Mənim Cavanşir Feyziyevə bir sualım var. Müasir dövrdə, hətta Avropanın çox inkişaf etmiş ölkələri belə bahalı idman tədbirlərinin keçirilməsindən, yaxud digər bu xarakterli tədbirlərdən məhz maliyyə vəsaitlərinin çox xərclənməsinə görə imtina edirlər.
Aktual.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun Onüçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bununla bağlı ilk tədbir Keniyada keçirilib:
"Keniya kasıb bir ölkədir, axırıncı dəfə Qahirədə keçirilib, indi də 2026-cı ildə Bakıda keçirilməsi planlaşdırılır. Mən istəyərdim millət vəkillərinə məlumat verilsin ki, nə qədər qonaq gözlənilir və Azərbaycan dövləti bu tədbirin keçirilməsi üçün nə qədər vəsait xərcləyəcək? Açıq etiraf edək ki, Qarabağın bərpası üçün bizə böyük vəsaitlər lazımdır. Dünya birliyi bu istiqamətdə bizə kömək etmir. Azərbaycanın bu dəqiqə hər qəpiyə, hər manata ehtiyacı var. Cənab Prezident də çıxışlarının birində söyləmişdi ki, vəsaitlərdən maksimum dərəcədə qənaətlə istifadə etməliyik. Bunun Azərbaycana faydası nədən ibarət olacaq? Biz onsuz da COP29-u noyabr ayında keçirəcəyik. Çox nüfuzlu bir tədbirdir və bu da ekologiya ilə bağlıdır. Bundan sonra 2026-cı ildə təqribən oxşar tədbirin keçirilməsinə nə ehtiyac var? İstəyərdim əgər Cavanşir müəllimdə məlumatlar varsa, bu barədə danışsın”.
Xəbər 956 dəfə oxunub.