülməyi gəlir.
Köhnə dərdlərin üstünə toz qonduğu, problemlərin qocaldığı, hamının hər yerdən çıxdığı vaxtda sən də başındakı bütün proqramlardan çıxmaq istəyirsən.
Fəqət... alınmır!
Aktual.az
Xəbər 608 dəfə oxunub.