İngilis hakimə yaraşmayan hərəkət idi - Qurbanov

İngilis hakimə yaraşmayan hərəkət idi - Qurbanov

İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu.
Aktual.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın "Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun səfər görüşünün 62-ci dəqiqəsində Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərdiyi epizodu dəyərləndirib. O, referinin qərarı ilə razılaşmayıb:
"İngiltərə Premyer Liqasında həmin epizodda, bəlkə də, heç cərimə zərbəsi təyin etmirlər. VAR dəvət etdi, ancaq yenə də söz sahibi baş hakim idi. Futbol mübarizə oyunudur. Belə matçlarda bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm”.
52 yaşlı çalışdırıcı mərhələ adlamaq şansını son anda əldən verdiklərini etiraf edib:
"Hər iki oyunda şansımız çox oldu. Həm Bakıdakı, həm də Leverkuzendəki görüşün son saniyələrində qapımızdan qol buraxdıq. Məğlub olsaq da, qazandığımız şeylər çox oldu. Komanda olaraq bu mövsüm azarkeşlərimizə yaxşı oyun göstərdik. Buna görə futbolçularıma təşəkkür edirəm. Daha bir mərhələ irəliləmək istərdik. Ancaq qarşımızdakı rəqibin çox ciddi olduğunu da nəzərə almaq lazımdır. Həmçinin azlıqda qalmağımız da nəticəyə təsir etdi”.
Baş məşqçi qırmızı vərəqə alan Elvin Cəfərquliyevə buna görə irad bildirmədiyini söyləyib:
"Oyundan sonra kiminləsə danışmağım, etiraz bildirməyim düzgün olmazdı. Hamının emosiyaları fərqli idi. Biri əsəbləşmişdi, biri üzülmüşdü. Belə vəziyyətdə irad bildirmək düzgün olmaz. Yenə də diqqətli olmalı, daha tez oynamağı bacarmalıdırlar. "Bayer 04” bu mövsüm Almaniya Bundesliqasının da bir çox oyununda son dəqiqə qolu ilə qalib gəlib. Bu, komandanın dözümlülüyündən, düzgün formalaşmasından irəli gəlir. Həm ustalıq, həm fiziki güc, həm də ilboyu bu tempdə oynamaq belə vəziyyətə gətirib çıxarır”.
Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR