Fətullah Güləni ABŞ-a aparan pilot DANIŞDI – 17 il SONRA

Fətullah Güləni ABŞ-a aparan pilot DANIŞDI – 17 il SONRA
  • DÜNYA

Hazırda ABŞ-da gizlənən Fətullah Gülənin Türkiyədən necə qaçması ilə bağlı faktlar üzə çıxıb.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, "Sözçü” qəzeti Fətullah Güləni Türkiyədən sonuncu dəfə aparan Türk Hava Yolları şirkətinin pilotu Necmi Ekicini tapıb danışdırıb.
Hazırda 72 yaşı olan və 21 ildir ki, Türk Hava Yolları şirkətində çalışan N.Ekinci deyib ki, Fətullah Gülən Türkiyədən sonuncu dəfə 1999-cu il martın 21-də ABŞ-a səfər edib və bir daha geri qayıtmayıb.

Pilotun fikirlərini olduğu kimi təqdim edirik:
"1999-cu il martın 21-i tarixi idi. ABŞ-a uçmağa hazırlaşırdıq. Sərnişinlərin hamısı uçmağa hazır idilər. Ancaq təyyarənin 35 oturacağından ibarət olan "biznes-klass” bölməsində yalnız 2 nəfər sərnişinin yer tutduğunu biləndə təəccübləndim. Təyyarənin qalxma saatı tamam olsa da, həmin sərnişinlər göyərtədə hələ də yox idilər. Bütün bunlar məni narahat edirdi. Bir neçə dəqiqə keçəndən sonra həmin sərnişinlər də gəldilər. Bunlardan biri Fətullah Gülən, digəri isə gənc və hündürboylu bir adam idi. Fətullah Gülən "biznes-klass” bölməsinin "1-A” nömrəli oturacağında, digəri isə "2-C” nömrəli oturacaqda əyləşdilər. Onlarla bərabər gələn bir nəfər polis rəisi də var idi. Ancaq həmin şəxs "ekonom” bölməsində əyləşdi. Həmin vaxta qədər mən Fətullah Güləni mediadan tanıyırdım. Ona görə də Gülənə yaxınlaşıb bir neçə sual verdim. İlk növbədə ona dedim ki, niyə vaxtında gəlmirsiniz? Sizin üzünüzdən insanlar gözləyir, vaxtımız yubanır və sairə.
Daha sonra Fətullah Gülənə "Türksünüz”, "Atatürkün düşmənisiniz” və "Şəriət dövləti qurmaq istəyirsiz” suallarını verdim.
Gülən isə mənə türk olduğunu, Mustafa Kamal Atatürkə qarşı düşmən mövqeyində olmadığını söylədi.

Gülənlə söhbət edən zaman əllərinin böyüklüyü diqqətimi çəkdi. Hətta, ona zarafatla "Hocam əlləriniz pəhləvan əllərinə bənzəyir. Kiməsə şillə vursanız, məhv olar” dedim. O isə buna güldü. Söhbət əsnasında Fətullah Güləndən ABŞ-a nə üçün səfər etdiyini soruşdum. O isə bildirdi ki, səhhətində problemləri var, gözündən və böyrəyindən müayinə olunacaq və sairə. Sual verdim ki, nə üçün Türkiyədə müalicə olunmaq istəmirsiz? Axı Türkiyədə uğurlu göz əməliyyatı edən savadlı həkimlər var. O isə təkcə gözümdən deyil, digər orqanları ilə bağlı da yaxşı müayinə və müalicə olunmaq istədiyini bildirdi.
Fətullah Gülənlə söhbət zamanı ona ABŞ-da nə qədər qalacağını sual verdim. O isə çox qalmayacağını, müalicə olunub Türkiyəyə qayıdacağını dedi. Hətta, mən ona "Hocam, ABŞ-da sənin kimi adamı tutsalar, çətin ki, buraxalar. Səndən Türkiyə əleyhinə istifadə etməyə çalışacaqlar. Ehtiyatlı ol!” deyə xəbərdarlıq da etdim. Mən təyyarədə yolboyu Fətullah Gülənlə təqribən 3 saat söhbət etdim. Sonra da öz yerimə keçdim. Ancaq təxminlərim özünü doğrultdu və Fətullah Gülən daha Türkiyəyə geri qayıtmadı”.
 
Aktual.az
Xəbər 3375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR