Son günlər yağan intensiv yağışlar cənub rayonlarında ciddi fəsadlar yaradıb. Hazırda Lənkəranda fövqəladə hal müşahidə olunur.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Lənkəran şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, güclü yağışlar nəticəsində 300 ev su altında qalıb. Rayonun Boladı və Qumbaşı kəndlərində vəziyyət kritikdir.
“Hazırda bənd bərkitmə işləri aparılır. Qumbaşı kəndində çayın daşmasına cəmi 5 sm qalıb. Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. Əhali onlara köməklik edir. Su basan kəndlərdə uşaqlar başqa yerə köçürülsə də sakinlər bənd bərkitmə işlərinə köməklik edilər. Əgər çay daşsa, bir çox kəndlər su altında qalacaq”, - deyə İcra Hakimiyyətindən bildiriblər.
Lənkəran İH-dan verilən məlumata görə, təbii fəlakət nəticəsində bir çox fərdi təsərrüfatlar, evlər, su altında qalıb, dörd avtomobil körpüsü , 6 piyada körpüsü dağılıb.
Nəticədə kəndlər arasında əlaqə tamamilə kəsilib.