Ölməyən Lənkəranski, Putin və böyük müharibə... - MARAQLI

Ölməyən Lənkəranski, Putin və böyük müharibə...  - MARAQLI

Aktual.az publika.az-a istinadən Ömər Dağlının müəllif yazısını təqdim edir:

Çində təşkil edilən G20 sammitində keçirilən görüşlər və verilən bəyanatlar gündəmin əsas mövzusudur. Rusiya və ABŞ Suriya üzrə razılaşa bilməyib. Türkiyə isə Suriya liderini “qatil Əsəd” adlandırmaqla “Ankara Bəşər Əsədlə bağlı mövqeyini dəyişib” deyənlərə cavab vermiş oldu. Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı qarşıya qoyulan hədəfə çatmaqdadır.

Putin və Obama nədən danışdı?

Heç şübhəsiz ki, Çinin Xançjou şəhərində keçirilən G20 (“Böyük iyirmilik”) sammitində günün əsas hadisəsi Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında keçirilən görüş oldu.

Bir saat 10 dəqiqə davam edən görüşdə Suriya və Ukrayna məsələləri müzakirə edilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün yaxşı keçdiyini bildirib.

G20-də QALMAQAL: Obama Putinin əlini sıxmadı

Bir çox beynəlxalq tədbirlər kimi G20 sammiti də qalmaqalsız keçmədi. Çinin Xançjou şəhərində keçirilən G20 sammitindən əvvəl liderlərin şəkil çəkmə mərasiminə ABŞ prezidenti Barak Obamanın hərəkəti damğa vurub.

Rusiyalı müxbir Dmitri Smirnov Barak Obamanın Rusiya prezidenti Vladimir Putinin əlini sıxmadığını bildirib. Mərasimdə həmçinin Böyük Britaniyanın baş naziri Tereza Meylə Vladimir Putin bir-birinin əlini sıxmayıblar.

Putin fikrini dəyişdi: Sülh müqaviləsi olmayacaq

Rusiya Suriya münaqişənin nizamlanması haqqında ilkin razılıqlardan imtina edib. Bu haqda Almaniyanın “Deutsche Welle” (DW) nəşrinə ABŞ Dövlət Departamentindən bildirilib.

ABŞ Dövlət Departamentindən bildiriblər ki, saziş uyğunlaşdırmaya yaxın idi, amma Rusiya daha əvvəllər əldə olunan razılaşmalardan imtina edib.

Amerika administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən “Reuters” agentliyi bildirib ki, Çində G20 sammitində görüşən Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama xarici siyasət idarələrinin başçıları olan Sergey Lavrovla Con Kerriyə Suriya üzrə razılaşmanın üzərində işi davam etmək barədə tapşırıq veriblər.

Obama Putini güzəştə çağırdı: “Əks halda...”

ABŞ prezidenti isə Rusiyanı Suriya üzrə güzəştlərə çağırıb. Barak Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, güzəşt olmasa, irəliləyişə nail olmaq çox çətin olacaq.

Ərdoğan: “Putin və Obamaya təklifim budur ki...”

“Altı yüz min insanın öldüyü Suriyada qatil Əsədi müdafiə etmək insanlıq üçün utanc mənbəyidir. Problemin təməlinə enmədən qaçqın problemi də həll edilə bilməz”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində təşkil edilən G20 sammitində keçirdiyi mətbuat konfransında deyib. “Terrorçunun yaxşısı-pisi olmaz. Terror təşkilatları arasında ayrı-seçkilik edilərsə, bu bumeranq kimi həmin ölkələri də vurar. YPG, PYD, FETÖ və İŞİD-i bir-birindən ayrı tutanları rədd etməliyik. Biz terrorizmlə mübarizəni davam etdirməyə qərarlıyıq. Cerablus əməliyyatı bu mövzuda qərarlığımızın ifadəsidir”, - Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan bildirib ki, ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putinə Suriyanın şimalında İŞİD terror təşkilatından azad edilən ərazilərdə uçuşa qadağan təhlükəsiz bölgənin yaradılmasını təklif edir.

G20-yə “hədiyyə”: MÜHARİBƏ BAŞLAYIR

Pxenyan isə davakar xasiyyətini növbəti dəfə nümayiş etdirib. Koreya Xalq Demokratik Respublikasının atdığı ballistik raketlər Yaponiyanın Xokkaydo adasının dəniz ərazisinə düşüb.

Bu haqda hökumət mənbələrinə istinadən “Nippon Television Network” televiziya şirkəti bildirib.

Yaponiyanın Dövlət Təhlükəsizliyi İdarəsi Şimali Koreyanın bazar ertəsi yerli vaxtla saat 12.14-də Yapon dənizinə ballistik raketləri atdığını təsdiqləyib. Yaponiyanın dənizdəki bütün hərbi gəmiləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Yaponiya üç ballistin raketin işə salınması ilə əlaqədar Pxenyana etirazını bildirib. Etiraz Pekindəki diplomatik kanallar vasitəsilə çatdırılıb.

Pxenyanın bu addımı Çində keçirilən G20 (“Böyük iyirmilik”) sammitinə təsadüf edir.

Ərdoğan Moskvada Əsədlə görüşəcək? – Kremldən AÇIQLAMA

Kreml Türkiyə, Rusiya və Suriya prezidentlərinin mümkün görüşü haqqında informasiyanı təkzib edib.

Kremlin sözçüsü Dmitri Peskov Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Bəşər Əsəd arasında görüşün nəzərdə tutulmadığını bildirib.

Qeyd edək ki, daha əvvəl Livanın “As Safir” qəzeti Türkiyə prezidenti sentyabrın sonuna kimi Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşəcəyini iddia edib. Nəşrin məlumatına görə, Türkiyə və Suriya prezidentlərinin görüşü 18-22 sentyabr aralığında olacaq. “As Safir” yazır ki, Türkiyə prezidenti avqustun 9-da Sankt-Peterburqa səfəri zamanı Suriya nümayəndə heyəti Moskvada olub.

Nəşr həmçinin bildirib ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan görüşün detallarını müzakirə etmək üçün sentyabrın 10-da və ya 15-də Dəməşqə səfər edəcək.

Müharibə sabah başlayacaq...“ – Putin DİLEMMA QARŞISINDA

“Qaçqınların basqını və terrorizm eyş-işrəti Putinin erasına son qoya bilər”. Bu iddia ilə Rusiyanın “Exo Moskva” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina bildirib.

“Düşünürəm ki, İslam Kərimovun varisi böyük ehtimalla radikal musəlmanlara qarşı mübarizə aparmalı olacaq. Fikrimcə, ölkədə Suriya modeli üzrə vətəndaş müharibəsinin böyük təhlükəsi mövcuddur. Bu, o demək deyil ki, müharibə sabah başlayacaq. Amma bu, o deməkdir ki, müharibə 10-20 il ərzində baş verə bilər”, - jurnalist qeyd edib.

Onun sözlərinə görə, müharibə Mərkəzi Asiyanın başqa ölkələrində də baş verə bilər. Yuliya Latınina bunun Rusiya üçün acınacaqlı nəticələrinin ola biləcəyini qeyd edib: “Bu, həqiqətən faciə ola bilər. Müharibə ona gətirib çıxara bilər ki, bütün bu qaçqınlar Rusiyaya, keçmiş metropoliyaya qaçacaqlar. Bizdə Asiya miqrantlarının yolunda heç bir maneə yoxdur. Putin hökuməti bu vəziyyətə çox yaxşı baxır, çünki miqrantlar müxtəlif tikintilər üçün havayı qulların tükənməz mənbəyidir”.

Nüfuzlu jurnalist hesab edir ki, Qazaxıstanda başlanacaq müharibə Rusiya üçün ciddi problemlər yaradacaq: “Çünki orada böyük miqdarda ruslar yaşayır. Qazaxıstanı təsəvvür edin. Minlərlə rusu cihadın qara bayrağı altında kəsirlər. Və Putin və ya Rusiyanı idarə edən başqası xoşagəlməz dilemma qarşısında qalacaq. Real sual yaranır: qoşunları Qazaxıstana daxil etmək və ya heç nə etməyərək miqrantları qəbul etmək. Miqrantlar isə artıq qəbiristanlıqda dava etməyəcəklər (Son vaxtlar qəbiristanlıqlar Rusiyada miqrantlar arasında qarşıdurmaların baş verdiyi məkanlardan birinə çevrilib –red.), bütün ölkə üzrə terror aktları törədəcəklər”.

O, əlavə edib ki, bütün bunların qarşısını almaq üçün indiki Rusiya tamamilə gücsüzdür.

Rusiya Azərbaycan sərhədinə QOŞUN YERİTDİ

Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsi irimiqyaslı strateji komanda-qərargah təlimlərinə başlayıb.

Bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Qafqaz-2016” adlanan hərbi təlimlərdə 12,5 min hərbi qulluqçu, aviasiya, hərbi texnika və gəmiləri iştirak edirlər.

Təlimlər Cənub hərbi dairəsinin poliqonlarında, Qara və Xəzər dənizlərinin akvatoriyalarında keçiriləcək. Strateji komanda-qərargah Təlimlər sentyabrın 5-dən 10-dək davam edəcək. Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanmas və Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə ordunun döyüş hazırlığı yoxlanılacaq.

Rövşən Lənkəranskinin yaşadığını sübut edən - FOTOFAKT

Avqustun 18-də Türkiyədə güllələnərək öldürülən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin sağ olmasına dair yeni xəbərlər yayılıb.

Sosial şəbəkə istifadəçisi Aynur Zeynalova adlı istifadəçinin yaydığı məlumatda Lənkəranskinin xəstəxanadan yayılan fotosunun ona məxsus olmadığı deyilir. Məlumata görə, Lənkəranskinin olduğu deyilən foto əslində, 2008-ci ilin 9 fevral tarixində Qəzzada yaralanmış bir nəfərin fotosudur.

Qeyd edək ki, Rövşən Lənkəranskinin xəstəxanadan çəkilmiş fotosunun əsli İsrail Müdafiə Nazirliyinin 2008-ci ildə yaydığı xəbərdə yer alıb. Həmin fotodakı şəxs Həmasın Qəzza zolağında Kassam raketi atması ilə yaralanan Rami Tvitodur.

O, səkkiz yaşlı qardaşı Osher Tvito ilə həmin vaxt küçədə gəzirmiş və raket düşərkən yaralanıb. Rami Tvitonun 19 yaşında olduğu deyilir.

Bu fotodan aydın olur ki, R. Lənkəraniskiyə məxsus olduğu deyilən foto əslində, 2008-ci ildə çəkilib. Bu isə Lənkəranskinin yaşadığına dair ehtimalları artırır. (http://publika.az/p/149041).

Putin varisini açıqladı

Rusiyanın növbəti prezidenti gənc, eyni zamanda yetişkən olmalıdır.

Bunu Rusiya prezidenti Vladimir Putin “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putinin özü 2018-ci ildə seçkilərdə iştirak edib-etməyəcəyinə hələ qərar verməyib.

“Mən hələ bu barədə qərar verməmişəm. Qarşıdan parlament seçkiləri gəlir. Bu seçkiləri keçirmək və nəticəyə baxmaq lazımdır. Hətta bundan sonra bizim qarşımızda demək olar ki, iki il var. Qarşıya qoyulan planlar və məsələlərin reallaşdırılması üçün işləmək lazımdır. İnsanların yaşayış səviyyəsini artırmaq, iqtisadiyyatı inkişaf etdirmək, ölkənin müdafiə qabiliyyətini artırmaq lazımdır. Bu məsələlərin həllindən asılı olaraq 2018-ci ildə qərar verəcəyik. Buna görə də bu haqda danışmaq hələ tezdir”, - prezident əlavə edib.

Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzinin (VSİOM) bu ilin martında keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 74 faizi ən yaxın seçkilərdə Putini dəstəkləməyə hazırdır. Respondentlərinin 15 faizi onun namizədliyini dəstəkləmədiyini bildirib, 11 faizi isə bu suala cavab verməyib.

Bir neçə gün əvvəl “Daily Mirror” nəşri yazıb ki, Krımın baş prokuroru Natalya Poklonskaya “Vahid Rusiya” Partiyasının dəstəyi ilə Dövlət Dumasına seçkilərə öz namizədliyini irəli sürmək niyyətindədir. Nəşr qeyd edir ki, Krımın baş prokuroru 2018-ci ildə keçiriləcək prezident seçkilərində potensial namizəddir. 36 yaşlı Poklonskaya artıq “Forbes” jurnalı tərəfindən dərc edilmiş ən perspektivli siyasətçilərin siyahısına girib.

O, Ukrayna baş prokurorluğunda tutduğu vəzifədən istefa verdikdən sonra Krımın baş prokuroru vəzifəsinə təyin edilib. “Mənə Ukraynada yaşamaq və işləmək ayıbdır. Burada küçələrdə faşistlər gəzir və hakimiyyətə öz qaydalarını diktə edə bilirlər”, - o, bildirib.

Nəşrin yazdığına görə, Natalya Poklonskaya xarici görünüşü və gəncliyi sayəsində internetdə yüksək reytinq qazanıb. Ona mahnılar, şeirlər və animasiya filmləri həsr edilib.

Türkiyənin İŞİD-lə sərhədi qalmadı

Azad Suriya Ordusu Suriyanın şimalında Azez və Cerabls xəttini tam olaraq öz nəzarətinə keçirib. Bununla da Türkiyə ilə İŞİD-in heç bir sərhədi qalmayıb.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri koalisiya təyyarələrinin dəstəyi ilə Suriyada "Fərat Qalxanı" adı altında əməliyyatlara başlayıb.

Aktual.az

Xəbər 45159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR