Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
DQDİK-nin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda komitə sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılmasıdır.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini icmalara həyata keçirəcəkləri layihələrdə dini ənənələrimizi və milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamına uyğun olaraq indiyədək 77 dini icmaya maliyyə yardımı verilib ki, bunların 19-u qeyri-islam, 58-i isə İslam dini icmalarıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilməkdədir.