Ən böyük cihad – QABİL ABBASOĞLU YAZIR

Ən böyük cihad   – QABİL ABBASOĞLU YAZIR

  • QABİL ABBASOĞLU
 
Oxu, balam...Oxu...Oxu...
 

Birinci sinfə getdiyim günü indiki kimi xatırlayıram. Və yəqin ki bunu həmişə deyə biləcəm. O vaxt bu günün indi dərk etdiyim mənasını anlamırdım, təbii. Amma həyatımdakı yerini nəinki illər, hətta günlər belə ötdükcə daha çox anlayıram...

Bu yazıda bu gün məktəb qapısından keçən övladlarla danışmaq istəyirəm. 

***

...Sən, əlbəttə, bu gün yay günlərinin rahat yuxusundan ayrılmağın əziyyətinin hayındasan. Sən isə, balaca, həm də ilk dəfə getdiyin məktəbin həyətindən tutmuş sinif otaqlarına qədər bütün yeniliklərə dörd gözlə baxırsan.

Bax, tanı, alış, öyrəş, öyrən...

Bu, məktəbdi. Burda günlər günlərin üstünə yığıldıqca sənin düşüncənin sərhədləri böyüyəcək. Həyatı tanıyacaqsan. Kitablar əlindən tutub addım-addım qabağa apardıqca yorulmağın var hələ. Hər addımın əziyyətli olacaq. Buranın sevinci də zəhmətə bükülüdü, balam...

Bu, məktəbdi. Burda səni dünyaya küsdürən şeylər də görəcəksən. Bir böyüyünün sənin gözündə çilik-çilik olmasının məyusluğu var qabaqda. Bir uğurun havasına özünü göylərdə hiss etməyin eşqi var...

Bu, məktəbdi. Burda könlünü güldürən, içini titrədən sevgiylə tanış olacaqsan. Yar olub yanında qalan da olacaq, yara olub könlündə yer eləyən də...

Bu, məktəbdi, balam, bax bu dəqiqə baxdığın o divarların, o pəncərələrin, o dəhlizlərin, o pilləkənlərin, o üzlərin, qulağını oxşayan o gülüşlərin şəkli bir ömür yaddaşından çıxmayacaq.

Səndən əvvəlkilər kimi, sən də öz müəllimini dünyanın ən yaxşı, ən sevimli, ən bilikli müəllimi sayacaqsan. Bir vaxt özündən sonrakılara danışanda, “indi hardadı o cür müəllimlər” deyəcəksən. Biz də elə demişik. Bizə də elə deyiblər. Bizə deyənlərə də...

Və belə deyənlərin hamısı haqlıdır. Çünki müəllim olmaq – elə ən yaxşı olmaq, ən sevimli, ən bilikli olmaq deməkdir.

Bütün bunların içində, yanında sənin bir işin var - Bilmək.

İçində böyüdüyün ailən var, cəmiyyətin var. Hər dəfə pisliklə rastlaşanda lənətlədiyin, küsdüyün, incidiyin cəmiyyət. Onun da yaralarını sarıyacaqsan. Elmlə, biliklə. Dünyada bütün canlılar özünü düşünə bilir. Ətrafını, cəmiyyətini düşünən, onun üçün şüurlu olaraq vuruşan, qəhrəman olan, ölən... canlı təkcə insandı. 

Biri çıxacaq qarşına, rüşvət istəyəcək bir gün. Biri sənə özcə haqqını tanımayacaq. Biri gələcək, yolunun üstünə dikiləcək. Başqası sənin yerinə can atacaq. Sən onu düşünəcəksən, ona görə ağrıyacaqsan, təəssüf edəcəksən, o isə özünü düşünəcək, özü üçün çalışacaq, özünə işləyəcək. Qızma. Düşün. Anla. Tap. Sağalt... 

Bilik - ən təsirli dərmandı.

Bilik - ən güclü silahdı.

Bilik - ən kamil dindi, ən böyük cihaddı.

İnanmaq yoxdu, öyrənmək var. Bilmək var!

Hazır reseptlərlə yaşamaq, hazır ehkamlara boyun əymək yoxdu. O cür yaşamaqda sən yoxsan... kimsə var, sən yoxsan. Kimsə, nəsə sənin əvəzindən heç nə etməyib, etməyəcək. Sən öz dünyanı özün quracaqsan. 

Bu gün sən sinif otağındasan, universitet auditoriyasındasan. Hardasansa, məbəd oradı. Zamanı itirmə. Sonra tapa bilməyəcəksən...

Oxu, balam...

Oxu...

Oxu...

Bu yazını Turala, Xəzərə, Elnura, Toğrula, İlknura, Saraya, Ərtoğrula, Aytənə, Gülxara, Murada, Nigara, Ülkərə, Fidana, Türkaya, Aynura, Ərənə, Tunara, Turquta, Dumana, Cavidana, Günelə, Ramala, Ülviyə, Banıçiçəyə, İnqilaba, Nümunəyə, Çimnaza, Mehraca, Elgünə, Banuya, Aylinə... yazdım. (lent.az)

Xəbər 1624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR