Əsgərlikdən möhlət hüququ kimlərə və nə vaxt veriləcək?

Əsgərlikdən möhlət hüququ kimlərə və nə vaxt veriləcək?

“Bu ildən magistr və doktornaturaya qəbul olan oğlanlara hərbi möhlət hüququ veriləcək”.

Aktual.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

O qeyd edib ki, parlamentin növbədənkənar sessiyasında həmin layihə qəbul edildikdən sonra dövlət rəhbərliyi tərəfindən imzalanacaq.

“Qanunvericilik təşəbbüsünün subyekti məhz ölkə rəhbəridir. Belə olduğu təqdirdə qanunun tətbiq olunması bu il gerçəkləşəcək, avtomatik olaraq magistr kimi təhsil alan, hər hansı səbəbdən hərbi xidmətə getməyən şəxslərə və ya o cümlədən bu yöndə ilk təhsilə başlayacaq magistr və doktorantlara şamil olunacaq. Yeni dəyişiklik xarici məkanda təhsil alanlara eyni dərəcədə aid ediləcək”.

Deputat vurğulayıb ki, qanuna ediləcək dəyişiklik ordu sıralarının azalmasına təsir etməyəcək. “Dərhal soruşulur ki, bu dəyişiklik ordunun formalaşmağına necə təsir göstərə bilər. Yalnız bir arqumenti səsləndirmək istəyirəm. Aprel hadisələrindən sonra 10 minlərlə Azərbaycan oğlu müqavilə qaydasında hərbi sistemə yazıldı və bu yöndə onların seçimləri aparılır. Qarşıdakı dönəmdə onlar peşəkar əsaslarla ordumuzun mühüm qüvvəsinə çevriləcəklər. Belə olan təqdirdə düşünmürəm ki, ordunun sıra sayının azalması kimi problem olsun. Ona görə də ümidvaram ki, qanunun bu ildən tətbiqi imkan verəcək ki, magistr adı qazananların hamısı bu məsələdən faydalana bilsinlər”.

Qeyd edək ki, prezident İlham Əliyevin təşəbbüsü ilə təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişiklikdə magistr və doktorantlara hərbi möhlət hüququnun verilməsi nəzərdə tutulur.

Bu dəyişiklik eyni zamanda “Elm haqqında” qanun layihəsinin üçüncü oxunuşunda da öz əksini tapacaq.
Hər iki qanun layihəsi Milli Məclisin iyunun 21-də keçiriləcək növbədənkənar sessiyasında müzakirə ediləcək.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR