Azərbaycanda bir çox gənc ailələrin, ailə qurmağa çalışan gənclərin tam həllini gözlədiyi ipoteka krediti ilə bağlı çətinliklər artıq geridə qalır. Ötən gün Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman bunu deməyə əsas verir.
Dövlət başçısının imzaladığı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanda açıq şəkildə qeyd olunur ki, bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.
Fərmanda vurğulanır ki, Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir. Başqa sözlə, ipoteka krediti ilə alınacaq evlərin qiyməti (orta bazar qiymətindən artıq olmayan) və vəziyyəti (təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş) konkret olaraq müəyyən edilir.
Bundan əlavə, belə demək mümkünsə, dövlət başçısı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətini tam nəzarətinə götürür. Fərmanda da qeyd olunduğu kimi, Cəmiyyətin idarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir. Bu isə o deməkdir ki, tezliklə yenidən təşkil olunacaq Fondun fəaliyyəti tam qənaətbəxş olacaq.
Nazirlər Kabineti çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək, Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını və bu fərmanda nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi qaydasını bir ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq edəcək.
Bir sözlə, dövlət başçısının bu fərmanı ilə ipoteka kreditlərinin verilməsi daha da asanlaşacaq, bu sahədə şəffaflıq tam təmin olunacaq və təbii ki, Azərbaycanda evsiz və ya illərlə kirayələrdə qalan gənc ailələrin ən böyük arzusu həyata keçəcək.
Əslində, ipoteka sahəsinə canlanma gətirəcək yeni qanun və ya digər sənədin qəbul ediləcəyi çoxdan gözlənilirdi. Bununla bağlı Prezident İlham Əliyevin fərman imzalaması isə gənc ailələrdə böyük ümid yaratdı və artıq bu sahədə böyük irəliləyişlərin olacağı qaçılmazdır.