İxracla məşğul olan sahibkarlara ŞAD XƏBƏR

İxracla məşğul olan sahibkarlara   ŞAD XƏBƏR

Martın 1-dən başlayaraq Azərbaycandan başqa ölkələrə ixrac edilən qeyri-neft məhsullarına görə təşviq vəsaiti ödənilməsinə qərar verilib.

Aktual.az anspress-ə istinadən bildirir ki, bu barədə prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanda qeyd edilir.

Fərmana görə, təşviq vəsaiti dövlət büdcəsi vəsaitlərinin hesabına ödəniləcək. Vəsaitin məbləği Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olacaq. Həmçinin, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edəcək.

"Bəzi məhsullar üzrə təşviq vəsaiti 20 faizə qədər qalxa biləcək".

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov anspress-ə müsahibəsində müxtəlif mallar üzrə təşviq faizinin daha yüksək olacağını bildirib: "Bu, ixrac olunacaq qeyri-neft mallarının növündən, xaricdə ona olan tələbatdan asılı olacaq. Təbii ki, bəzi məhsullar üzrə təşviq vəsaiti 20 faizə qədər qalxa biləcək".

Vahid Əhmədovun sözlərinə görə, ixracatda qeyri-neft məhsullarının payının artırılması üçün digər addımalar da planlaşdırılır: "Məqsəd ölkənin postneft dövrünə hazırlamaq və ölkəyə valyuta gətirən qeyri-neft istehsalın təşkil edilməsdir".

Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi statistik məlumatlardan belə görünür ki, ölkənin ixracatından qeyri-neft sektorunun payı həddindən aşağıdır. DGK-nin məlumatına görə, 2015-ci ildə Azərbaycandan kənara ixracatın 85,95%-ni neft və qaz məhsulları təşkil edib. İl ərzində ölkədən xaricə 11 milyard 424 milyon dollarlıq məhsul ixrac edilib ki, bunun 8 milyard 866 milyon dolları neftin, 752 milyon dolları neft məhsullarının, 201 milyon dolları isə qaz məhsullarının payına düşüb. Yəni qeyri-neft sektorunun payı cəmi 14,05% (1 milyard 605 miylon dollar) təşkil edib.

Qeyri-neft ixracatına tətbiq edilən təşviq mükafatı bu göstəricini artıra bilər. Əslində, dünyanın əksər ölkələrində ixraca təşviq vergisi tətbiq edilir. Əksər ölkələrdə bu, 15-20 faiz arasında dəyişir. Bəzi ölkələrdə hətta ölkənin mağazalarından alınmış mallara da təşviq vəsaiti ödənir. Məsələn, Böyük Britaniyada ölkənin mağazalarından mal almış bütün xarici vətəndaşlara da təşviq mükafatı ödənir. Bu, dünyanın əksər ölkələrindən on milyonlarla turistin Britaniyaya axmasına imkan yaradır.

"Biz əgər ixracatı stimullaşdırmaqla yanaşı, daxili məhsul istehsalını artırmağa nail olmasaq, bu, təhlükəli nəticələr doğura bilər".

Azərbaycanın da bu addımı atması da anlaşılandır. Lakin İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə mütəxəssisi Vahid Məhərrəmov müsahibəsində ölkədə ixracatın təşviq edilməsi ilə yanaşı, ölkədə məhsul istehsalının artırılması istiqamətində də işlərin görülməsini vacib sayır: "Sirr deyil ki, qeyri-neft ixracatında ərzaq məhsullarının payı yüksəkdir. Biz əgər ixracatı stimullaşdırmaqla yanaşı, daxili məhsul istehsalını artırmağa nail olmasaq, bu, təhlükəli nəticələr doğura bilər. Öncə əmtəəlik məhsul istehsalının stimullaşdırmasına nail olmalıyıq. Daxili istehsalın artırılması üçün məhsuldarlığın yüksəldilməsinə böyük ehtiyac var. Bunun üçün lazımi addımlar atılmalıdır".

Vahid Məhərrəmovun dediklərini Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistika da təsdiq edir. Statistikaya görə, 2015-ci ildə Azərbaycandan ixrac edilmiş 1 milyard 605 miylon dollarlıq qeyri-neft məhsulunun 722 milyon dollarını yeyinti məhsulları təşkil edir. Bu məhsullardan yalnız meyvə-tərəvəz (312 milyon dollar) və spirtli içkilər (26 milyon dollar) Azərbaycanda istehsal edilir. Çay (19 milyon dollar), yağ (153 milyon dollar) və şəkər (212 milyon dollar) ixracatı isə xaricdən gətirilərək Azərbaycanda qablaşdırılmış məhsulların hesabına gerçəkləşdirilir.

Bu məhsulların hətta qablaşdırıldığı şüşə və karton məmulatlar belə ölkəyə xaricdən gətirilir. Təbii ki, bu cür məhsulların ixracına şamil olunacaq təşviq vəsaitlərinin Azərbaycanın qeyri-neft sektoruna heç bir dəxli olmayacaq. Hökumət fərmanın tətbiqi zamanı bu kimi nüansları nəzərə almalıdır.

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR