Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların növbəti qəbulunu keçirib
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən keçirilən qəbulda idarə və müəssisə rəhbərləri ilə yanaşı 50- nəfərə yaxın vətəndaş iştirak edib. Yığıncaqda vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb, onların ehtiyacları qanunun tələblərinə uyğun olaraq təmin edilib.
Qəbula gələnlər arasında təkcə problemi olanlar deyil, qaldırılan məsələlərin şəhər rəhbərliyi tərəfindən operativ həll edildiyi üçün minnətdarlıq edənlər də var idi. Onlar ölkə başçısının tapşırığına əsasən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşan və tez-tez onlarla görüşüb arzu və istəklərini dinləyərək həll edən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə razılıqlarını bildirib.
Diqqətə çatdırıblar ki, bir ayda 3 dəfə sakinlərlə görüşən Elmar Vəliyevin verdiyi tapşırıqlar qısa vaxt ərzində yerinə yetirilmişdir. Vətəndaşlar əvvəlki qəbullarda olduğu kimi bu görüşdə də qaldıracaqları məsələlərin vaxtında həll ediləcəyinə əminlik ifadə ediblər.
Müraciətlər əsasən məşğulluğun və əlillərin əlil arabası ilə təmin edilməsi, mübahisəli mənzil məsələləri, yeni inşa edilmiş fərdi evlərə su və qaz xətlərinin çəkilməsi və sair məsələlərlə bağlı olub. Qəbul zamanı İcra Hakimiyyətinin başçısı hər bir vətəndaşı diqqətlə dinləyərək qaldırılan məsələlərin bir qismini yerindəcə həll etmiş, bir qisminin isə həll edilməsi üçün tapşırıqlar verib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qəbul zamanı şəhər əhalisinin məişət problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış və diqqətə çatdırıb ki, artıq sakinləri narahat edən bir çox məsələlər öz həllini tapmaqdadır. O cümlədən su və kanalizasiya layihələrinin birinci hissəsi başa çatmaq üzrədir. Layihə başa çatdıqdan sonra demək olar bu sahədə mövcud narazılıqlara son qoyulacaq. 2017-ci ilin sonuna kimi isə işıq və qazla bağlı layihələrə yekun vurulacaq.
Qəbuldan razılıqla gedən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlıq ediblər.