“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”

“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”

Nə qəribədir. Vaxt vardı valideynlərimiz bizi məhəllədən həyəcanlı səslə çağırardılar ki, tez qayıdın evə, deyirlər Surət Gəncədən üzü Bakıya doğru ata-ata, qıra-qıra gəlir. Yəni, o zamanlar erməni qalsın bir yana, heç içimizdəkilərdən sığortalana bilməmişdik. Özgüvənimiz elə bir həddə idi, həmin anda dördbaşlı əjdahanın nağılını belə qulağımıza pıçıldasalar, şəkk-şübhəsiz inanardıq. Çünki səriştəsiz idarəçilərimiz xalqı məğlubiyyətə alışdırmışdı. İçimizdə uduzmaq immuniteti, itirmək antiteli yaranmışdı. Qələbəyə yadırğamışdıq.
 
İndi isə gələn xəbərlərə baxın: Ağdərədə Azərbaycan bayrağı yüksəlib. FHN-çilərimiz Xankəndində yanğın söndürür. Ruben Vardanyan həbs olunaraq Bakıya gətirilir...
 
Yadıma bir anlıq bilirsinizmi nə düşdü? Mehman Hüseynovun həbs dönəmi. Həmin vaxt beynəlxalq güclər təxmini hesablamalarla müharibənin başlayacağından duyuq düşmüşdülər və Azərbaycana təsiri də adi bir bloqerin müdafiəsi üzərindən edirdilər. Ki, şübhəli görünməsin. Radikal müxalifətin aksiyaları ciddi bir şəkildə maliyyələşdirilirdi, adam sayına görə pul buraxılırdı, Avropadan koordinasiya vardı, Beynəlxalq Təşkilatların bir çoxu məsələnin təşviqinə məsul idilər və s, ilaxır.

Yəni, təxminən Türkiyədəki "Gəzi Parkı” hadisələrinin analoqu düşünülmüşdü...

Əvvəllər də oxşar planlar olub. Məsələn, 2018-ci il Prezident seçkiləri ilə bağlı. Etibarlı mənbələr də təsdiq edir ki, həmin vaxt öncədən hazırlanan siyasi kamikadzelər, daha dəqiq desəm: "söyüş müxalifəti” sərhədin müxtəlif istiqamətlərindən xarici diplomatlarla bərabər ölkəyə girməli, xaos yaratmalı idilər. Fəqət, məlum seçki tarixinin qəfil şəkildə geri çəkilməsi xain, məkrli ssenarini fiaskoya uğratdı.

Eyni zamanda Parlament seçkiləri. Yenə qəfil oldu. Amma hətta o darmacalda belə bəlli dairələr öz adamlarını namizəd kimi ortalığa ata bildilər. Kim desən vardı: PKK simpatizianından tutmuş, FETÖ aşiqinə qədər. Elə sadəcə bir məqamı vurğulayım ki, indi qınına çəkilən və gözəgörünməzə çevrilən nurçulara təşviqat zamanı ümumilikdə xaricdən 1 milyarda yaxın pul transferi edilmişdi...

Bütün bunlar, qara qüvvələrin üzərimizə hücumu, təzyiqi isə bilirsinizmi nə üçün idi? Müharibə olmasın deyə. Daha dəqiqi: torpaqlarımızı geri qaytarmamız əngəlllənsin deyə. Və onların arzuları ürəklərində qaldı. Plan baş tutmadı. Çox şükür ki də baş tutmadı. Amma birdən baş tutsaydı? Təsəvvür edin, İlham Əliyev canı bahasına prosesi bu yerlərə qədər gətirir və iraq olsun anidən hansısa xarici qüvvənin ucbatından məsələ yarımçıq qalır.

Halbuki 1 il qonra Şuşaya qovuşmalıyıq. Hə, an etibarilə biz hələ bunu bilmirik. Fəqət, İlham Əliyev bilir axı. Bilir ki, az qalıb. Və bu qısa müddətdə həm içimizdəki xainlərlə, həm xarici yaramazlarla, həm də ən son vasitə kimi Ordumuzda agentura şəbəkəsi qurmağa çalışanlarla mübarizə aparmalıdır...
Demək istədiyim budur ki, bəzi "mızşünaslar” və hər şeyi qara eynək üzərindən görənlər bir həqiqətin fərqində olsunlar: İlham Əliyev sadəcə müharibə zamanı deyil, elə müharibəyə qədərki dövrdə də fövqəladə gücün sahibi olub, Azərbaycana məhz öz dönməzliyi və cəsarəti ilə qələbələr bəxş edib.
Bizləri Şuşaya aparan, Vardanyanı əli qandallı Bakıya gətirən yol asan yol olmayıb...
***
Yəqin videoları izləmisiz. 30 min erməni köçür. Qarabağdan.
Biz də köçmüşük nə zamansa. Həmin Qarabağdan. Amma erməni kimi köçməmişik. Öz millətimizi söyə-söyə, təhqir edə-edə, "baqaj”a qoya-qoya köçməmişik. Gözümüzü çıxarıblar, yandırıblar, diri-diri basdırıblar, fəqət yenə də onların elədiyini eləməmişik. Kimsənin qarşısında əyilməmişik.
Fərqimiz bax budur!

Erməni bitib. Erməni tükənib. Paşinyanı, Ermənistanı ha iddia edildiyi kimi ABŞ kəşfiyyatı qorusun, ha Fransa, ha digəri, fərq etməz, sonuc fiasko olacaq! Çünki dövlət özü güclü olmayanda məhvə məhkumdur! Rəhbər ciddi olmayanda, "marianetka”ya çeviriləndə xalqını da öz gününə salır.  
Siyasi rəqiblərin statuslarında bəzən belə fikirlərə rastlayıram ki, guya Rusiya zəifləyib deyə biz güclənmişik, filan-beşməkan. O zaman həmin insanlara sual edirəm: Rusiyanın zəifləməsi Ermənistan üçün də keçərli deyilmi? O niyə güclənmədi bəs? Düşmən dövlətin arxasında Avropa beşliklərindən biri - Fransa dayanıb. Niyə güclənmir bəs? İran artıqlaması ilə dəstək oldu, nə qədər ölkə müharibə zamanı, ondan sonra ədalətsiz, haqsız Ermənistanın dəyirmanına su tökdü. Niyə güclənə bilmədi bəs?

Putinin mətbuat konfransında söylədikləri, Peskovun açıqlamaları, Blinkenin zəngləri sizə nəsə demirmi? Bu qədərmi çətindir, həmin icraatların şifrəsini açmaq? Çətindirsə mən deyim: Bölgədə əsas güc Odur: İlham Əliyev! Hər şeyin qərarını verən və hamının Azərbaycanla hesablaşmasının səbəbi də Odur: İlham Əliyev!

P.S. Yazını qələmə alarkən mətbuatdan oxudum ki, xunta rejimi artıq özünü buraxıb. David Babayan isə könüllü təslim olur. Heyhat! Görəcəyimiz günlər varmış. Bir qaldı Arutunyan. O da gəlsə komplekt düzəlir.

Xalqımızı ürəkdən təbrik edirəm.
Var olun, Cənab Prezident! Hər şey Sizin sayənizdədir.
Tanrı bu xoşbəxtliyi, bu gözəl günləri bizlərə çox görməsin...

Elşən Musayev,

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri


Xəbər 1745 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR