Siyasətdə ən ağır iş qeyri-adekvat, rabitəsiz, sistemsiz rəqiblə (düşmənlə) mübarizə aparmaqdır. Çünki belələrinin strategiyası, məramı, yekdil fikri olmur. Onlar ancaq zaman manevrinə köklənirlər, "taran” fəlsəfəsinə uyurlar, "urra” prinsipi ilə hərəkət edirlər. Naharda düşündükləri artıq şam yeməyində keçərli olmur. Gecə danışdıqlarını səhər unudurlar.
Eynən Nikol Paşinyan kimi!
Gerçəkdən də...əgər bu adam Xocalı soyqırımının ildönümünə 1 gün qalmış belə hansısa təhlükəsizlikdən dəm vurursa, Xocalıdan çıxmaq istəyən və mühasirə vəziyyətində amansızca öldürülən insanlarla Xankəndini rahat-rahat tərk edən əhalinin fərqini görə bilmirsə, 3 il əvvəl şəxsən boynuna götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda 1991-ci ildə imzalanan Almatı Bəyannaməsinin bəndlərinin pozulmasından narahatlıq ifadə edirsə...demək ki, artıq sözün də, hüququn da, haqqın da bitdiyi yerdəyik!
***
İndi də bashabasla Zelenskini gözləyir. Mart ayında görüşdür. İkitərəfli.
Olsun. Görüşsünlər. Öz daxili işləri, şəxsi məsələləridir. Hətta düşünürəm ki, 1 ay sonra Zelenski ona Qərbin, Avropanın "töhfə”ləri, kiməsə güvənməyin "fayda”ları, xalqı, dövləti "ağ günə” çıxarmağın rahat yolları haqda daha geniş informasiya verə biləcək.
Və mövzu Zelenskiyə gəlmişkən bir haşiyə çıxım: Dostumuz dünən Kiyevdən qayıdıb. Deyir, "Axşam səkkizdən səhər altıya qədər minimum 3-4 SOS xəbərdarlığı olurdu. Dərhal hamımızı hotelin zirzəmisinə düşürdürdülər. Fəqət, sonradan öyrəşdik. Qorxuya, faciəyə, bomba səslərinə, yanğın görüntülərinə öyrəşdik. Kiyevin səssiz, boş, insan üzünə həsrət qalan küçələri ölüm qoxusuna, ölmək rahatlığına necə öyrəşibsə, biz də eləcə öyrəşdik...”
NATO-nun Baş Katibi Stoltenberq isə dünən bəyanatla çıxış edərək bildirib ki, Ukrayna indi bizə daha yaxındır.
Yəni, söhbət hələ təşkilata daxil olmağın ayından, günündən, saatından getmir ha. Sadəcə yaxınlıq. Vəssalam!
Müharibə isə elə məhz NATO ucbatından başlayıb. Və dünən iki ili tamam oldu.
***
Qayıdaq Ermənistana.
Bir məqam yəqin sizlərin də diqqətini çəkib: Paşinyan Rusiyanın əleyhinə nə qədər ittihamedici bəyanatlar versə də, ağır ifadələr işlətsə də, qarşı tərəfdən heç bir adekvat reaksiya yoxdur. Hətta ən xırda qıcıq belə hiss edilmir.
Bilirsinizmi niyə? Çünki ciddiyə almırlar. Gülüb keçirlər. Üstəlik, başa düşürlər və anlayırlar ki, Paşinyandır da. Çıxdığı dünya turnesi bitən kimi öz yuvasına, öz çuxuruna qayıdacaq. Yenə eyni qanadın altına girəcək. Üzr istəyib, əl uzadıb kirimişcə oturacaq. Ya da oturdulacaq.
Hələ bəzi "ağıllı”lar və politoloq qiyafəlilər arada buyururlar ki, Rusiyanın susqunluq səbəbi Paşinyanın onları Avropa ilə qorxutmasıdır. Heyhat! Rusiya və qorxmaq?! Nəsə qulağa yad səsdir. Qorxsaydı Ukrayna ilə qorxudardılar da...
Ayrıca. Mən niyəsə indiki Paşinyan hakimiyyəti ilə Azərbaycanın 1992-93-cü il hakimiyyəti arasında oxşarlıq görürəm. Və ya, Paşinyan hazırda Rusiya ilə necə davranırsa, "bizimkilər” də o zaman təxminən eyni şeyləri edirdi. Məsələn, Yeltsinə telefonda ünvanlanan icmarıcı nümunə kimi göstərə bilərəm: "Hərbi əməkdaşlıq istəyirsənsə, o zaman sənin də Monqolustanla sərhəddində bizim adamlar dayansın”.
"Bizim adamlar e...” Hansı adamlar?
Büdcəsində bir qara qəpik olmayan, qızıl fondundakı rezervlər son külçəsinə qədər dağıdılan, ordusu riyaziyyatçı Rəhim Qazıyevə, diplomatiyası fizik Tofiq Qasımova əmənət edilən ölkənin rəhbəri görəsən nə deyib belə danışırdı? Niyə belə danışırdı? Hansı gücə və kəramətə güvənərək belə danışırdı?
Əlbət, müstəqilliyimiz prioritetdir. Prioritet idi. Prioritet olmalı idi. Elə rus qoşunlarının ölkədən çıxması, çıxardılması da...Amma və lakin! Elə danışıqlar, elə diplomatik yanlışlıqlar var ki, sən onunla qaş düzəltmək istədiyin yerdə vurub göz çıxarırsan. Müstəqilliyi qorumaq istədiyin yerdə həmin müstəqilliyə ən böyük zərbəni vurursan!
Bax Rusiya onda da susqun idi. Danışmırdı. Fəqət, üzdə. Sadəcə və sadəcə üzdə!
Əvəzində isə Qarabağ getdi və indiki hakimiyyətin üzərində bu nəhənglikdə yük qaldı!
Və ya: Bəzən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarına nəzər yetirirəm. Eynilə (indicə adını çəkdiyim) Tofiq Qasımovdur. Gah nala vurur, gah mıxa. Günorta silah tədarükündən danışır, axşam delimitasiyadan.
Mənə hələ də aydın deyil ki, bu adam necə gəlib nazir olub. Çünki tarixçidir, son təyinatına qədər bir gün belə diplomatik işdə çalışmayıb, diplomatik protokolun nə olduğundan xəbərsizdir, "diplomat” anlayışını Cozef Borellə, Stefan Sejurne ilə görüşə gedərkən özü ilə apardığı əl çantasından (diplomatdan) fərqləndirəcək zehniyyətə sahib deyil...
Və...dünya elə belələrinin ucbatından dağılır. Dünya - dağılmağa məhkum olduğu üçün dağılır. Dünya Makron kimi avropalıların, Paşinyan kimi hərdəmxəyalların, Avropa Şurası kimi "əl buyruğu” funksiyasını yerinə yetirən təşkilatların, Mirzoyan kimi səbatsız, qanpərvər diplomatların ucbatından dağılır...
***
Ona görə israrla deyirik ki, bu gün Azərbaycanı idarə edənlərin, bizi Ukrayna olmağa, Ermənistanın gününə qalmağa qoymayanların qədrini bilək, əzizlərim!
Ən çətin kritikalarda, situasiyalarda belə bir yol tapıb bizləri yüz cür iğtişaşdan, terrordan, xaosdan, dünya dövlətləri arasında əzilməkdən, əlaltı, marianet olmaqdan hifz edən İlham Əliyevin qədrini bilək, əzizlərim!
30 ildən sonra yenidən Qarabağa qovuşmağın, Xocalı faciəsinin ildönümündə "Ana Harayı”nın hüzuruna, Şəhidlər xiyabanında müqəddəslərimizin ziyarətinə rahat, qürurla, başıuca getməyin qədrini bilək, əzizlərim!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər 768 dəfə oxunub.