Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycana işgüzar səfər edəcək.
Bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, S.Lavrov Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Mayın 5-6-da isə o, İrəvana yollanacaq.
Sergey Lavrov Azərbaycana nə üçün səfər edəcək? Bu səfər Azərbaycana nə vəd edir?
Milli Məclisin və Rusiya Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü Elman Məmmədov "Turan"a bildirib ki, Azərbaycan-Rusiya münasibətləri geniş spektrlidir. «Cənab Lavrov da Xarici İşlər naziridir. Bu səfər yəqin ki, dövlətlərarası müəyyən diplomatik məsələlərlə bağlıdır. Məlumat var ki, S.Lavrov bura gəlməmişdən qabaq İrəvana gedəcəkdir. Sonra qayıdacaq Moskvaya, sonra isə Azərbaycana gələcək».
Deputatın fikrincə bu gediş-gəliş onu deməyə əsas verir ki, bu, birbaşa Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səfərdir. «Qarabağda bu gün mövcud olan vəziyyət, orada qalan silahlı birləşmələr və yaxud da orada hələ də fəaliyyətini davam elətdirən cinayətkar separatçı qurum və bu qurumun sülhməramlılarla əlaqələri, rəsmi olmasa da, qeyri-rəsmi qaydada Moskvanın bu qurumu bir növ müdafiə edib öz himayəsi altında saxlaması kimi məsələlər təbii ki, müzakirə olunacaq».
E.Məmmədov hesab edir ki, çox ciddi məsələlər müzakirə olunacaq. «Xüsusilə də Ermənistandakı vəziyyət, revanşist qüvvələr, onların hələ də düzgün yol seçməmələri, Rusiyanın siyasətində, hətta Rusiyanın Dumasında bəzi qruplaşmaların onları müdafiə etməsi müzakirə predmeti ola bilər».
Deputat qeyd edib ki, həmçinin Fransanın bu məsələdə mövqeyi, Amerika Birləşmiş Ştatları prezidentinin «soyqırım» deməsi məsələsi, eyni zamanda ABŞ-Rusiya arasında olan gərginliyinin artması xətt üzrə inkişaf etməsi və Azərbaycanın bu məsələyə münasibəti, Rusiyaya qarşı yeni sanksiyaların tədbiq olunması müzakirə oluna bilər.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Sergey Lavrovun səfər trayektoriyası çox maraqlıdır. «O, mayın 5-6-sı İrəvana gedib qayıdır Moskvaya, sonra isə Bakıya gəlir. Yəni, o birbaşa İrəvandan Bakıya gələ bilərdi və bu vaxt baxımından daha sərfəli olardı».
Politoloqun fikrincə, bu onu göstərir ki, müəyyən sürprizlər var. «Rusiya prosesi yenə də nəzarətdə saxlamaq istəyir. O görür ki, Azərbaycan onun siyasətindən narazıdır və bəzi məsələləri yəqin ki, Azərbaycanı sakitləşdirmək üçün nəzərdən keçirir».
Ekspert qeyd edib ki, digər tərəfdən Rusiya Türkiyə planlarından ehtiyat edir. «Çünki Lavrovdan bir neçə həftə sonra Türkiyə başçısı Rəcəb Təyyib Ərdoğan Azərbaycana gələcək və Ərdoğan anons verib ki, Azərbaycanla birgə addımlar üzərində iş gedir».
E.Şahinoğlu vurğulayıb ki, zaman göstərdi ki, Azərbaycan heç vaxt Lavrovun səfərlərindən fayda görməyib. «2016-cı ildə aprel savaşları zamanı Bakıya gəlib bizi inandırıb ki, döyüşlər dayandırılsa Ermənistan lazım olan addımları atacaq. Amma heç bir iş olmadı. Mən bu səfərdən bir fayda olacağını zənn etmirəm».
Xəbər 537 dəfə oxunub.