Dilin gələcəyi - Millətin gələcəyidir
Dil də canlı orqanizmdir və onu qorumaq, böyütmək, zənginləşdirmək, kənar təzyiqlərə və xəstəliklərə qarşı müqavimətini gücləndirmək, çağın tələblərinə uyğun yeniləşdirmək lazımdır. Bizdə bu işlərlə məşğul olan konkret bir qurum vardırmı? Dil siyasətimiz necə qurulub və o, həyata keçirilirmi?
Bu, çox ciddi və üzərində ardıcıl düşünülməli məsələdir. Yaşadığımız şəhəri necə qoruyur, abadlaşdırır, bu günün ehtiyaclarına uyğunlaşdırır, nəqliyyat və kommunikasiya şəbəkələrini yeniləşdirir, köhnə binaları söküb təzələrini ucaldır, işıqlandırır və təbliğ ediriksə, dil də, təxminən, eyni yanaşmanı istəyir. Sözlərin ömrü evlərin ömründən qat-qat uzun olsa da...
Mən öz fikirdaşlarımı da başıma toplayaraq, Azərbaycan Dil Qurumu adlı toplumsal birliyi, onun saytını bu işlərdə yardımçı olmaq üçün yaratmışam. Təəssüf ki, bizdə toplumun rəyini dinləyən azdır və yazılanlar, deyilənlər heç bir yerə çatmır. Buna baxmayaraq, biz işimizi davam etdiririk. Dil Qurumunun toplantılarında ana dilinə sayğısızlıq, dövlət dili ilə bağlı tələblərin bir çox hallarda, özəlliklə reklamlarda pozulması, yazı və danışıq dilimizin sorunları, terminologiya məsələləri, mətbuatın və dərsliklərin dili və s. kimi çox önəmli məsələləri dəfələrlə müzakirə etmiş, televiziyalarımızla birgə verilişlər hazırlamışıq. Sözsüz ki, bu müzakirələrin hamısı eyni xoşgörüylə qarşılanmır: məsələn, biz bəzi ölkələrdə dil polisinin olduğunu xatırladanda bizim polisimizdən cana doymuş vətəndaşlarımız əsəbiləşdilər ki, amandır, bu sözü dilinizə almayın, polis, nəzarətçi, vergiyığan, “milli təhlükəsizliyi qoruyan”, sənəd tələb edən, cibində doğru-yalan vəsiqə gəzdirən, burnunu, yeri gəldi-gəlmədi, vətəndaşın hər işinə soxan ələbaxanlar sürüsü az idi, birini də siz təklif edirsiniz: bircə dilimiz qalmışdı məmur özbaşınalığından boğaza yığılmasın, onu da təhlükəyə atmaq istəyirsiniz. Onda mən başqa ölkələrdən də misal gətirdim: polis olmasın, “dil gömrüyü” olsun, dedim. Çünki dili kənar basqılardan qorumaq üçün bəzi ölkələrdə bu üsuldan da istifadə edirlər. Ad önəmli deyil, əsas dilin qorunması və kənardan dilimizə maneəsiz şəkildə axan sözlərə bir süzgəc qoyulmasıdır. İndiki halda bununla məşğul olan varmı?
Ana dilinin qorunması və gəlişməsi üçün hüquq bazası var. 2002-ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasının Dövlət dili haqqında” qanun, 2013-cü il aprel ayının 9-da isə Respublika Prezidentinin sərəncamıyla “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Bu sənədlərin çox böyük tarixi əhəmiyyəti var. Dövlət Proqramında nəzərdə tutulan işlər görülsə, tapşırıqlar həyata keçirilsə, o işləri görməli olan təşkilatların uyğun səlahiyyətləri və yetənəkləri olsa, bizim heç bir qayğımız qalmaz.
Bu proqramın ikinci hissəsi, yəni dilçiliyin inkişafı, ali məktəblərin dilçilik kafedralarını nəzərə almasaq, daha çox AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna aiddir və bu məqsədlə 2 milyon pul ayrılmasına sevinmişdim. Humanitar institutlarımızın belə proqramlara və yardıma ehtiyacları böyükdür. Ancaq Proqramın birinci hissəsinin, yəni zamanın tələblərinə uyğun istifadəsinin, Dilçilik İnstitutuna, demək olar ki, heç bir aidiyyəti yoxdur, çünki AMEA-nın humanitar institutları daha çox akademik araşdırmalarla məşğuldur və deyək ki, dilin qorunması və ya istifadəsi kimi məsələlərə müdaxilə etmək imkanları çox məhduddur...
Bu iş həyatımızın bütün sahələri ilə bağlıdır və daha praktiki yanaşma tələb edir. Buna görə də ayrılan vəsaitin Proqramın yerinə yetirilməsinə ciddi təsir göstərməyəcəyi qabaqcadan bəlli idi. Kaş yanılmış olaydım, ancaq sonra guya proqrama uyğun, deyək ki, dialektoloji atlasların çapı kimi məsələlər ortaya qoyulanda heyrətə gəldim, yəni alim dostlarımız bilmirlərmi bu atlaslar onların plan işləridir və ana dilinin bu gün bütün cəmiyyəti narahat edən problemlərinin həllinə heç bir aidiyyəti yoxdur?!
Buna görə də sonralar Dilçilik İnstitutuna ayrılan pulun necə xərclənməsinin yoxlanıldığını eşidəndə təəccüblənmədim. Ola bilsin ki, o vəsait qəpiyinə qədər düz xərclənib və yəqin ki, belədir, lakin onu da bilirəm ki, bu xərclənmənin canlı dilimizin inkişafına və işlənməsi məsələsinə aidiyyəti çox azdır.
Dilimizin akademik araşdırmaları çox mühüm işdir və davam etdirilməli, dialektoloji xəritələr də nəşr edilməlidir, ancaq bizi narahat edən həyatımızda dilimizin yeri, ona yanaşma, anadilli məktəblərimizin və dərsliklərimizin səviyyəsi, qanunlarımızın və rəsmi yazışmaların dili, termin yaradıcılığı, rusdilli məktəblərdə ana dilimizin tədrisinə münasibət, ictimai yerlərdə, reklam işində, mətbuatda, radio və televiziyalarda ana dilinin durumu, nitq mədəniyyətimizin səviyyəsi kimi məsələlərdir. Bir az da uzada biləcəyim bu məsələlərin həllində Akademiyanın Dilçilik İnstitutu nə edə bilər? Ona qulaq asan olarmı? Əsas məsələ budur! Bu barədə çox yazılıb, yenə yazılacaq.
Bizim Dil Qurumu könüllülərin, dilini sevənlərin və onu qorumaq üçün təmənnasız, maaş, yəni öz dilimizdə desək, donluq almadan çalışanların birliyidir, konkret layihələr üzrə işləyir. Məncə, Dövlət Proqramının həyata keçirilməsini istəyiriksə, Akademik institutlarla yanaşı, bu cür qurumlara da yardım etmək və onların işinə, təkliflərinə daha ciddi yanaşmaq lazımdır.
2006-cı ildən bu yöndə çalışan Dil Qurumunun yuxarıda sadaladığım geniş fəaliyyəti xalq arasında diqqətin bu böyük milli məsələyə yönəldilməsinə nə qədər böyük təsir göstərsə, bu sahənin bilim adamlarının tez-tez bir araya yığışmasına şərait yaratsa da, təəssüf ki, bəzi dairələrin dilimizə münasibətindəki biganəlik buzunu əritməyə gücümüz çatmamışdır. O cümlədən, Bakının reklam bazarı dilimizə və qanunlarımıza sayğısızlıq meydanı olaraq qalır. Buna baxmayaraq, işimiz davam edir və dediklərimin quru söz olmadığını görmək istəyənlər Azərbaycan Dil Qurumu saytına girsinlər və mütəxəssislərdən burdakı lüğətlərin sayta yerləşdirilməsinin nə qədər vaxt apardığını və necə çətin bir iş olduğunu öyrənsinlər...
Ana dilimizin qayğısı çoxdur. Onlardan biri dilin saflığının qorunması, milli təməl üzərində gəlişməsi, yeni anlayış və sözlərlə zənginləşməsidir. Bu, əslində, bütün dillərin taleyini həll edən, ölüm-dirim məsələsidir. Ana dilinin dünyayla əlaqəsi kəsilsə, ora axan suların qarşısı alınsa, o, qapalı bir nohura dönər, iylənər, həşəratla dolar və içilməz hala düşər. Dil də coşqun dağ çayları kimi daim çağlamalı, yenilənməlidir, ona axarı boyu yeni arxlar, irmaqlar, bulaqlar qoşulmalıdır. Ancaq bu qoşulmalar Qaradağ tərəflərdə Araza qatılandan sonra onu bulandıran, yaxud Ermənistan mis mədənlərinin zəhərini gətirən çaylar kimi olmamalıdır. Kənar qatqılar çayın öz suyundan artıq olsa, onun tərkibini dəyişər.
Klassik ədəbi dilimiz təxminən bu gündəydi: o qədər ərəb-fars sözləri dolmuşdu ki, fikrin aparıcı qüvvəsi kimi cümlələri dartıb aparan feillərimizin gücü çatmırdı: nəfəsi kəsilirdi. Həmin dövrdə aşağı-yuxarı bölgənin bütün türk ədəbi dilləri eyni durumdaydı: ədəbi dil xalq dilindən uzaq düşmüşdü, yalnız təhsil almış adamlar, ziyalılar bir-birlərinin “yazı dilini” anlayırdılar və buna görə də, deyək ki, Bakıda çıxan “Füyuzat”ı türk dünyasının hər tərəfində oxuyurdular. Lakin bu, uzun müddət davam edə bilməzdi, çünki millətin yalnız bir zümrəsinə aid olan dilin gələcəyi yoxdur.
Buna görə də ötən əsrdə Türkiyədə rəsmən, bizdə isə elan olunmadan, Molla Nəsrəddin ədəbi məktəbinin sayəsində bir dil devrimi oldu: Anadolu türkcəsi “türkcələşdirildi”, bizdə isə böyük ölçüdə təmizlənmə getdi və ədəbi dil hamının anladığı bir şəklə düşdü. Bunun yaxşı, ya pis olmasını müzakirəyə çıxarmaq gülüncdür. Böyük Atatürk türk dilinin gələcəyini xilas etdi. Düzdür, yeni sözlərin bəzisi yaşaya, işlək dilə girə bilmədi, amma böyük çoxunluğu yaşadı və türk dilinə bugünkü gözəl səslənməni, enerjini verdi, dilin damarlarında təmiz türk qanı dolaşmağa başladı.
Hərəkət dayanmayıb, çürük, köhnəlmiş sözlər düşür, yeniləri yaranır, yabançı sözlərin yerinə düşünülən sözlər qısa müddətdə min ilin sözləri ilə eyni canlılığı qazanır və ya arxaikləşmiş sayılan qədim sözlər yeni nəfəs qazanır. Bu iş bütün mədəni xalqların dilində gedir: bitməz prosesdir və ara vermədən sürdürülməlidir.
Öz dilini yabançı dillərin basqısından qorumaq, dilin lüğət tərkibini zənginləşdirmək xalqın bitməz qayğılarından biridir. Bir xalq min il öncədən başlayıb bu işi, biri yüz il öncədən - fərqi yoxdur, həyat davam etdikcə, dil yaşadıqca onun sağlamlığının qayğısı çəkilməlidir.
Azərbaycan ədəbi dili mükəmməl qrammatikası olan, xalqın anladığı və zəngin bir dildir. Lakin zaman dəyişilir, ölkələr kimi dillərin də sərhədləri açılır, kürəsəlləşmə deyilən sahiblənmə siyasəti dillərin də çoxunu kənar kəlmələrin axınıyla, dil işğalı təhlükəsiylə üz-üzə qoyur: dillərin də yarışı və ya gizli bir savaşı gedir. Bu savaşda dilin əsas gücü onun lüğət tərkibinin zənginliyi, ifadə gözəlliyi və imkanları ilə yanaşı, həm də milli qaynaqlar hesabına daim yenilənmək qabiliyyəti ilə ölçülür. Dilimizin təmizliyini qorumasaq, dünyanın hər tərəfindən üstümüzə gələn yabançı kəlmələr onu tanınmaz hala salar, xalqdan qoparar. Amma yabançı kəlmələr öz-özünə gəlmir, boş yer tapanda gəlir. Dildəki istilah vakuumları zamanında, uğurlu kəlmələrlə doldurulsa, yad kəlmələrə yer qalmaz.
Bu yenilənmə prosesi təbii şəkildə, dili zorlamadan və tədricən aparılmalıdır.
Ədəbi dil üçün yeni söz donorlarından və ya dağarcıqlarından biri ana dilinin özüdür: folklor, klassik ədəbiyyatımız, dialektlər və bugünkü Azərbaycan Respublikası ərazisindən kənarda qalmış tarixi coğrafiyamızın və soydaşlarımızın hələ ədəbi dil axarına tam qoşulmamış danışıq dili... (Yəni Güney Azərbaycan, Quzey İraq və Quzey Suriya, Doğu Anadolu, Borçalı və Dərbənd ləhcələri...) Bu geniş coğrafiyada yaşayan azər türklərinin danışığında minlərlə işlək söz var ki, ədəbi dilimizə qoşulmalıdır. Bu baxımdan oralarda yetişən yazıçıların, qələm sahiblərinin əsərləri mühüm rol oynaya bilər.
İkinci mənbə qardaş türk dilləridir. Avrasiya genişliyinin sakinləri olan türklərin dilindəki kəlmələrin ümumi sayı bir milyondan çoxdur. Ancaq türk dilinin ayrı-ayrı qollarında, məsələn, özbəkcədə, azər türkcəsində lüğət tərkibi yüz mindən, yüz iyirmi mindən artıq deyil. Bir milyonluq ortaq türk xəzinəsindən yararlanmaq imkanları genişdir. Örnəyi: azsaylı Altay türklərinin dillərində onlarla tərtəmiz türk sözü var ki, biz onların yerinə ərəb, fars kəlmələri işlədirik. Ərəblərlə, farslarla üzləşənə qədər altaylıların, yaxud tuvalıların, yakutların, Mərkəzi Asiya türklərinin, uyğurların, tatarların dilində qalan o sözləri biz də işlətmişik, sonra bir çox dəyərlərimiz kimi, dilimizdəki öz doğma kəlmələrimizi də “bəyənməmişik”, yad sözlərə “aldanmışıq”.
Təəssüf ki, dilimizdə ərəb, fars, rus, Avropa təsiri bu gün də sürməkdədir, buna heç bir dirəniş yoxdur, halbuki ümumtürk xəzinəsinə göz yetirsək, yad kəlmələrin çoxuna gərək qalmaz. Ancaq nədənsə qardaş türk xalqlarının dilindən alınan sözlər çox vaxt narazılıqla qarşılanır. Bu, anlaya bilmədiyim bir şeydir. Biz istədik-istəmədik, əlaqələrin genişlənməsi ilə, oxunan kitablar, baxılan televiziyalar xətti ilə yeni nəslin dilinə Türkiyə türkcəsindən o qədər də çox olmayan, amma gözəl sözlər gəlir - həm də daha çox vaxtilə ərəbcədən və farscadan alınmış kəlmələrin yerinə. Di gəl, dəfələrlə, həm də özünü oxumuş, aydın sayan adamların dilindən eşitdiyim sözlərdir: “bunlar dilimizi türk sözləri ilə zibilləyirlər”.
Dilimizin türk sözləri ilə zibillənməsi nə deməkdir? Dil öz doğma sözləri ilə zibillənərmi? Bunu hansı ağılla demək olar?
Adını çəkmək istəmədiyim bir rəsmi qurum yaxşı niyyətlə mətbuat dilinin yoxlamasını aparmışdı. Bu iş “elmi işçilər”ə tapşırılmış, yoxlamanın nəticələrini bir bülleten kimi çap etmişdilər. Maraqlı iradlar tutulmuşdu, ancaq məni heyrətləndirən bu adamların təmiz türk kəlmələrinə dözümsüzlüyü idi. Önəmli, çağdaş, sorun, baxım, bilgisayar, yasaq, uçaq, oturum, bağımsız, özəl, özəlləşmə, gəlişmə və s. kimi sözlər dilimizə təbii şəkildə gəlir. Bəziləri hələ lüğətlərimizə düşməsə də, doğma sözlərdir və yaşayacaqlar. Bu sözlərin əhəmiyyət, müasir, problem, nöqteyi-nəzər, kompüter, xüsusi, privitasiya, inkişaf kimi kəlmələri əvəz etməsini dil qaydalarının pozulması saymaq olmaz. Niyə monitorinq, plaza, stor, mol, petrol, hotel, market, kollokvium, penitensiar... kimi sözlər dilimizə maneəsiz girir, amma türk dilindən gələn ana südü kimi halal sözlər bəzilərini qıcıqlandırır?
Əlbəttə, mən bunun səbəblərini bilirəm, ancaq bu məsələyə ictimaiyyətin diqqətini yönəltmək istəyirəm...
Azərbaycan dili tarixən türk dili adlanıb, indi türk dili deməsək də, o, mahiyyətini dəyişməyib, yenə də eyni dildir, türk dili və ya türk dili adlanan nəhəng ağacın şah budağıdır. Siyasi şərait eyni millət olan Türkiyə türkləri ilə bizim ədəbi dilimizdə müəyyən fərqlər yaratsa da, bu, bizim bir-birimizi anlamağımıza mane olmur. Dili nə qədər çox anlayan varsa, o qədər böyükdür. Türkiyə bizim qardaşımız və dünyada ən etibarlı dayağımızdır. Zaman Türkiyə və Azərbaycanı bir-birinə yaxınlaşdırır və dil fərqləri də getdikcə aradan qalxacaq. Bu qaçılmazdır. Buna sevinməkdənsə, bəzi dil “uzmanları” və işin mahiyyətini anlamayan adamlar, azərbaycançılığı türkçülükdən tam qopmuş düşünənlər və ya qoparmaq istəyənlər inadla Azərbaycan türkcəsinin “ayrı dil olduğunu” nümayiş etdirməyə və yaxınlaşmağa aparan yollarda süni əngəllər yaratmağa çalışırlar. Birgə konfranslarda öz “müstəqilliyimizi” nümayiş etdirmək üçün, ehtiyac oldu-olmadı, hökmən hansı kəlmələrisə dəyişirik. Məsələn, Türkiyə tərəfinin yazdığı toplum yerinə - cəmiyyət, cümhurbaşkanı yerinə - prezident, bakan yerinə - nazir, yayın evi yerinə - nəşriyyat, ilişgi yerinə - əlaqə, sayın yerinə - hörmətli... Guya birinci sözləri başa düşmürük və onları hökmən azərbaycancaya “tərcümə etmək”, təmiz ana sözlərimizi yabançı dillərdən alınma sözlərlə əvəz etməliyik... Görəsən, bu sözlər Türkiyədə işlənən kimi qalsa, nə baş verər? Bəlkə başqa yolla getməli, həmin ifadələri tədricən biz də Türkiyədə olduğu kimi yazmalıyıq. Doğma və anladığımız sözləri qəbul etmədiyimiz halda, niyə, deyək ki, alman kansleri, ərəb şeyxi, fransız senatoru, İsrail knesseti, Rusiya duması, Amerika konqresi sözlərini öz dilimizə tərcümə etmirik? O dəqiqə cavab verəcəklər: “Yox, olmaz, biz azərbaycanlıyıq və azərbaycanlı olmağımızın da əlaməti türk kökündən mümkün qədər çox fərqlənməyimizdə, uzaqlaşmaqdadır!”
Bu qədər məntiqsiz və ağılsız bir düşüncə, iş ola bilməz! Əlifbamızın eyniləşməsi, dilimizin yaxınlaşması, bir-birimizi daha yaxşı anlamaq, kitablarımızın həm orada , həm burada oxunması... Bu, kimə mane olur və millətimizi bu boyda imkandan niyə məhrum edirik?
Dilin zənginləşməsinin başqa bir yolu yeni terminlərdir. Dilə yeni terminlər, yəni anlayışlar gəlir və gəlməlidir. Bu işə çeşidli yanaşma var. Bir çox xalqlar texnoloji yeniliklərin gətirdiyi sözləri tərəddüdsüz öz dilinə çevirir, daha doğrusu, ona uyğun yeni söz tapır və ya yaradırlar. Başqaları kənar əşyalarla birgə onların adlarını da olduğu kimi qəbul edirlər. Biz ikincilərdənik. Bu, tənbəl millətlərin yoludur. Nəzərə almırlar ki, bu gedişatla dil yenidən orta əsrlər dövrünə dönə və lüğət fondunun çox hissəsi əcnəbi sözlər ola bilər.
“Xolodelnik”ə soyuducu deyirik, nəyi pisdir? Onda niyə yüzlərlə başqa sözün qarşılığını axtarmayaq? Bu işi asanlaşdırmaq üçün bağımsız türk dövlətlərinin ortaq terminologiya komitəsi yaradılmalıdır ki, bundan sonra türk dillərinə gələn əcnəbi kəlmələrin qarşılığı tapılarkən ümumtürk söz fondundan istifadə edilsin və yeni istilahları bütün türk dövlət və toplumları qəbul etsinlər. Dövlət başçıları ortaq ünsiyyət dili istəklərində səmimidirlərsə, bunun bir yolu da ortaq istilahlar və bu yolla hər il dillərimizə xeyli şərikli kəlmələr gətirməkdir. Bu yolla bəlli zaman içində türk dilləri daha da yaxınlaşacaq, ünsiyyət imkanları genişlənəcəkdir...
Azərbaycan bədii dilindən fərqli olaraq ədəbi dilimizin rəsmi, yəni dəftərxana və protokol qolunda yabançı sözlər daha çoxdur və bu sahədə heç bir nəzarət, tənzimləmə yoxdur. Bu baxımdan qanunlarımızın dili daha çox narahatlıq doğurur. Çünki qanunların yayılma dairəsi genişdir, həyatımızın bütün qatlarını əhatə edir, rəsmiləşir və cəmiyyət o kəlmələrdən istifadə məcburiyyətində qalır. Buna görə də vaxtilə Milli Məclisdə qanunların dilinə nəzarət komissiyasının yaradılması ideyasını irəli sürmüşdüm. Ancaq bu fikri hər dəfə səsləndirəndə etinasızlıqla qarşılandığımı görüb, mən də yorulub susmağa məcbur oldum. Qanun yaradıcılığı mexanizmi bəllidir: tərcümə, montaj, yerli şəraitə uyğunlaşdırma... Yəni daha çox çevirmə işidir. Bu işlə məşğul olanlar arasında peşəkarlarla yanaşı, ana dilini pis bilənlər də var. Buna görə də, məsələn, neft anlaşmalarında “sıroy neft” “xam neft” əvəzinə “çiy neft” kimi çevrilir. Bircə bu misal əlindəki sənədin ciddiyyətinə inamı azaldır.
İşin daha qəbuledilməz tərəfi tərcüməçilərin köhnə lüğətlərdən kənara çıxa bilməmələri, xarici sözlərin qarşılığını arxaikləşmiş və canlı dildə az işlənən ərəb və fars kəlmələri arasında axtarmalarıdır. Qanun tərcüməçiliyinin yanlışlıqları qanunların adlarından başlanır.
Demək olar ki, bütün qanunlarımızda rus dilindən tərcümə nəticəsində ortaya çıxmış bir “haqqında” sözü işlədilir: Məsələn, “Təhsil haqqında” qanun, “Yol haqqında” qanun, “Meşə təsərrüfatı haqqında” qanun... Bu ifadə tərzlərinin heç biri dilimizin ənənələrindən gəlmir. Əslində, Təhsil qanunu, Yol qanunu, Meşə təsərrüfatı qanunu... yazılmalıdır. Yaxud, idarə, müəssisə adlarında yenə rus dilindən tərcümənin, kalkanın “izləri” aydın görülür. Məsələn, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Dövlət Diaspor Komitəsi adlandırılmalıdır.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası, Milli Qvardiya Komandanının maddi-texniki təchizat üzrə müavini kimi adlarda da rus dilindən mexaniki tərcümənin nəticəsi olan “üzrə” kəlmələri artıqdır.
Təəssüf ki, həm müəssisə adlarında, həm də rəsmi yazışmalarda dilimizin qanunauyğunluqlarından doğmayan çoxlu belə sözlər var.
Yaradıcı yanaşmanın olmadığına görə həm arxaikləşmiş ərəb, fars sözləri, həm də Avropa sözləri öncə qanunlarımıza, sonra da işlək dilə çox asanca daxil olur. Bu baxımdan, iki qanunun dilini gözdən keçirmək yetərlidir. Təhsil qanunu dilimizə - adyunktura, akkreditasiya, dislant təhsil, informal təhsil, innovasiya, kampus, nostrifikasiya, rezidentura, eksternat təhsil, kurikulum, təhsil françayzinqi, tyotor..,
Qiymətli Kağızlar bazarı qanunu isə - anderaytinq, benefisiar, emitent, listinq, institusional investor, marketmeyker, nettinq, repo müqaviləsi kimi sözləri zorla pərçimləyib.
Son illərdə qanunlarımız vasitəsi ilə dilimizə keçmiş yüzlərlə belə söz var. Əslində, bu sözlərin çoxunun ana dilində hamının başa düşəcəyi, dilə yatımlı qarşılığını tapmaq olar. “Dislant təhsil” əvəzinə - uzaqdan və ya məsafədən təhsil, “informal təhsil” yerinə - özeyitim və ya özünütəhsil, “kampus” əvəzinə - tələbə şəhərciyi, hind quşlarının qurultsuna bənzəyən “kurikulum” yerinə - təhsil proqramı, “eksternet təhsil” yerinə “vaxtından əvvəl təhsil” desək, dünya dağılardı?
Təbii ki, mənim atüstü dediklərimdən daha uğurlu variantlar tapmaq olar. “İnvestisiya”, “unifikasiya”, “identifikasiya”, “regional”, “kollokvium”, “miqrasiya”, “kvorium”, “resurs”, “ombudsman”, “prosedur”, “monitor”, “klerinq”, “market”, “kvota”, “koalisiya”,”aksiya”,”arqument”, “bakalavr”, “vakansiya”, “vakuum”,”vizual”, “deqradasiya”,”diskussiya”, “instruksiya”, “kontrast”, “fraza” və s. kimi dilimizə nəzarətsizlikdən və dəb xatirinə gətirilən onlarla sözün ana dilində qarşılığı var və ya yaradıla bilərdi. Bu şəkildə qapıları açıb bütün sözləri içəri buraxsaq, dilimizin taleyi necə olacaq?
Adətən gəlmə sözləri savunanlar “bunlar beynəlxalq sözlərdir, dünya belə işlədir, bizdə belə işlədək” deyirlər. Dünyada “beynəlxalq söz” deyilən bir anlayış yoxdur. Əşya və ya fikir, ideya harada yaranırsa, ilkin olaraq hansı dildə adlandırılırsa, oradan yayılmağa başlayır və çox vaxt özü ilə bərabər adını da aparır. Ancaq dilinin saflığını qorumaq istəyən xalqlar bu kəlmələrin ana dilində qarşılığını tapıb işlədirlər. Yeni kəlmələr qulağa yad gəlsə də, zaman keçdikcə alışqanlığa çevrilir və dildə öz rahat yerini tapır. Amma yuxarıda göstərilən sözlər həmişə ögey olaraq qalır, yazılışda və deyilişdə çətinliklər yaradır.
Bir sıra ərəb və fars kəlmələri var ki, onların da qarşılığının bulunması dili artıq və yabançı yükdən xilas edər. Son illərdə bu işə maraq artıb, hətta istedadlı şairlərimizdən biri belə bir sözlük də hazırlamışdı. Təəssüf ki, o sözlükdəki yüzlərlə dəyərli variant nəzərə alınmadı və ictimai müzakirəsi keçirilmədi. Mənə qalsa, tərəddüd etmədən onlarla realist, müstəmləkə, müştərək, mütərcim, münasibət, vətənpərvərlik, beynəlmiləlçilik, istiqamət, inkişaf, beynəlxalq, xarici, daxili, mütəmadi, nazir, region, vilayət, rayon, müvafiq, müvəffəqiyyət, müqavilə, konstitusiya, məhkəmə, prokurorluq, icra hakimiyyəti və s. sözü lüğət tərkibimizdən çıxarıb, yerinə qarşılığını hər hansı yaxşı oxuyan orta məktəb şagirdinin də bildiyi tər-təmiz sözlərimizi işlədərdim. Dilin bu şəkildə özləşmək gücü varsa, ondan niyə yararlanmamalıyıq?
Bakıda reklamların, müəssisə adlarının, soyadlarımızın milləti və ana dilini saymazlıq səviyyəsində olduğundan çox danışmışıq, yenə danışmalıyıq.
Bu yazını bitirəndə ölkə dışındaydım, çapına tələsməmişdim. Sonra AMEA-dakı dəyərli çıxışında ölkə prezidentinin ana dili barədə söylədiklərini dinləyəndə sevindim. Heç kim Dövlət Proqramının qəbulu ilə dil məsələlərinin biryolluq çözülüb bitəcəyini düşünməməlidir. Ana dilinə qayğı hər bir vətəndaşın işidir, bu, hər evdən, təzə dil açan hər bir körpə ilə ünsiyyətdən, dil ordusunda hər sözün əsgər kimi qorunmasından, gəlmə kəlmələri dildən uzaqlaşdırmaqdan başlanır.