Corciya ştatının Nümayəndələr Palatasının üzvləri Patrisiya Qardner və Demetrius Duqlas Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova məktub göndərib. Hər iki konqresmen rəsmi İrəvanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı separatçı rejimin tanınmasına çağıran HR1580 və HR1574 saylı qətnamələrin müəllifləridir.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, qanunvericilər məktublarında HR1580 və HR1574 saylı qətnamə layihələri ilə bağlı həmkarlarına göndərilən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair informasiyanın təqdim olunduğu müraciətə görə minnətdarlıqlarını ifadə ediblər. Konqresmenlər vurğulayıblar ki, münaqişəni ətraflı öyrəndikdən, habelə ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan xəbərdar olduqdan sonra HR1580 qətnaməsinə dəstək verməkdən imtina ediblər. Qanunvericilər, həmçinin qeyd ediblər ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına almaq niyyətində olmayıblar.
Məktub müəllifləri bildirirlər ki, son 24 ildə Azərbaycan özünü Amerika Birləşmiş Ştatların etibarlı və sınanmış müttəfiqi kimi göstərib. Rəsmi Bakı beynəlxalq terrorizm, narkotik vasitələrin qanunsuz ticarəti və insan alveri, habelə kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə ABŞ-a dəstək verib. Azərbaycana dəstək ifadə edən Patrisiya Qardner və Demetrius Duqlas Nümayəndələr Palatasına HR1892 saylı yeni qətnamə layihəsi təqdim etdiklərini bildiriblər. Həmin layihədə ABŞ-ın Azərbaycanla energetika və təhlükəsizlik sahələrində strateji əməkdaşlığına dəstək verilir, ölkəmizin strateji əhəmiyyəti, həmçinin suverenliyi və ərazi bütövlüyü tanınır.
Beləliklə, erməni lobbisinin, o cümlədən Amerika Erməni Milli Komitəsinin Xankəndidəki oyuncaq rejimin tanınmasına dair fəaliyyəti iflasa uğrayıb.
Xatırladaq ki, rəsmi İrəvanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı separatçı rejimin tanınmasına çağıran HR1580 və HR1574 saylı qətnamə layihələri eyni gündə Corciya ştatının Nümayəndələr Palatasına təqdim olunub. Hər iki qətnamə Azərbaycan tərəfinin, o cümlədən ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) müdaxiləsindən sonra geri götürülüb. Qanunvericilərə Dağlıq Qarabağ münaqişəsi, ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlıq, seçicilər və Corciya ştatındakı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşlər haqqında ətraflı məlumat verilib.