Əsgər Aytmatov “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

Əsgər Aytmatov “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

Qırğızıstanın keçmiş xarici işlər naziri, "Çingiz Aytmatov adına İssık-Kul Forumu”nun prezidenti, "Azərbaycanın qırğız dostları” klubunun prezidenti, Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun oğlu Əsgər Aytmatov "Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində A.Osmonov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasında təşkil edilən rus dilinə tərcümə olunaraq işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimində mükafatı Əsgər Aytmatova "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli təqdim edib.

Jurnalın Redaksiya Şurasının qərarı ilə "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın dostu” qızıl ordeninin Əsgər Aytmatova Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə verildiyini deyən Emil Nəsirli qardaş Qırğız xalqının hər zaman Azərbaycanın yanında olduğunu, onun müstəqilliyini dəstəklədiyini bildirib.
Baş redaktor Emil Nəsirli "Ulu Öndər Heydər Əliyevin irsinin təbliği” beynəlxalq layihəsi çərçivəsində nəşr olunan müəllifi olduğu "Heydər Əliyev. Həyatının 100 anı” kitabının rus dili nüsxəsini Əsgər Aytmatova hədiyyə edib. Emil Nəsirli qeyd edib ki, Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə və ənənəlrə malikdirlər. Bundan başqa bu xalqlar dil və din eyniliyi də birləşdirir.
Sonra Emil Nəsirli bildirib ki, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır.
Görüşdə Emil Nəsirli onu da vurğulayıb ki, Azərbaycanın suverenliyinin bərpası, ilk dəfə ölkənin hər yerində seçki keçirilməsi imkanı və ötən il prezident kimi möhtərəm Prezident cənab İlham Əliyevin fəaliyyətinin 20 ilinin tamam olması ilə əlaqədar ölkəmizdə fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcəkdir. 
Çıxışının sonunda Emil Nəsirli deyib: "Fürsətdən istifadə edərək Qırğızıstanda yaşayan bütün soydaşlarımızı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə uğurlu davamçısı, ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, həmçinin əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində xalqımıza  Qarabağ Zəfəri qazandiraraq adını qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıram!”.
Sonra Azərbaycanla Qırğızıstan arasında bərqərar olan yüksək səviyyəli siyasi dialoqun olduğunu bəyan edən baş redaktor Emil Nəsirli onu da əlavə edib ki, iqtisadi sahədə ikitərəfli əməkdaşlıq da uğurla inkişaf edir. 
 Çingiz Aytmatovun yaradıcılığından danışan Emil Nəsirli bildirib ki, hələ gənclik illərində nəinki Mərkəzi Asiya Respublikaları oxucularının, həm də regiondan kənarda yerləşən türkdilli ölkələrin oxucularının xüsusi diqqət mərkəzində olmuşdur. Xüsusilə bu, Azərbaycana və Türkiyəyə  aiddir.
Emil Nəsirli onu da əlavə edib ki, 2008-ci ildə Qırğızıstan Respublikasında "Çingiz Aytmatov ili” elan olunmuşdu. Qırğızıstan və Azərbaycan xalqlarının dostluğu əlaməti kimi həmin il fevral ayının 24-dən martın 1-nə kimi Bakıda "Çingiz Aytmatov ili”nə həsr edilmiş rəsmi tədbirlər keçirilmişdi. Həmin tarixlərdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən Çingiz Aytmatovun Bakıya səfəri təşkil olunmuşdu. Səfər çərçivəsində Prezident İlham Əliyev Çingiz Aytmatovu qəbul edərək onun yaradıcılığını yüksək qiymətləndirmişdi. Şübhəsiz ki, bu yaddaqalan görüşün bizim üçün ən unudulmaz nəticəsi Çingiz Aytmatovun Prezident İlham Əliyev tərəfindən "Dostluq” Ordeni ilə təltif edilməsi oldu.

Tədbirdə Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev çıxış edərək ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin fasiləsiz inkişafından və mədəni əlaqələrin möhkəmlənməsindən söz açıb. Səfir Çingiz Aytmatovun Azərbaycanı özünün ikinci vətəni saydığını, ölkəmizdə böyük ədibin yaradıcılığının çox sevildiyini vurğulayıb. Çıxışında Çingiz Aytmatovun ictimai-siyasi, diplomatik fəaliyyəti barədə də danışıb. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər, xalqlar və ölkələr arasında qarşılıqlı anlaşmanı və qarşılıqlı əlaqəni təşviq edən Çingiz Aytmatov ölkəsini xaricdə layiqincə təmsil edib.
Səfir Kayrat Osmonaliyev onu da vurğulayıb ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni, idman və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu əlaqələrin inkişafında Qırğız Respublikasının keçmiş xarici işlər naziri, Ç.Aytmatov adına  "Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti Əsgər Aytmatovun da müstəsna xidmətlərini yüksək qiymətləndirən Kayrat Osmonaliyev bildirib ki, atası - türk dünyasının dahi şəxsiyyəti Çingiz Aytmatovun təməlini qoyduğu Azərbaycan-Qırğızıstan dostluq və qardaşlıq əlaqələrinin inkişafını bu gün uğurla davam etdirən Əsgər Aytmatovun "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Dostu” qızıl Ordeninə layiq görülməsi ona verilən ən layiqli qiymətin göstəricisidir.

Qırğız Respublikasının keçmiş xarici işlər naziri, Ç.Aytmatov adına  "Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti Əsgər Aytmatov da öz növbəsində "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə onu bu mükafata layiq gördüklərinə görə təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. Əsgər Aytmatov da atası Çingiz Aytmatovun Azərbaycana böyük sevgi bəslədiyini bildirib. Çingiz Aytmatovun Azərbaycanın böyük dostu olduğunu xatırladıb. Ə.Aytmatov deyib ki, ölkəmizə dəfələrlə səfər etmiş Çingiz Aytmatov Azərbaycan xalqı, onun mədəniyyəti haqqında dəyərli fikirlər söyləmişdir. Azərbaycan xalqı da öz növbəsində Çingiz Aytmatova çox yaxın və əziz yazıçı kimi baxaraq, onun yaradıcılığına böyük diqqət və rəğbət bəsləyir. O, əlavə edib ki, münasibətlərimizdəki canlanma rəsmi Bakının Qırğızıstandan çoxdan gözlədiyi mühüm siqnaldan sonra başladı ki, bu da ölkəmizin Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması və ölkənizin ərazi bütövlüyünün bərpası istiqamətində səyləri dəstəkləməsindən ibarətdir. Qırğızıstanın vətəndaş cəmiyyətinin mövqeyi də bunda öz rolunu oynadı: Qarabağda hərbi əməliyyatların qızğın vaxtında Bişkekdə "Azərbaycanın qırğız dostları” klubu yaradıldı, təsis konfransında Azərbaycan ordusuna və onun Ali Baş komandanına tam dəstək ifadə edildi.
"Əminəm ki, Türk Dövlətləri Təşkilatında (TDT) artan əməkdaşlıq çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əlaqələri inkişaf etdirmək üçün böyük potensialımız var” deyə Ə.Aytmatov bildirdi.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana, Qırğızıstan Prezident Sadır Japarovun Azərbaycana səfərlərinin, həmin görüşlərdə qarşılıqlı maraqlara xidmət edən məsələlərin, mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaratması barədə geniş fikir mübadiləsi aparılıb.













Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR