London Dağlıq Qarabağın müstəqilliyini tanımır – FOTO

London Dağlıq Qarabağın müstəqilliyini tanımır   – FOTO

“Münaqişənin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdarıq”.

Fevralın 11-də Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modunhəmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak ediblər.

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda 473 Britaniya sərmayəli şirkəti fəaliyyət göstərir.

"Ölkəmizdə həyata keçirilən layihələrdə Böyük Britaniya şirkətləri podratçı kimi də iştirak edirlər. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 23 milyard ABŞ dollarından çox investisiya qoyulub", - deyə nazir bildirib.

Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini qeyd edən Ş.Mustafayev bankçılıq, İKT, su təchizatı, turizm, səhiyyə sahələrində də əlaqələrin davam etdiyini bildirib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Fransis Mod ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında önəmli olacağını vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Ş.Mustafayev və F.Mod imzalayıblar.

İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Sənəddə həmçinin, Böyük Britaniyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.

Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR