Əvvəli: https://aktual.az/gece-yarisi-qetl-isa-necefovun-siyasi-publisist-pomani/
II FƏSİL
1994-cü il sentyabrın 20-də Bakıda
respublika üçün müstəsna əhəmiyyətli hadisə baş verdi: Azərbaycan Qərbin neft
şirkətləri konsorsiumu ilə Xəzərdə 3 iri dəniz yatağının birgə istismarı
haqqında müqavilə bağladı.
Bu mərasimin bir böyük rəmzi mənası da
bunda idi ki, o, "Gülüstan” sarayında keçirilirdi. Məlumdur ki, 1813-cü ildə
eyni adlı Gülüstan kəndində Azərbaycan millətini ikiyə parçalanmış müqavilə
bağlanmışdı. Onun əsasında cənub əraziləri İran dövlətinə qatılmış, şimal
hissəsi isə Rusiyanın himayəsi altına keçmişdir. 180 ildən sonra Heydər Əliyev
tarixi ədaləti bərpa etmiş, "Gülüstan” adını "azadlıq və istiqlaliyyət”
sözlərinin sinoniminə çevirmişdir.
Prezident Heydər Əliyevin təbiri ilə
"Əsrin müqaviləsi” adını almış birinci neft müqaviləsi imzalandıqdan sonra,
Qərbin aparıcı dövlətlərinin (ilk növbədə də şirkətləri konsorsiuma daxil olmuş
ABŞ və Böyük Britaniyanın) Zaqafqaziyada geosiyasi sabitliyə olan marağı
qat-qat artdı. Lakin "Əsrin müqaviləsi”nin həyata keçirilməsinə hər cür
vasitələrlə mane olmağa can atan qüvvələrin işləri dolaşığa salmaq cəhdləri
eyni həndəsi silsiləylə artmış oldu.
Mənafelər kəllə-kəlləyə gəldi. Və bundan
sonra hasil olan nəticələri çox gözləmək lazım gəlmədi.
... 1994-cü il sentyabrın 21-dən 22-ə
keçən gecə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasınfan bir
neçə məhbus qaçdı. Onların sırasında keçmiş müdafiə naziri Rəhim Qazıyev,
müdafiə nazirinin keçmiş müavini Baba Nəzərli, AXC-nin rəhbərlərindən olan Arif
Paşayev və talış separatçılarının lideri Əlikram Hümbətov da var.
1994-cü il sentyabrın 29-da iki terror
aktı törədilir- respublika Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov və
Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir.
1994-cü il oktyabrın 2-də Mahir və Rövşən
Cavadovlar başda olmaqla Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup üzvü
respublika prokurorluğuna silahlı basqın edir.
1994-cü il oktyabrın 4-də baş nazir Surət
Hüseynovun tərəfdarlarından ibarət silhalı dəstələr Gəncədə şəhər daxili işlər
idarəsi rəisinin dəstəyi ilə inzibati binaları, MTN-nin rayon şöbəsini,
prokurorluğu, televiziyanı, poçtu, hava limanını zəbt edirlər.
Oktyabrın 4-dən 5-ə keçən gecə ölkə
prezidenti Heydər Əliyev qanuni hakimiyyəti və Konstitusiyanı müdafiə etmək
xahişi ilə xalqa müraciət edir...
Həmişəlik yaddaşlara çökmüş həmin faciəli
hadisələrin xronologiyası belədir. Bu nəhs olaylar zəncirində mərkəzi həlqə-
iki dövlət xadiminin qətlə yetirilməsi və Xüsusi Təyinatlı Polis Dəstəsinin
(XTPD) baş prokurorluq binasına basqınıdır ki, bunlar hökumət əleyhinə qiyamən
başlanması üçün bir növ siqnal olmuşdu. Oktyabr çevrilişi tarixçəsində bu iki
epizod ən az öyrənilmiş səhifədir. Halbuki, məhz bu olaylar 90-cı illərin
ortalarında ölkəni lərzəyə salan kəskin siyasi təbəddülat və dönüşlərin ilkin
səbəbini, köklərini, mənbələrini daha dərindən anlamağa imkan verir.
Povest sənədli faktların, mövcud
hadisələrin bilavasitə iştirakçıları və şahidləri ilə söhbətlərin, 215/69494,
20940, 10/293, 69447 saylı və sair çoxcildli cinayət işlərinin təhlili əsasında
qələmə alınmışdır. Kitabdakı bütün adlar və soyadlar həqiqidir.
III FƏSİL
1994-cü il sentyabrın 29-da, saat 23:30-da
Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Nuru oğlu Rəhimov "Qızıl Şərq”
hərbi şəhərciyində yerləşən evinin girişində naməlum şəxslər tərəfindən qətlə
yetirildi. Hadisə yerində Makarov və Steçkin tipli tapançalar üçün patronların
4 boş gilizi və 2 gülləsi aşkar edildi. Eynən bu cür iki güllə də məhkəmə-tibb
müayinəsi zamanı öldürülənin bədənindən çıxarıldı. Polkovnikin ölümü baş beyin
maddəsinin dağılması və kəllə sümüklərinin sınması ilə müşayiət edilən
ikitərəfli odlu silah yarası nəticəsində baş vermişdi.
Hadisə yerinə hamıdan əvvəl Bakı şəhər
Yasamal rayonu polis idarəsinin rəisi Zakir Babayev özünü yetirmişdi. Bunda da
bir qanunauyğunluq vardı.
... MTN-nin istintaq təcridxanasından dörd
nəfər cinayətkar qaçırıldıqdan sonra polkovnik Babayev dincliyini itirmişdi. İlk
baxışda bu hadisənin onun başçılıq etdiyi idarəyə heç bir dəxli yox idi. Lakin
Daxili işlər orqanlarında 30 ildən çox "külüng çalmış” polkovnik sözün əsl
mənasında öz işinin ustası idi. O başa düşürdü ki, bi olay yeni cinayətlər üçün
nümunə rolunu oynaya bilər. Polkovnik son günlər axşamdan xeyli keçənə qədər öz
iş otağında oturur, sonrakı mümkün hadisələrin gedişi üzərində çaş sındırır,
variantları hesablayırdı. Lakin sentyabrın 29-da axşam təxminən saat 10-da
növbətçi hissədən daxil olmuş məlumat onun üçün tamamilə gözlənilməz oldu: bir
neçə dəqiqə əvvəl Səbail rayonu ərazisində, Milli Məclisin sədr müavini
Afiyəddin Cəlilov naməlum şəxslər tərəfindən qətlə yetirilmişdir.
"Budur, başlandı!”- deyə polkovnik
fikirləşdi və selektorun düyməsini basdı.
-
Məmməd, yerindəsən?
-
Bəli, rəsi, - idarənin əməliyyat işləri üzrə rəsi müavini
podpolkovnik Mikayılov cavab
verdi.
-
Təzə xəbəri eşitdin?
-
İndicə növbətçi otağından xəbər verdilər.
-
Düş aşağıya, hadisə yerinə getməliyik. Ola bilsin kömək lazım olacaq!
... İki saatdan sonra polkovnik idarəyə
qayıtdı. Ürəyindən qara qanlar axırdı. O başa düşürdü ki, Afiyəddin Cəlilovun
qatilləri hakimiyyətə açıqdan açığa meydan oxuyur və təkcə bu cinayətlə iş
bitməyəcək. Hər bir an bunun davamını gözləmək olar.
Podpolkovnik Mikayılov qapının ağzında
göstərişə müntəzir dayanmışdı. Sonra dözməyib:
-
Rəsi, nə etmək lazımdı? – soruşdu.
Polkovnik
Babayev dərindən köksünü ötürdü.
-
İdarənin bütün şəxsi heyətini həyəcan siqnalı ilə qaldır. Göstəriş
ver ki, rayonun bütün giriş və çıxış yollarını qapasınlar. Hər bir şübhəli maşın
ən ciddi müayinədən keçirilməlidir.
Polkovnik qol saatına baxdı. Axşam saat 11-ə
qalırdı.
-
Mənim yerimə burda qalarsan. Mənsə Çingizlə 26-cı bölməyə baş
çəkməliyəm. Onların ciddi iş rejiminə keçid haqqında əmri necə yerinə
yetirdiklərini yoxlamaq istəyirəm.
Yarım saatdan sonra ratsiya ilə polkovnikə
daha bir qətl xəbəri çatdırıldı: Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi
Rəhimov Şahbazi küçəsindəki 102 saylı binanın girişində vurulub.
-
Alçaqlar! – polkovnik naməlum terrorçuları ürəyində söydü, sonra da
qeyri-iradi: "hələlik naməlumdur, gec-tez biləcəyik”, - deyə düşündü və yenə
qol saatına baxdı. Saat on ikiyə iyirmi dəqiqə qalırdı.
İrəlidə onu əzablı və gərgin gecə gözləyirdi.
IV FƏSİL
Şəmsi Rəhimov birinci və ikinci mərtəbələrin
arasındakı meydançada üzüqoylu qalmışdı. Bir əlində qəzet sıxmışdı. Azca
aralıda şlyapası düşmüşdü. Polkovnikin mənzilinin qapısı taybatay açıq idi.
Kandarda orta yaşlı, xoşsifət bir qadın dayanmışdı. Hönkürüb qışqırmasın deyə
ağzını əliylə sıxaraq, xısın-xısın ağlayırdı.
Polkovnik Babayev cəsədin üzərinə əyilən
kimi, sərraf gözüylə Makarov tapançasından açılmış iki gilizi dərhal sezdi.
Biri qapının ağzındakı rezin ayaqsilənin altına diyirlənmiş, digəri qonşu
qapının kandarına düşmüşdü.
-
Təcili yardım çağırmısız? – deyə o, qadından xəbər aldı.
-
Bilmirəm.
Babayev
təəccüblə Rəhimovun arvadına baxdı.
-
Mən Xüsusi İdarəyə zəng vurdum, - qadın ağlaya-ağlaya dedi. – Orda
dedilər ki, gəlirlər, "Təcili yardım”a da özləri zəng edəcəklər.
Həkimlər tələsməyə bilərdi. Polkovnik
Rəhimov yerindəcə keçinmişdi. Burada daha heç bir kömək edə bilməyəcəyini başa
düşən Babayev küçəyə çıxdı.
-
Binanı nəzarət altına götürün. Əməliyyat-istintaq işinə başlayın, -
deyə öz əməkdaşlarına göstəriş verdi.
Tezliklə ilk mühüm məlumat daxil oldu.
Polkovnik Rəhimovun yaşadığı evin beş yüz
metrliyində,
İnşaatçılar prospektində 6 nömrəli polis postu yerləşirdi. Növbətçi bildirdi
ki, bundan az əvvəl postun yanından böyük sürətlə açıq rənglu "Jiquli” ötüb
küçib. Maşın sağa burulub və dayanmaq göstərişinə baxmayaraq, sürətini
azaltmadan aradn çıxıb.
Daha bir saatdan sonra polkovnik
Babayevin yanına bir cavan oğlan gətirdilər. Məlum oldu ki, onu həmin altıncı
postda saxlayıblar və o, növbətçidən Şəmsi Rəhimovun öldürüldüyünü eşidəndə bildirib
ki, deyəsən, qatili görüb.
-
Bala, gördüklərini ətraflı danış. Ancaq xahiş edirəm, tələsmə, -
oğlandan da çox həyəcan keçirən polkovnik dedi.
... Axşam təxminən on bir radələrində hamilə
arvadını sancı tutub. Rauf "təcili yardım”
Çağırmayıb
(məgər ona ümid etməkmi olar), özü arvadını doğum evinə çatdırmaq istəyib.
Yaxşı ki, son günlər maşını giriş qapısının yanında hazır saxlayırdı. Arvadı
yır-yığış edənə qədər o, motoru qızdırmaq üçün həyətə düşəndə, binanın
qənşərində dayanmış təptəzə yeddilik "Jiquli”ni görüb. Sükanın arxasında cavan
oğlan əyləşibmiş. Əgər Şəmsi Rəhimovun yaşadığı binanın giriş qapısından iki
kişi qaçaraq çıxıb, onları gözləyən maşının içinə hövlnak təpilməsəydilər,
fikri arvadının yanında olan Rauf, bəlkə də, buna məhəl qoymayacaqdı. Maşın
sürətlə yerindən götürülüb. Giriş qapısı üzərində asılmış fənərin sönük
işığında Rauf yalnız maşının nömrəsinin birinci rəqəmini və seriyasının
axırıncı iki hərfini sezə bilib: "
"Moskva nömrəsidir. Olmaya izlər Rusiyaya
aparır?”- polkovnik düşündü və dərhal da, bu günlər "Gülüstan” sarayında
imzalanmış neft müqaviləsini xatırladı. Lakin qətlin səbəbləri üzərində baş
sındırmağa vaxt yox idi. İndi başlıcası terrorçuların izinə düşməkdi. Şəmsi
Rəhimovun qonşusunun verdiyi məlumat qızıl qiymətindəydi. "
Polkovnik Babayev yubanmadan əməliyyatçılara Haqverdiyev küçəsindəki maşın yolunun asfalt örtüyünün həqiqətən də dağılmış sahəsini müayinə etmək əmrini verdi. Çalanın dibində üstü köz bağlamış 14 metal əşya aşkar edildi. Özlərini hadisə yerinə çatdıran Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tapıntını ekspertiza üçün götürdülər. Polkovnik Babayev isə idarəyə tələsdi. Rəhbərliklə əlaqə saxlamaq və əməliyyat işinin ilk nəticələri barəsində məlumat vermək lazım idi.