“Janqlyor Araik və ya Moskva səfərinə sözardı” – Elşən Musayev yazır...

“Janqlyor Araik və ya Moskva səfərinə sözardı” – Elşən Musayev yazır...

Bəlkə də qəribə səslənəcək, amma uşaq ikən canlı-canlı hər sirk tamaşası seyr etdiyimdə mənim diqqətimi dəyirmi, qırmızı arenada baş verənlərdən daha çox ən yuxarı başda qərarlaşan orkestr cəlb edib. Əsas da drijor. Göstərilən nömrələrə gözucu baxırdım. Əsas fikrim isə həmişə üstdə olurdu və niyəsə mənə elə gəlirdi ki, orkestr aktyorların deyil, məhz aktyorlar orkestrin ahənginə, ritminə uyğunlaşır. Düşünürdüm, sehrli çubuq gözbağlayıcının deyil, məhz drijorun əlindədir. Üstəlik, içimə o fikri də aşılamışdım ki, nəinki həmin drijor, hətta kontrabasda ifa edən ikinci dərəcəli musiqiçi belə yuxarıdan ani bir qaş-göz eləsə bütün sistem pozular, tamaşa yarımçıq qalar, nəsə düz getməz.

Və... illər ötdü, zaman keçdi, bir gün beynəlxalq siyasətdə seyr elədiyim bəzi tamaşaların elə məhz uşaq təxəyyülümdə canlandırdıqlarımın eynisi olduğunun fərqinə vardım. Sadəcə obraz fərqi ilə .Bəzi oyunbazların nümunəsində. Əlində 10 qarpız tutan, 20 top gəzdirən siyasətçi qiyafəli JANQLYORların timsalında. 

Araik Arutunyan da həmin janqlyorlardandır. İdarə olunan tipik sirk artistidir. Əlinə 3 top verəndə üçü ilə oynayır, 5 top verəndə beşi ilə. 

Janqlyor Araik hazırda Moskvadadır. Qastrola gedib. Və deyilənə görə bu dəfə özü ilə top da aparmayıb. Yəqin, topu orda verəcəklər. 

Araik bir az fərqli janqlyordur. O bir tək topu tutmaq, o topla oynamaq işinə deyil, əmr gəldiyində həmin topu raket formasında harasa atmaq, heç bir günahı olmayan mülki əhalinin üzərinə yönəltmək, daha sonra isə bunu əxlaqsız, ləyaqətsiz formada, terrorist jarqonu ilə etiraf etmək məsələlərinə də təhkimdir.

Araik sadəcə janqlyorluq fəaliyyəti ilə kifayətlənmir, lazım olan məqamda dəmir həlqədən ard-arda 5 dəfə atlanan tülküyə də çevrilməyi bacarır. Hətta bir nümunə göstərim. 2-ci Qarabağ müharibəsində onun Putinə feysbuk üzərindən yazdığı müraciət, yalvarış postu güman ki, çoxlarının xatirindədir. Həmin mətnin oxunma eskizi isə təxminən belə idi: "Bütün ömrüm boyunca qulun, nökərin olmağa hazıram, yetər ki, məni bu bəladan qurtar”

Araiki – güman ki, bundan sonra daha yaxşı artistlik eləsin deyə təkmilləşdirmə kurslarına çağırıblar. Moskvaya. Kim çağırıb, nə məqsədlə çağırıb, orası da bəlli. Hər halda Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən, qatı müharibə cinayətkarı olan bu məxluqat sərhəddən keçərkən yenə "İsgəndər-M” raketi kimi QEYDƏ ALINMAYIBSA, tutulub Azərbaycan tərəfinə təhvil verilməyibsə, demək burada nəsə bir "hikmət” var.

Araik Rusiyaya hansı pasportla gedib, ümumiyyətlə pasportlamı gedib? – bu da ayrı bir müzakirənin mövzusudur. Hə, bildiyim qədərilə Rusiyada teatrlar, tamaşa salonları, sirk arenaları öz fəaliyyətinə davam edir. Hətta lap bədəbəddə deyərlər ki, heç artist kimi yox, kababçı kimi çağırmışıq. Yəni, sualın əsas məğzi söylədiyim məqam deyil. Burada əsas mübhəm şəxsiyyəti olmayan əşyanın qeydiyyat və hərəki vəziyyətilə bağlıdır. Qısası, "Bu şəxsiyyətsizə şəxsiyyət vəsiqəsini kim verib?”, "Mal-əmtəə formasında keçibsə, karqo kağızı hardadır?, "Canlı formada hərəkət edibsə Rusiyanın "İnterpol”u, əşya formasında ötürülübsə "Kontrabanda” idarəsi hara baxıb?” – tipli suallar gündəmi zəbt etməkdədir.

***

Nəhayətində isə:

Araik Arutunyanı adam yerinə qoymaq, onu adam oturan masada oturtmaq hazırda nəinki regiona, ümumiyyətlə bəşəriyyətə verilə biləcək ən qorxulu "töhfə”dir. Çünki bu terroristin yeri həbsdir, qazamatdır, günahlarının bədəlini ödəməli olduğu məkandır.

Moskvadakı 5 ulduzlu otel deyil...

 

Elşən Musayev, Milli Məclisin deputatı.


Xəbər 710 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR