KLASTER YANAŞMASI NƏDİR?

KLASTER YANAŞMASI NƏDİR?

Azərbaycan iqtisadiyyatının modernləşməsi birmənalı olaraq Ümummili lider Heydər Əliyevin adına bağlıdır. Heydər Əliyev ilk dəfə hakimiyyətə gələndə Azərbaycanda istər sənaye, istərsə də kənd təsərrüfatı baxımından keçmiş sovet respublikalarının sıralamasında sonuncu yerlərdə qərar tuturdu. Lakin Heydər Əliyev kommunist rejiminin bütün maneələrinə baxmayaraq Azərbaycanın istər neft, istərsə də qeyri-neft sektorunda böyük dəyişikliklər etməyə nail oldu. Sovet sistemi dağıldıqdan, ölkəmiz müstəqillik qazandıqdan sonra Heydər Əliyev tərəfindən həyata keçirilən özəlləşdirmə siyasəti ilə sərbəst bazar iqtisadiyyatının təməlləri atıldı, bərqərar edilən siyasi sabitlik biznes sektorunun inkişafına təkan verdi və neft kontraktlarının imzalanması ilə ölkənin gəlirləri yüksəldi.


Hazırda  Azərbaycanın bir dövlət olaraq iqtisadi  hədəfləri neft erasına bağlı deyil. Prezident İlham Əliyevin dediyi kimi, neft erasının başa çatdığını düşünmək tez olsa da, biz bu faktoru kənara qoymalı, öz strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki ölkəmizdə nə neft var, nə qaz. Məsələ məhz bu şəkildə qoydulduqda prioritet sahələrdən biri kimi Azərbaycanda kənd təsərrüfatının önəmi daha qabarıq görsənir. Biz necə etməliyik ki bölgələrimizdə yaşayanlar şəhərə axın etməsin, öz dolanışığını məhz öz doğulduğu ərazidə yüksək səviyyədə təmin etsin, eyni zamanda bölgələrin infrostrukturu müasirləşərək yeni urbanizasiya prosesinə təkan versin? Əlbəttə, bu suallar yeni və cavabsız deyil. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən regionların sosial-iqtisadi inkişafı üçün xüsusi proqramlar təqdim edib və həmin layihələrin gerçəkləşməsi ilə Azərbaycanın bölgələri sistemli bir inkişaf yolu keçib. Həm Azərbaycanda kəndlərin və kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramlarında, həm də bu istiqamətdə gedən müzakirələrdə bir terminə rast gəlirik. Mütəxəssislər regionların və kənd təsərrüfatının inkişafı naminə klaster yanaşmasının önə çıxarılmasını vacib hesab edirlər.

"Cluster” ingilis sözüdür və onu, zənnimizcə, dilimizə "koma” kimi tərcümə etmək daha dəqiqdir. Dilimizdə "komalaşmaq” feli də var və məhz bu fel "klaster” terminindən iqtisadi sahədə istifadə zamanı nəzərdə tutulan anlamları tam ehtiva edir. İqtisadiyyatda komalanma, yəni klaster nəzəriyyəsinin müəllifi Harvard Universitetinin 1947-ci il doğumlu professoru Maykl Yucin Porterdir. Bununla belə, komalanma iqtisadiyyat üçün yeni anlayış deyil. Ən qədim zamanlardan bəri həm istehsal, həm də ticarət sahələrində bazar iştirakçılarının yaxın məsafədə yerləşməsi, öz təcrübələrini bölüşməsi və digər problemlərin həllində bir-birlərinə əl tutmaları müsbət təcrübə kimi mövcuddur. Bu cür təcrübələri də əsas götürən M.Porter klaster anlayışını belə şərh edir:

"Komalanma- eyni fəaliyyət sahəsində həm rəqabət, həm də əməkdaşlıq edən şirkətlərin, müəyyən bir sahədə ixtisaslaşmış istehsalçıların, xidmət göstərənlərin, uyğun sektordakı firmaların və qurumların coğrafi sıxlaşmasıdır”

Müəllif "Komalar və Yeni Rəqabət İqtisadiyyatı” ("Clusters and the New Economics of Competition”) adlı əsərində isə yazır: "Coğrafi, mədəni və struktural yaxınlıq şirkətlərə müraciətləri artırır, daha yaxın münasibətlər, daha yaxşı bilgi, güclü təşviq və digər üstünlüklər yaradır. Dünya iqtisadiyyatı daha qarışıq vəziyyətə, bilgi bünövrəli və dinamik hala gəldikcə, bu üstünlük daha çox nəzərə çarpır. Rəqabətin üstünlüyünü uzaqdakı rəqiblərin kopyalaya bilməyəcəyi bilginin tədarükü, münasibətlər və motivasiya kimi yürli amillərə dayanır”.

Komalar bu və ya digər sektorun müəyyən bir bölgədə, çeşidli faktorlara bağlı olaraq sıxlaşması ilə ortaya çıxan təbii mezanizmdir. Dünyada komalaşmanın ən tanınan nümunələri 7 mindən çox texnoloji şirkətə ev sahibliyi edən Silikon Vadisi və dünya film sənayesinin paytaxtı sayılan Hollivuddur. Əgər diqqətlə baxsaq paytaxt Bakımızda da komalaşmanın müəyyən nümunələrini görə bilərik. Şəhərimizin bəlli bir prospektində avtomobil, digər bir küçəsində mebel, tamam başqa bir ərazisində isə tikinti və təmir materiallarının satıcıları təbii şəkildə bir yerə toplanıb. Qısaca desək, biznes komaları bir-biri ilə əlaqəli müəssisələrin və qurumların müəyyən bir coğrafi ərazidə sıxlaşması ilə formalaşdığından klaster üçün təməl prinsip "rəqabət apara-apara əməkdaşlıq” edə bilməkdir. Komalanmanın üç əsas xüsusiyyəti isə

  1. Yaxınlıq
  2. Şəbəkələşmə
  3. İxtisaslaşmadır.

Yaxınlıq- müəssisələrin ixtisaslı kadrlarla təminatına və digər zəruri məlumatlara daha operativ şəkildə çıxmasına; Şəbəkələşmə- yerli tədarükçülər, müştərilər, rəqiblər, elmi institutlar və araşdırma mərkəzləri arasında bağların möhkəmlənməsinə, ixtisaslaşma isə bir istehsal sahəsi daxilində funksionallaşmanın aparılmasına zəmindir.

Hazırda bu təcrübəni kəndlərə və kənd təsərrüfatına yönəltmək Azərbaycanın qarşısında dayanan əsas işlərdəndir.

(Ardı var)


Aydəm İsmayılov,

Fəlsəfə üzrə fəlsəfə elmləri doktoru 

Xəbər 836 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR