Müşfiq Ələsgərli
Seçki təşviqatı kampaniyasının bitməsinə sayılı günlər qalıb. Bir aya yaxın müddətdə davam edən və oktyabrın 30-da tamamlanacaq kampaniyadan maksimum yararlanmaq istəyən deputatlığa namizədlər sıx qrafiklə işləyərək seçicilərin səsini almaq üçün ən müxtəlif vasitələrə əl atırlar. Konsert təşkil edən, ehsan verən, kimsəsizləri yad edən, şəhid anasını qucaqlayıb ağlayan, əlillərə, xəstələrə baş çəkən, onların problemlərini həll edəcəyini vəd edən namizəddən başlamış su çatışmazlığı yaşayan bölgələrin təminatını boynuna götürənlərə qədər hər kəs var aralarında. Kəndlərə yol çəkdirəcəyini, bölgələrdə işsizlik problemi yaşayanların müşkülünü həll edəcəyini, elektrik dirəklərini, qaz xətlərini təmir etdirəcəyini vəd verənlər də var. Bu vədləri oxuyanda elə təəssürat yaranır ki, seçki qutusundan adları qalib kimi çıxacağı təqdirdə, bu şəxslər ölkədə həllini tapmamış problem qoymayacaqlar. Ölkədə azad internetin, sosial şəbəkələrin, onlayn medianın inkişafı və burada ödənişsiz təbliğat aparmaq imkanları şərait yaradıb ki, deputatlığa namizədlər həyata keçirdikləri görüşləri, seçicilərə verdikləri vədləri ictimailəşdirərək "qapalı dairədən" çıxsınlar, təkcə səsinə ehtiyac duyduqları seçki dairəsində deyil, "ümumölkə səviyyəsində qəhrəmana" çevrilsinlər.
Müəyyən qədər niyyətlərinə çatırlar da. Ölkə əhalisinin 75-80 faizinin internet istifadəçisi olmasına baxmayaraq, bu sahənin incəliklərinə bələd olanlar barədə eyni rəqəmi səsləndirmək olmaz. Bu nüansdan yararlanan internet aktivistləri deputatlığa namizədlərin reklam olunub ümumölkə miqyaslı ictimai şəxsə çevrilmək arzularını çox asan yol və uyğun qiymətlərlə reallaşdıra bilirlər. Məsələn, internet istifadəçisi olan sadə vətəndaş fərqinə varmır ki, namizədlərin reytinqini müəyyənləşdirən xəbər portallarının istifadə etdikləri üsullardan biri də, rəy sorğusunun konkret dairə üzrə deyil, ümumölkə səviyyəsində təşkil edilməsidir. "N" saylı seçki dairəsi üzrə namizəd olan şəxs barədə bu dairəyə heç bir aidiyyəti olmayan, yüz kilometrlərlə kənarda yaşayan, yaxud, ümumiyyətlə, seçki yaşı tamamlanmayan şəxslər də sorğuya qatılıb müsbət rəy verə bilərlər. Yeni kəşf edilən internet karusel əməliyyatını da əlavə etsək, onda namizədlərin reytinq cədvəllərinin hansı vasitələrlə qurulması barədə təsəvvür əldə etmək mümkündür. Amma bu, məsələnin çox da əhəmiyyətli olmayan, hələlik qanunla yasaqlanmayan tərəfidir. Əsas problem yuxarıda təsvir edilən aldadıcı vədlərlə bağlıdır. Çünki bu, həm də hüquqi məsuliyyət yaradan bir məqamdır.
Deputatlığa namizəd təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərə hansı vədləri verə bilər? Sosial problemlərin həlli, məişət qayğılarının aradan qaldırılması, ağır xəstələrin müalicəsinin təşkili, yollar, su, qaz xətlərinin çəkilişi, rifah halının yüksəldilməsinə yardım yönündə vədlər vermək deputatlığa namizədin və ya gələcək deputatın kompetensiyasına daxildirmi? Yaxud, həll edilməsi qeyri-real görünən problemlərin həll ediləcəyinə dair aldadıcı vəd verilirsə, namizəd üçün buna görə məsuliyyət nəzərdə tutulurmu?
Deputatlığa namizədin və ya gələcək deputatın səlahiyyət çərçivələri Azərbaycan Respublikasının Konstitusiyasında (94-95-ci maddələr), "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanun"da (II-III fəsil) açıq və səlis formada əks edilib. Qanunda göstərilir ki, deputat seçicilərinin pozulmuş hüquqlarının bərpası, azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlər çərçivəsində məsələlər qaldıra bilər. Göründüyü kimi, qanun deputata seçicilərin hüquq və azadlıqlarının müdafiəsi, pozulmuş hüquqlarının bərpası üçün geniş səlahiyyət versə də (bu məqam qanunun ayrı-ayrı bəndlərində təkrarlanır), sosial proqramların tərtibi və gerçəkləşdirilməsi üçün birmənalı yanaşma yoxdur. Sosial sahədə deputatın töhvəsi, bu yöndə qaunvericiliyin təkmilləşdirilməsinə çalışmaqdan ibarət ola bilər. Məsələn, namizəd deyə bilər ki, Azərbaycanda kişilər üçün pensiya yaşının 63-dən 65-ə qaldırılmasına qarşı olub, yaş həddinin olduğu kumu qorunmasına çalışacaq. Bu, Milli Məclisin deputatının səlahiyyətlərinə daxildir və namizəd də deputatın statusuna daxil olan məsələlərlə bağlı vədlərlə çıxış edə bilər. "İmkanlarımdan istifadə edib ev alacağam, torpaq sahəsi ayıracağam, müalicəyə göndərəcəyəm" kimi vədlər seçiciləri ələ almaqdır və qanun belə ələ alma vasitələrindən istifadəni qadağan edir. Hətta qanuna əsasən, həmin şəxsin deputatlığa namizədliyi ləğv də edilə bilər. Mərkəzi Seçki Komissiyasının namizədlər üçün hazırladığı "Yaddaş kitabçası"nda, həmçinin Azərbaycan Respublikasının Seçki Məcəlləsində açıq şəkildə göstərilir ki, seçicilərə aldadıcı, şirnikləşdirici vədlər vermək, qiymətli hədiyyələr təqdim etmək və ya vəd vermək qanunla yasaqlanır.
Azərbaycan seçicisi kifayət qədər ayıq və təcrübəlidir. Yayılan xəbərlərdən də görünür ki, o, yalan və aldadıcı vədləri dərhal dəyərləndirmək, yanlışı üzə çıxarmaq iqtidarındadır. İnanaq ki, seçici auditoriyası seçki prosesində yeni tətbiq edilən aldadıcı "internet texnologiyalarının" da tezliklə fərqinə varıb seçki günü həqiqəti seçməyi bacaracaq.