Qüdrət Həsənquliyev: "Araik Arutunyan çox böyük ehtimalla başqalarının hərbi cinayətini öz üzərinə götürüb və həmin adamlar da indi onun Moskvaya səfərini təşkil edirlər”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi
- Qüdrət bəy, ermənilərin 44 günlük savaş zamanı Gəncəyə ballistik raketlə zərbə endirməsi nəticəsindəonlarla günahsız insan həyatını itirdi və yaralandı. Hadisədən dərhal sonra Araik Aratunyan bəyan etdi ki, bu barədə əmri o verib. Hərbi cani kimi Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş birisinin Moskvaya dəvət olunması hansı zərurətdən qaynaqlana bilər?
- İnanmıram ki, onun sərəncamında ballistik raket olub. Çox böyük ehtimalla o başqalarının hərbi cinayətini öz üzərinə götürüb və həmin adamlar da indi onun Moskvaya səfərini təşkil edirlər. Təşkilatçılar, çox böyük ehtimalla, müharibə zamanı Rusiyanı müharibəyə qatmaq istəyən bəlli dairədi. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Moskvanı barış istəyən qüvvə kimi göstərmək üçün bir yandan tərəfləri sərt ritorikadan çəkinməyə çağırır, o biri tərəfdən Araik Moskvaya çağrılır. Bundan sonra kim onların səmimiyyətinə inanar? Rusiyada ümumdünya ermənilərinin təsiri altında olan və ölkənin siyasətinin müəyyənləşəsində iştirak edən müəyyən dairələr Rusiyanın beynəlxalq imicini daha da korlamaq və onun Azərbaycanla münasibətlərini gərginləşdirmək üçün əllərindən gələni edirlər. Bu, dünyadan Rusiyanın təcrid olunması siyasətinin davamına oxşayır. Çünki çox gözəl başa düşürlər ki, Azərbaycanla münasibətlərin gərginləşməsi Türkiyə ilə də münasibətlərə ciddi şəkildə mənfi təsir göstərəcək. Bununla həm də keçmiş sovet respublikalarının inteqrasiya siyasətinə zərbə vururlar. Sübut etməyə çalışırlar ki, kimsə özünü aldatmasın, siz bizə dost kimi baxa bilərsiniz, amma biz ruslar sizi və Sovet İttifaqında yaşamış digər xalqları öz təbələrimiz hesab edirik və sizlərlə istədiyimiz kimi davrana bilərik. Onlar bütün imkanları ilə Rusiya sülhməramlılarını işğalçı ordu kimi təqdim etməyə, Azərbaycanı bununla aşağılamağa və barışdırmağa çalışırlar.
- Azərbaycan bu vəziyyətlə barışa bilərmi?
- Bəzi məsələlərə aydınlıq gələnə qədər təmkin nümayiş etdirə bilərik, amma həmişəlik, bu heç vaxt baş verməyəcək. Rusiya Qarabağda özünü işğalçı dövlət kimi aparacaqsa, itirən daha çox Rusiya olacaq. Kiçik bir əraziyə görə Rusiyanın Azərbaycanı itirəcəyinə inanmaq istəmirəm. Zamanında erməniləri inandıra bilmədik ki, onların destruktiv mövqeyi yeni müharibəyə səbəb ola bilər. Onlar bizim dediklərimizi daxili auditoriyaya hesablanmış çıxışlar hesab edirdilər və ciddiyə almırdılar. İndi də Rusiyadakı bəlli dairələr eyni səhvi buraxır və bizim etirazları ciddi qəbul etmirlər. Biz onları inandırmalıyıq ki, yaxşı münasibətlər üçün Azərbaycanın suverenliyinə hörmət edilməlidir. Putinin ətrafındakı sağlam düşüncəli və Rusiyanın maraqlarından çıxış edən insanlarla daha intensiv işləməklə yanaşı, münasibətlərin korlanmaması üçün Rusiya Prezidentinə müraciət edilməlidir. Belə görünür ki, hazırda mövcud olan xoşagəlməz vəziyyəti yalnız o aradan qaldıra bilər.
- Belə bir vəziyyətdə Azərbaycan Avrasiya İttifaqının zirvə toplantısına qatıla bilərmi və bu nə dərəcədə bizim xeyrimizə olar?
- Mənim mövqeyim həmişə ondan ibarət olub ki, əgər Rusiya bizə Qarabağ üzərində suverenliyimizin bərpa olunmasına mane olmasa biz Rusiyanın liderliyi ilə yaradılmış bütün regional təşkilatlara üzv ola bilərik. O cümlədən Avrasiya İttifaqına. İndi də həmin mövqeyimdə qalıram. Belə bir dəvət varsa orda iştirak etməli, Rusiya ilə həm təklikdə, həm digərlərinin iştirakı ilə açıq söhbət edilməlidir.
- Qüdrət bəy, Qarabağda baş verənlər Sizdə Rusiyanın ora buraxılmasının yalnış olması qənaəti yaratmır ki?
- Qətiyyən. Əminəm ki, əks halda Rusiya işğal altındakı torpaqlarımızdan 1 kv. sm. də azad etməyə imkan verməyəcəkdi. 44 günlük savaşdan sonra Paşinyan bəyan etdi ki, onların səhvi bir qarış da olsa işğal altındakı torpağı Azərbaycana qaytarmamaq siyasəti olub. Problemin sülh yolu ilə həlli üçün Ermənistana heç kim təzyiq etmək istəmirdi. Lukaşenkonun açıqlaması və ermənilərin açıqladığı səs yazısı da təsdiq edir ki, müharibədən yayınmaq üçün Prezident İlham Əliyev Ermənistana hətta milyardlarla dollar pul təklif edib, amma bunun da xeyri olmayıb. Kiçik istisna ilə hamı, o cümlədən Minsk qrupu gözləyirdi ki, Azərbaycan bir gün məcbur olub Qarabağın müstəqilliyini tanıyacaq. Ona görə də işğal altındakı torpaqların 80 %-ni azad etmək üçün 20 %-nə rus qoşunlarının gəlməsinə icazə vermək yeganə çıxış yolu idi. Həm də Qarabağda erməni sakinlərin qalıb yaşaması üçün sülhməramlılara ehtiyac var idi.aşqa variantda, hətta nəzəri baxımdan olsa belə,Qərb bizə etnik təmizləmə siyasəti apardığımız üçün ciddi sanksiyalar tətbiq edəcək, Ermənistana hərbi yardım göstərəcəkdi. Bu zaman Qarabağın müstəqilliyini də tanıya bilərdilər. İlham Əliyev ən düzgün qərarı qəbul edib.
Xəbər 707 dəfə oxunub.