“Mediada standartlar aşağı olanda…”

“Mediada standartlar aşağı olanda…”

Qüdrət Həsənquliyev: "…Çoxlu sayda şoumenlər, tamadalar, hazırlıqsız, qərəzli, aşağı insani keyfiyyətlərə malik insanlar ictimai-siyasi həyata doluşa bilir”

"Heç olmasa intellekt səviyyəsi yüksək olanlar məişət hadisələrinin müzakirəsinə çox aludə olmamalıdır”

 
Aktual.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

– Qüdrət bəy, son günlər sosial şəbəkələrdə, mediada ən çox müzakirə olunan məsələ sosial şəbəkələrdə yayılmış məktəbli qızların davranışıdır. Sizin bu məsələyə münasibətiniz necədir?
 
– Təəsssüf ki, bu kimi məsələlərə dünyanın ən inkişaf etmiş ölkələrində də rast gəlinir. Tam səmimiyyətlə deyirəm ki, istənilən hadisəyə aşırı reaksiya əks effekt verir. Bir müddət "qanuni oğrulardan” o qədər yazıldı, danışıldı ki, gənclərin bir qismi "oğru” olmaq istəyirdi. Hüquq-mühafizə orqanları, təhsilə cavabdeh şəxslər bu işlə daha çox məşğul olmalıdır, bu sahəni bilən-bilməyən hər kəs ekspert kimi danışır, məsləhət verir. Media ciddi məslələri müzakirəyə çıxarmadıqca bu kimi məsələlər dartışılacaq, gündəmi zəbt edəcək, çünki ekspertlərə də, jurnalistlərə də mövzu lazımdır. Saytlar hər gün ən azı 20 yeni məlumat verməlidirlər. Hardan o qədər ciddi informasiya tapsınlar? Tələbləri yerinə yetirməsələr isə dövlət dəstəyindən məhrum olacaqlar. Reklam bazarı da yoxdur. Yaxşı olar ki, tələblər ciddi mövuzularla bağlı qoyulsun. Media siyasi baxımdan yetkin, ali insani dəyərlərə, qanunlara sadiq xalq formalaşdırmağa kömək etməlidir. Mediada standartlar aşağı olanda çoxlu sayda şoumenlər, tamadalar, hazırlıqsız, qərəzli, aşağı insani keyfiyyətlərə malik insanlar ictimai-siyasi həyata doluşa bilir, yaxud doldurulur. Bu kimi mövzular isə onlar üçün göydəndüşmədir.
 
– Ciddi mövzular dedikdə nələri nəzərdə tutursunuz?
 
– Dövlət quruculuğu ilə bağlı məsələlər, yerli islahatlar, iqtisadiyyatın inkişafı problemləri, məhkəmə islahatları, bələdiyyələrin statusu və indiki statusla onlara ehtiyacın olub-olmaması, dövlətin idarə olunması xərcləri, sosial problemlər və onların həlli yolları, boşanmaların sayının artması, xarici siyasət, ölkənin təhlükəsizliyi, ittifaqlarda iştirak məsələsi, türk dövlətləri ilə inteqrasiya, qonşularla əməkdaşlıq məsələləri, elmin, təhsilin, səhiyyənin problemləri, kənd təsərrüfatının, sənayenin inkişaf perspektivləri, dövlət-din münasibətləri, mülki cəmiyyət quruculuğu, dövlət müəssiələrinin niyə özəlləşdirilməməsi, iqtisadiyyata hökumətin nəzarəti məsələsi və s. Biz daha çox hadisələri doğuran səbəblər haqqında danışmalıyıq. Özünü pis aparan qızlardan daha çox, repititorluğu niyə aradan qaldıra bilmirik və digər bu kimi barədə müzakirələr açmalıyıq. Mədəniyyətin inkişaf etdirilməsi barədə düşünməliyik. Müzakirə açmalıyıq ki, niyə sərhəd bölgələrində yaşayan vətəndaşlarımız müalicə və alış-veriş üçün qonşu ölkələrə üz tutur, yaxud mənəvi və ailə dəyərlərini zədələyən verilişlərin efirdən çıxarılmasına niyə nail ola bilmirik, onların yayımlanmasında xarici dairələrin maliyyə dəstəyi dayanırmı və s.
Əhalini yavaş-yavaş bu kimi ciddi məsələlərin müzakirəsinə qulaq asmağa və zamanla müzakirələrə qoşulmağa alışdırmaq lazımdır. Bu, dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. Yalnız siyasi baxımdan yetkin, peşə baxımından hazırlıqlı insanlar ölkənin təhlükəsizliyini təmin edə, onu inkişaf etdirə, müstəqilliyini dönməz edə bilər. Bizdə 100 illər ərzində dövlətçilik ənənələri formalaşmadığından dövlət institutları arzuladığımız səviyyədə inkişaf etməyib. Əhalinin sosial inkişaf indeksi yüksək olmadığından ölkəmizin təhlükəsizliyi, müstəqilliyi, sabitlik daha çox Prezidentin xarizması üzərində qurulub. Bu vəziyyət ölkənin gələcəyini düşünən hər kəsi narahat etməlidir. Heç olmasa intellekt səviyyəsi yüksək olanlar məişət hadisələrinin müzakirəsinə çox aludə olmamalıdır. Ciddi məsələlər müzakirə olunsa, bu kimi hadisələrin sayı da minimuma enəcək.


Xəbər 704 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR