"Bir neçə gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana, daha dəqiq desək Şuşa şəhərinə səfəri baş tutacaq. Ərdoğan Şuşaya səfər edəcək ilk Türkiyə dövlət başçısı olaraq tarixə düşəcək. Bu mənada bu səfəri tarixi səfər kimi də dəyərləndirmək olar. Verilən bəzi məlumatlara görə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da bu səfərdə iştirak etməlidir. Həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də MHP başçısı Dövlət Baxçalının Şuşaya birgə səfərinin çox böyük önəmi var və bu səfər bəzi böyük dövlətlərə mesaj xarakteri daşıyır".
Aktual.az xəbər verir ki, bu barədə siyasi şərhçi Samir Hümbətov bildirib.
O qeyd edib ki, bu səfər çərçivəsində bir neçə obyektin açılışı da gözlənilir:
"Bunların sırasında Milliyətçi Hərəkat Partiyasının Şuşada tikdirdiyi məktəb, Türkiyənin Şuşadakı konsulluğu və sair obyektlər var. Gözlənilir ki, bu səfər çərçivəsində tərəflər arasında hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bəzi razılıqlar əldə olunsun. Birincisi, Türkiyə hakimiyyəti bununla açıq şəkildə bildirir ki, qardaş Azərbaycana münasibətdə bizdə iqtidar yaxud müxalifət söhbəti yoxdur. İkincisi, Türkiyə artıq regionda var və bu varlığı daimidir. Üçüncüsü, Azərbaycana qarşı olan təhdidlər həm də Türkiyəyə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilir və Türkiyənin cavabı ən üst səviyyədə olacaq. Dördüncüsü, Azərbaycan bütün dövlətlərlə dost və strateji müttəfiq ola bilər, amma Türkiyə ilə qardaş dövlətdir".
Siyasi şərhçinin fikrincə, Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri qaranlıq qalan çox məsələlərin aydınlanmasına kömək edəcək.
Xəbər 392 dəfə oxunub.