Bu gün səhər saatlarından başlayaraq “Facebook” sosial şəbəkəsində istifadəçilər adından viruslar yayılır.
Virus avtomatik olaraq mesaj qutusuna gəlir. Hətta istifadəçinin istəyi olmadan mesajlar açılır və getdikcə çoxalır.
Bəzi “Facebook” isifadəçiləri bunun təxribat olduğunu hesab edirlər. İddia edilir ki, yayılan spamlar vasitəsi ilə “Facebook” parolları oğurlana bilər.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, sosial şəbəkələrdə belə virusun kütləvi yayılması təhlükəlidir.
Ekspertin sözlərinə görə, sosial şəbəkədə bu kimi təhlükənin yayılmasına Elektron Təhlükəsizlik Mərkəzi dərhal reaksiya verməlidir.
“Bu məsələ ilə bağlı Elektron Təhlükəsizlik Mərkəzi tədbir görməlidir. Bu qurum dövlətin informasiya təhlükəsizliyinə cavab verən qurumdur. Mərkəzdən aldığımız məlumata görə, hazırda bu virusun dərmanını axtarırlar.
İstifadəçilərə tövsiyyəmiz odur ki, mesajlara daxil olan informasiyalardan ehtiyyatlı olsunlar, mesajları açıb oxumasınlar. Bundan əlavə həmin qruplardan çıxmaq, parolları dəyişmək lazımdır”.
Qeyd edək ki, viruslar özünü əsasən pornoqrafik materiallarda və istifadəçilərə xüsusi mesajların göndərilməsində, onların mesaj qutularında qruplara əlavə edilmələrində özünü göstərir.
“Facebook”-da şəxsi mesaj bölməsinə digər dostlardan virus linkləri gəlir. Belə ki, sizin mesaj qutunuza bildiriş gəlir ki, dostlarınızdan biri qrup yaradıb və sizi də həmin mesajlaşma qrupuna əlavə edib. Lakin dostlarla maraqlananda bu qrupun onlar tərəfindən yaradılmadığı məlum olur.