Gələn həftə son 68 ilin ən nadir hadisəsi olacaq

Gələn həftə son 68 ilin ən nadir hadisəsi olacaq

Aktual.az Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun noyabrın 14-də gözlənilən təbiət hadisəsi ilə bağlı Trend-ə müsahibəsini təqdim edir:

- Noyabrın 14-də müşahidə edilən hadisəyə - Ayın Yerə yaxınlaşmasına astroloji baxımdan necə qiymət vermək olar?

- Ayın Yerə yaxınlaşması müşahidə olunan təbiət hadisəsidir. Belə hadisələr tez-tez olur. Bu, Ayın Yer ətrafında hərəkəti ilə bağlıdır. Bildiyiniz kimi, Ay Yerin ətrafında elips üzrə hərəkət edir. Yəni Ayın Yerə həm ən yaxın, həm də ən uzaq məsafəsi olur. Bu yaxın-uzaq məsafələrin özləri də həmişə dəyişərək fərqli olur. Ay yerə çox yaxın olanda biz Ayı böyük görürük və ona "Super Ay" deyirik. Çünki bu zaman Ay həmişəkindən böyük olur, yəni diski böyük görünür.

- Yaxınlaşma olduqda Ayı nə qədər böyük görürük?

- Həmişəkindən təxminən 14 faiz böyük görürük. Ona görə də buna "Super Ay" deyirlər. Bu dəfəki "Super Ay" noyabrın 14-də Ay bədirlənmiş halda olduqda görünəcək.

- Azərbaycanda Ayın Yerə ən yaxın məsafəsi nə zaman müşahidə ediləcək?

- "Super Ay" yerli saatla 15.24-də Yerə ən yaxın məsafədə olacaq. Amma həmin saatda onu gözlə görmək mümkün olmayacaq. Axsam gün batana yaxın, gün batanda onu görəcəyik. Təxminən 3 saatdan sonra biz artıq rahat şəkildə adi gözlə də "Super Ay"ı görəcəyik. Ay Yerə yaxın olanda onun səthindəki detalları teleskopla çox aydın görmək olur. Adi gözlə bu fərqi o qədər hiss etmək olmur. Adi gözlə ancaq Ayın böyüklüyünü bir az hiss edirsən, həm də daha işıqlı görürsən.

- Bu təbiət hadisəsi insan sağlamlığı üçün hər hansı problem yarada bilər?

- Bu hadisənin insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Bundan heç də narahat olmaq lazım deyil, çünki bu, adi təbiət hadisəsidir. İl ərzində 2-3 dəfə bu cür "Super Ay"lar müşahidə olunur. Amma indi ən böyük yaxınlaşma noyabrın 14-ə təsadüf edib.

- Ayın bu ilki Yerə yaxınlaşması rekord yaxınlaşma sayıla bilərmi?

- Bu il noyabrın 14-də Ayla Yer arasında 356 min 512 km məsafə olacaq. 2008-ci ildə də belə bir hadisə olmuşdu. O zaman Ayla Yer arasındakı məsafə 356 min 567 km olub. Onda da Ay Yerə çox yaxın məsafədə olmuşdu. Buna oxşar yaxın məsafə təxminən 68 il bundan əvvəl - 1948-ci ildə olmuşdu. Onda Ayla Yer arasında 356 min 465 km məsafə olmuşdu. Yəni Ay Yerə indikindən 46 km daha yaxın olub. Ona görə də hesab edilir ki, bu ilki yaxınlaşma son 68 ilin ən böyük yaxınlaşmasıdır.

- Hesab edilirdi ki, 2011-ci ildə Yaponiyada 8,8 bal gücündə baş verən dağıdıcı zəlzələyə Günəş qasırğası və Ayın Yerə yaxınlaşması səbəb olub. Bu ilki yaxınlaşma zəlzələ ehtimalını artıra bilərmi?

- Statistikaya görə, bu hadisələr heç vaxt yüzdə-yüz üst-üstə düşməyib. Bu, təsadüfi olur. Əgər zəlzələlərin, sunamilərin baş vermə tarixinə baxsaq görərik ki, onların baş verməsinin "Super Ay"la heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, "Super Ay" bir az okean və dənizlərdə qabarmalara təsiri artıra bilər. Bu, başqa hansısa təhlükənin baş verməsinə, zəlzələnin yaranmasına, seysmoloji aktivliyin intensivliyinin artmasına səbəb ola bilməz.

- Qabarmalar Azərbaycan üçün çox xarakterik olmadığından bu təhlükənin bizdən yan keçdiyini fikirləşmək olar?

- Qabarmaların hansı okean və dənizlərdə olduğu bəllidir. Azərbaycanda bu proses müşahidə olunmayacaq. Qabarmalar onsuz da hər ay olur, sadəcə "Super Ay" olanda onun qabarmalara təsiri bir az çoxala bilər. Ayla Yer ətrafındakı orta məsafə 380 min km, ən uzaq məsafə 405 min km, ən yaxın məsafəsi təxminən 356 min 600 km-dir. Ay orta məsafədən təxminən 20 min km məsafə yerini dəyişə bilər. Bu da heç bir təhlükə demək deyil.

- Ayın Yerə yaxınlaşması hava şəraitinin dəyişməsinə, havada durğunluğun yaranması kimi proseslərin baş verməsinə səbəb ola bilərmi?

- Qətiyyən. Bu proses Yer atmosferinə təsir edir, ancaq müəyyən qədər qabarmalara təsir göstərə bilər.

Xəbər 3959 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR