Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (UNDP) və Bahreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş "Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” King Hamad mükafatına layiq görülüb.
Bu haqda 30-31 yanvar 2018-ci il tarixlərində Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahında BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda elan edilib.
Müsabiqənin əsas məqsədi gənclərə motivasiya və diqqət göstərən, innovativ fikirləri dəstəkləyən və onları təşviq edən qurumları aşkar etmək və onların fəaliyyətini hərtərəfli araşdıraraq yüksək nailiyyətləri olan qurumları mükafatlandırmaqdır. Eyni zamanda bu təşəbbüs gənclərə daha yaxşı gələcəyi təmin etmək məqsədi daşıyan Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq vəzifəsini daşıyır.
Müsabiqədə iştirak edən hər bir nominantın DİM-lərin nail olunması istiqamətindı əhəmiyyətli nailiyyətlərinin olması vacib şərtdir. Bu təşəbbüs dünyanın bütün ölkələrinə müraciət üçün açıq olub və ümummilikdə dünyanın 87 ölkəsindən dövlət və qeyri-hökumət təşkilatları iştirak edib. Azərbaycan Gənclər Fondu dövlət qurumları nominasiyasında qalib gəlib. Seçim xüsusi ixtisaslaşmış münsiflər heyəti tərəfindən həyata keçirilib.
Münsiflər heyəti BMT-nin İnkişaf proqramının (UNDP) və digər BMT institutlarının, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) və BMT-nin Baş Katibinin Gənclər üzrə xüsusi elçisinin (UN Secretary-General`s Envoy on Youth) ekspert və əməkdaşlarından ibarət olub.
Həmçinin münsiflər heyətinə dünyanın 4 ölkəsinin gənclər siyasətinə məsul nazirləri daxil idi. Azərbaycan Respublikasının Prezidenti yanıda Gənclər Fondu cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə yaradılıb. Gənclər Fondunun yaradılmasında məqsəd, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal- hazırda isə cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin icrasıdır.