"Təklif olunmuş internet terminlərinin bəziləri uğursuz və yanlış göstərilib. Bu sözlərin ana dilimizdə qarşılığı olduğu halda inigilis dilindən transliterasiya edilməsi doğru deyil".
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu fikirləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının internet terminləri ilə bağlı çıxardığı qərara münasibət bildirərkən deyib.
"Məsələn, "e-mail"- imeyl sözü, "e-poçt", "e-məktub" (necə ki, "e-hökumət deyilir) kimi yazılsa daha doğru olar. "Line - layn" və "provider - provayder" sözlərinin Azərbaycan dilində qarşılığı var - "line - xətt", "provider - qovşaq" kimi yazılmalıdır. Dünyada tanınmış brend adlarının transliterasiya edilməsi nə qədər doğrudur... "facebook" - feysbuk, "twitter" - tvitter, "instagram" - instaqram, "google" - quql kimi yazılmasını uğursuz sayıram. Hətta brendin sahibi olan şirkətlərin buna etiraz etməsi qaçılmazdır", - deyə İsmayıloğlu qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.
Yeni qaydaya görə, "skype" - skayp, "site" - sayt, "provider" - provayder, "facebook" - feysbuk, "twitter" - tvitter, "instagram" - instaqram və s. kimi yazılmalıdır.