"Bu oyunları təşkil və təşviq edən keçmiş səfirimizdir" - Deputat sensasion faktları açıqladı


Elşən Musayev:" Din dövlətdən ayrıdır, dövlət dindən yox"

 

Son zamanlar daxili və xarici siyasətdə baş verən çox mühüm hadisələrlə bağlı suallarımıza cavab almaq üçün millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə müraciət etdik.

 

Aktual.az bununla bağlı Elşən Musayevin "Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- Elşən bəy, xoş gəlmisiniz.

- Xoş gününüz olsun.

- Başlayaq Qarabağ mövzusundan. Məlum kontekstdə abstrakt gedişat müşahidə olunur: Hakimiyyətə gəldikdən sonra Paşinyanın və ailəsinin verdiyi açıqlamalar, Beynəlxalq Təşkilatlarda təmsil olunan bəzi ermənipərəst deputatların qondarma rejimlə sıx təmasa keçməsi və s. Nə baş verir ya da verməkdədir?

- Paşinyan hakimiyyətə "Qarabağ klanı”nın dəstəyini qazanmadan gəlib, bu səbəbdən birinci etapda bütün cəhdlər ona hesablandı ki, həmin klan zərərsizləşdirilsin, ən azından neytrallaşsın. Eyni zamanda parlament. Hansı ki, 80 faiz etibarilə Sarkisyanın adamlarıdır. Düzdür, haqlı olaraq soruşa bilərsiniz, bəs hazırkı parlamentdən 3-də 2 çoxluqla səs necə alındı və hakimiyyət dəyişdi? Bu artıq mövcud şəraitin və qlobal təsirlərin nəticəsi idi. Böyük xalq ordusu, gözlənilməz təpki, fors-major durum və ən nəhayət, Rusiyanın seyrçi qalması Sarkisyan üçün alternativ qoymadı. Getdi. Fəqət, aydın məsələdir ki, qayıtmaq üçün getdi.

- Yəni, qayıtmaq şansı var.

- Qayıtmaq istəyi var.

- Rusiya niyə seyrçi qaldı?

- Çünki Sarkisyanın Qərblə açıq işbirliyi təsbit olundu.

- Amma Paşinyan da Qərbyönümlüdür.

- Tamamilə doğrudur. Sadəcə fərq ondadır ki, dünyanın böyük gücləri yönümü əvvəldən bəlli olanların yönümünü dəyişməyə çalışır, satqınları isə bitirir. Bəzən hətta susqunluqla. Müstəqil siyasət yürütməməyin, yürüdə bilməməyin bədəli budur.

- Paşinyan növbəti parlament seçkilərində özünə uyğun heyət formalaşdıra biləcəkmi?

- Çətin görünür. Çünki mövqeləri əhəmiyyətli dərəcədə sarsılıb. Amma bunu bacarsa, ardınca çox böyük həbs dalğası başlayacaq. Elə bir dalğa ki, erməni həbsxanaları həmin dalğanı qarşılayacaq qüdrətdə deyil. Hətta Paşinyan tərəfindən bunun işartıları da verilib - bir neçə siyasinin istintaqa cəlb edilməsi ilə. Sadəcə paralel xətdə cəmiyyətin impulsu da önəmlidir, nəzərə alınır. Ona görə tələsmir, götür-qoy edir və deyim ki, bəzən Azərbaycanla, Qarabağla bağlı səsləndirilən dəxilsiz açıqlamalar da Paşinyanın affekt durumda fikir yayındırma cəhdidir. Hərçənd qlobal baxışın ehtiva etdiyi mənzərə budur ki, mövcud durumda Qarabağ savaşının başlaması ən az Paşinyanın özünə sərf edir və bu bəlkə də hazırkı situasiyada onun sonu deməkdir. Ayrıca, nəzərə alaq ki, Rusiya ilə münasibətlər də son 30 ilin ən soyuq, aşağı dinamikaya yönələn etapındadır.

- Yəni, Rusiyadan qopmuş Ermənistan məhvə məhkumdur.

- Qarabağ münaqişəsində ədalətsiz tərəf kimi ad çıxarmış, minlərlə günahsız insanın qan haqqına girmiş, Xocalı boyda qətliamı törətməkdən çəkinməmiş Ermənistan bütün hallarda məhvə məhkumdur.

- Bir müddət öncə həmkarınız Qüdrət Həsənquliyev belə bir bəyanatla çıxış etdi ki, Qarabağ düyününün açarı Rusiyadır, danışıq onlarla getməlidir və media, sosial şəbəkələr bu haqda geniş müzakirələr açdı. Fikri müdafiə edənlər də tapıldı, təpki verənlər də.

- Qüdrət bəy bu ölkənin ən ləyaqətli, ən dövlətcil, ən dürüst insanlarından biridir. Məsələ ilə bağlı düşüncəm isə bundan ibarətdir ki, onun söylədiyi bəzi cümlələr həmin vaxt əsas kontekstdən çıxarılmışdı. Kimə necə sərf etmişdisə, elə də şərh vermişdi.

- Siz o fikirlə razısınız ki, Qarabağ düyününün açarı Rusiyanın əlindədir?

- Mən o fikirlə razıyam ki, Qarabağın işğal olunmuş əraziləri birmənalı şəkildə düşmən tapdağından, erməni separatçılarından azad olunmalı, ərazi bütövlüyümüz təmin edilməlidir.

- Ölkədə bir neçə ay öncə ciddi hadisələr baş verdi, icra başçısı güllələndi, 2 polis zabiti qətlə yetirildi. Bu həqiqətən terror idi, yoxsa dövlət məmuruna qarşı fərdi aqressiyadan doğan nəticə?

- İstənilən insana, ələlxüsus da dövlətin önəmli postunda oturan şəxsə qarşı qeyri-qanuni, silahlı addım cinayətdir. Lokal və ya qeyri-lokal səviyyədə. Fərq etməz. Mövzuya hansı rakursdan baxırsan bax, adını nə qoyursan qoy: terror, silahlı basqın, sui-qəsdə cəhd, qanlı cinayət – yenə dəyişən bir şey olmayacaq. Bu addım hüquqi dövlətin, müasir sivilizasiyanın məqbullar siyahısında ola, təqdir edilə bilməz.

- Gəncə hadisələrində din faktoru vardımı?

- Bu sualın cavabını məhkəmə istintaqı verəcək.

- Ümumən din faktorunun hüquqi dövlətdə qabardılması nə dərəcədə məqbul və düzgündür? Hətta əsas qanunumuz konstitusiyaya görə də din dövlətdən ayrıdır.

- Din dövlətdən ayrıdır, dövlət dindən yox.

- Mövzunun səmtini bir az dəyişək: son vaxtlar siyasi cəbhənin tanınmış, eyni zamanda yaşlı simaları öz müsahibələrində açıqca bildirdilər ki, gənclərin yeri parlament deyil, auditoriyalardır. Parlamentdə yaşlı nəsil təmsil olunmalıdır.

- Biz demokratik cəmiyyətdə yaşayırıq. Ona görə də hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma nəzərə alaq ki, parlamenti xalq seçir və son referendum aktında tövsiyə olunan və xalqın da dəstəklədiyi müddəalardan biri passiv seçki hüququnun – seçilmək hüququnun genişlənməsi, yaş həddinin azalması, daha konkret desək, parlamentə seçilmək üçün tələb olunan yaş imkanının 25-dən 18-ə endirilməsi idi. Bu isə o anlama gəlir ki, istedadlı gənclərə daha geniş meydanların açılması mövcud iqtidarın yürütdüyü siyasətin prioritetlərindən biridir. Biz bu prioritetin bariz nümunəsini Nazirlər Kabinetinin son tərkibində də müşahidə etdik.

- Parlament demişkən, Milli Məclisə növbədənkənar seçkilərin də keçiriləcəyi ilə bağlı davamlı fikirlər səslənir. Realdırmı?

- Növbədənkənar parlament seçkiləri növbədənkənar ehtimaldan savayı bir şey deyil. Ən azından indiki məqamda.

- Elşən bəy, mümkünsə sualıma tam səmimi cavab verin: Bizdə parlament demokratiyası varmı?

- Mənim düşüncəmə görə var. Üstəlik, yetərincə.

- Olubmu ki, hansısa tənqidi fikirlərinizə görə sonradan sizə irad tutulsun?

- Olmayıb. Mən pərdə arxasında, telefon zəngi ilə, mesajla heç bir irad eşitməmişəm. Üzbəüz kimsə, dostca nəsə münasibətini bildirə və ya alternativ fikir söyləyə bilər. Bu başqa. Amma bilirəm, parlament rəhbərliyini nəzərdə tutursunuz. Oqtay müəllim sözü, tövsiyəni, iradı iclasın gedişində deyir. Bu durumun özü də demokratiyanın və açıq polemikanın ən gözəl nümunələrindən biridir.

- Bu arada, dolların qiyməti də qalxır...

- Yaxşı edir, qoy qalxsın. Hər halda neft ölkəsi olaraq bu bizə sərfdir. Üstəlik, demək ki, böyük güclər arasında imitasiya xarakterli "soyuq müharibə” də bitməyə doğru gedir. Daha dəqiqi, bitmiş hesab oluna bilər.

- Bir az konkretləşdirsək...

- Yaşadığımız qərinənin adını "nüvə əsri” qoyublar. Əslində isə bu informasiya əsridir. Kimin informasiya mübadiləsi, əks-kəşfiyyatı, qorunma və məlumat mexanizmi daha möhkəmdirsə, güclü olan da odur. Kim Çen İnni sevdiyini deyən Qərb lideri əslində sətiraltı formada və bu timsalda informasiya zənginliyinə, real gücə olan ehtiramını necə ifadə edirsə, həmin hörmət yıxılmanın son nöqtəsində belə sinəsi yerə dəyməyən, inersiya formasında qalxan, güclənən Rusiyaya, Putinə də vardır. Sadəcə publik olmayan formada.

- Amma Rusiyaya tətbiq olunan sanksiyalar günü-gündən artır.

- Sanksiyalarla bərabər neftin qiyməti də artır. Hər sanksiyadan sonra təxminən 15 dollar . Yəni, neftin qiymətinin qalxması əslində bir kompensasiyadır.

- Sanksiyalar Rusiyadan nə aldı ki? Heç nə. Əksinə, Türkiyə kimi böyük bir müttəfiqi qazandırdı.

- Deməzdim. Həmin sanksiyalar Rusiyadan Beynəlxalq təşkilatlardakı böyük tribunaları, meydanları aldı. Böyük dövlətlər meydanları özləri yaradır, tribunaların yerini özləri ayarlayırlar. Bir az da loru desəm, dəvətnamə almırlar, dəvət göndərirlər. Fakt budur ki, məlum hadisələrdən sonra Putin Rusiyası bir az da gücləndi, Krım söhbəti də unuduldu getdi arxivdəki qovluqlardan birinə.

- Rusiya bizim dostumuzdurmu?

- Rusiya bizim strateji müttəfiqimizdir.

- O zaman Azərbaycan hakimiyyətini qınayan açıqlamalar niyə əsasən məhz Rusiya mediasından, siyasi kuluarlarından, parlamentindən gəlir? Məsələn, ən son Zatulin nümunəsi olsun. Söylədiyi fikirlərlə hətta Milli Məclisdə belə ciddi müzakirələrə yol açdı. Üstəlik, son zamanlar xaricdə yaşayan və ölkə rəhbərliyinə nifrinlər püskürən qruplaşmanın da rus kəşfiyyatının əlində alət olması haqda ciddi faktlar gündəmi zəbt edib.

- Biz əgər bütün mövzulara bənzər məntiqlə yanaşsaq, o zaman gərək həftə səkkiz-mən doqquz hansısa dövlətə savaş elan edək. Zatulin axı Rusiya demək deyil. Bir deputatın fikrinə elə bir deputatın fikri kimi də yanaşmaq lazımdır. Zamanında Azərbaycan parlamentində Jak Şiraka ölüm istənilmişdi. Nə olsun? Nəsə dəyişdi? Ölkələrin diplomatik bağı qopdu? Yox, təbii. Odur ki, belə mövzularda təzyiqi qaldırmaq deyil, aşağı salıb, daha səbrli olmaq lazımdır. Önəmli olan Putinin və Rusiyanın "açar” fiqurlarının fikirləridir, münasibətidir. Həmin münasibətlər də ən yüksək səviyyədədir. O ki qaldı, xaricdə yaşayan və ölkənin ən dəyərli insanlarına dil uzadan, hədyanlar yağdıran ünsürlərə...eyni adlı mövzu üzərindən o qədər danışmışıq, artıq söylənəcək nəsə qalmayıb. Bu haqda tək bir şey deyə bilərəm: siyasət söyüş sənəti deyil və millət dərdi çəkdiyini deyənlər öz çıxışlarını millətə yönəlik, millətə ünvanlanmış şəkildə qurmalıdırlar, şəxsi qisas zəminində yox.

- Sizcə, məlum qrup hansı mənbələrdən maliyyələşir?

- Bu haqda səhih məlumatım yoxdur. Amma təbii, pulları haradansa gəlir. Çünki təyyarəni televizorda görən, öz ölkəsində ikən Biləcəridən o yananı tanımayan adamlar bir anın içində bütün Avropanı, Amerikanı su yoluna döndərə bilməzdilər.

- Məqsəd nədir?

- "Məqsəd nə idi?” – desək, daha doğru olar. Oktyabrda keçirilməsi gözlənən prezident seçkiləri. Həmin seçki ertələndi və plan fiaskoya uğradı. İndiki aqressiya da nəticəsizlikdən doğan məsələdir.

- Plan nə idi bəs?

- İctimai rəydə çaşqınlıq yaratmaq.

- Çaşqınlıqla hakimiyyət dəyişəcəkdilər?

- Yox, təbii. Proses martdan başlayıb artan dinamika ilə oktyabr boyunca davam etməli, növbəti mərhələdə isə naməlum etapa dövr almalı idi. Hətta bir ara belə bir məlumat da gəldi ki, seçkilər oktyabrda reallaşsaydı, son anda 9-10 diplomatın müşayiəti ilə sərhəd bölgələrimizdən birindən ölkəyə girişi nəzərdə tutubmuş, məlum qrup. Qarışıqlıq yaratmaq üçün. Amma müraciət etdikləri diplomatların hamısı məsələyə öncədən "yox” deyib. Bir fiasko da belə yaşanıb. Təşkilatçı və təşviqatçı isə keçmiş səfir Arif Məmmədov olub. O Arif ki, bütün həyatını və karyerasını mövcud iqtidara borcludur.

- Dövlət bu insanlara qarşı hüquq çərçivəsində hər hansı bir addım atmağı düşünürmü?

- Bildiyim qədər, onların bir neçəsinə heç cinayət işi də açılmayıb. Niyə? Səbəbi məlum deyil. Hətta İnterpola müraciət üçün də ilkin mərhələni – qiyabi ittiham mərhələsini keçmək mütləqdir. Ya da olmasın heç bizim qanunvericilik, harda yaşayırlar, həmin dövlətin qanunları girsin dövriyyəyə. Ortada yetərincə faktlar, video-sübutlar var. Hüquqi prosedurlar intensivləşsə, tərəfimizdən ardıcıl rəsmi sorğular göndərilsə, ekstradisiya müqavilələrinin tələbləri sərt formada ortaya qoyulsa həmin dövlətlərin hüquq mühafizə orqanları nə deyəcək? Deyəcək, yaxşı edirlər? Yox, təbii. Uzaq başı məsələyə siyasi çalar qatıb, yüz don geyindirib təhvil verməkdən - ekstradisiyadan imtina edərlər. Amma hüquqi nihilizmə də yol açmazlar. Belə bir lüksları yoxdur.

- Keçmiş səfir Arif Məmmədovdan söhbət açdınız. Xatırladım ki, yaxınlarda xalq şairi Bəxtiyar Vahabzadənin də oğlu mediada hakimiyyət mənsublarına yönəlik ciddi ittihamlar səsləndirdi. Yeni "səfir ənənəsi”mi yaranır?

- Bəxtiyar müəllim böyük və dahi şair olub. Ona Tanrıdan qəni-qəni rəhmət, oğluna isə diplomat korrektəsi, həssaslığı arzu edirəm. Heç bir ənənədən də söhbət gedə bilməz. Azərbaycanının yetərli sayda ləyaqətli səfirləri var və onlar öz işlərinin başında, dövlətçiliyimizin, dövlət maraqlarımızın keşiyindədirlər.

- "Məmur ənənəsi” necə, odamı yoxdur? Əsas da sabiqləri, öz korrupsiya qalmaqalları ilə Avropa mediasının manşetlərini bəzəyənləri nəzərdə tuturam: Rüfət Aslanlı, Beynəlxalq Bankın keçmiş rəhbərinin xanımı Zamirə Hacıyeva və sair, ilaxır...


- Azərbaycan Prezidenti ləyaqətli insandır və onun etimadını da qarşılıqlı formada, ləyaqətlə doğrultmaq lazımdır. Burada "b”, "c”, "y” variantları yoxdur ki, alternativdən istifadə edəsən. Doğrultmalısan, vəssalam. Yox, əgər məmurun fəaliyyət kredosu başqa prinsiplərə, təkəbbürə, özündən müştəbehliyə, sui-istifadəyə, nəslinin, qohum-əqrəbasının kefinə, onların istirahət və pul təminatına yönəldisə, o zaman cəzasını da haqq elədiyi formada alacaq. Mütləq alacaq. Ola bilər, arada zaman getsin, vaxt uzansın, amma enində-sonunda alacaq. El dilində gözəl bir söz var: "Başını aşağı sal, işinlə məşğul ol”. Bax, bizdə bəzi status və səlahiyyət sahibləri var ki, həmin başın təyinatından və ümumən varlığından xəbərsizdirlər. Zamanında təqdimatlarınımı düz vermirlər, şansları, bəxtlərimi gətirib bir yerlərə çıxırlar yoxsa nə - bilmirəm. Amma həqiqətən belələri öz məsuliyyətlərindən, öhdəliklərindən uzun müddət xəbərsiz olurlar və axırda da həmin rabitəsiz baş hardasa daşa dəyib ovulur, özü də paralel şəkildə ayılır. Xəyanətkar hər zaman olub, bu gün də var, sabah da olacaq. Bir tək bizdə yox, dünyanın hər yerində. Savad və dünyagörüş önəmli faktordur. Fəqət səmimiyyət sütununun üzərinə yığılınca, kişiliyə, mərdliyə söykənincə. İnsanın mahiyyəti düzgün, sağlam olmalıdır. Ulu Öndər Heydər Əliyevin də zaman-zaman öz silahdaşlarından ilk tələbi, onlara verdiyi ilk tövsiyyə bu olub ki, mövqe sərgiləyin. Çünki mövqesiz, qərar tutduğu yer bəlli olmayan insan bu həyatda ən təhlükəli insandır. Belələri hətta savadlı olsalar belə, sahib olduqları elm və zəkanı uzağa daşıya, dövlətinə və mənsub olduqları siyasi komandanın işinə yararlı ola bilməzlər. Mövqesizlər həm də fürsətcillərdir və bütün fürsətcillərin, nankorların son ünvanı Cahangir Hacıyevin indi qərar tutduğu dayanacaq olacaq.

- Rüfət Aslanlı haqda bir şey demədiniz.

- Mən dolayısı ilə hər kəs haqda danışdım. Uzaq başı bir az öncə söylədiyim fikirlər içində təkəbbür sözünü iri hərflərlə yazarsız, ünvan daha rahat görünər.

- Zamirə Hacıyevanın sahib olduğu, daha dəqiq desək Cahangir Hacıyevin ölkədən çıxardığı pulları geri qaytarmaq mümkün olacaqmı? Bunun üçün hüquqi mexanizm, yol varmı?

- Zamirə Hacıyevanın özünü geri qaytarmaq lazımdır. O zaman pul da qayıdacaq. Və nəinki Hacıyevanı, eyni zamanda ekstradisiyası vacib olan digər şəxsləri. Məsələn, Fəxrəddin Abbasovu. Bu insanlar dövlətə, xalqa xəyanətin əlifbasını yazıblar. Layiq olduqları cəzanı da gec olmadan almalıdırlar.

- Hacıyevanın və Aslanlının xaricdəki xərcləri ilə bağlı Azərbaycan mediası təsbit edilmiş faktları, bank kartlarından çıxarışları tirajladı. Bir məmurda və bir məmur xanımında bu qədər pul haradandır?

- Bunu hüquq-mühafizə orqanları, təftiş səlahiyyəti olan aidiyyatlı qurumlar araşdırsınlar ki, haradandır. Araşdırsınlar və gərəkən tədbirləri görsünlər. Ayrıca, məmur və məmur xanımı deyil, eks məmur və eks məmur xanımı deyək, daha dəqiq olsun.

- Həmin araşdırmanın sonunda həbs görünə bilərmi?

- Mən ekstrasens deyiləm, siyasətçiyəm. Görünən nə olsa bərabər görəcəyik.

- Bəy, 90-cı illərdə belə bir tendensiya var idi, çətinə düşən məmur dərhal müxalifətlə təmasa keçirdi, onlara gizlin sponsorluq edirdi və bu minvalla da özünümüdafiə səngərini yaratdığını düşünürdü. Bu yaxınlarda da söz-söhbət yayıldı ki, xaricdən nifrinlər püskürən müxalif kəsimin pul ödəyicisi Hüseyn Abdullayevdir. Amma adamın həbsindən sonra iddialar səngidi, mövzu unuduldu. Hazırki durumda bu presidentin təkrarlanma ehtimalı varmı?

- İnandırıcı deyil. Ən azından indiki məqamda. Hə, ola bilər pul müqabilində nəyəsə razı olsunlar, ya da onları saxta hüquq müdafiəçiləri ilə əlaqələndirsinlər. Amma bizim müxalifətin iş yararlığı, faydalılıq əmsalı sıfıra bərabərdir. Məsələ burasındadır. Sponsor tapma işinin monopoliyası isə uzun illər Cəmil Həsənlidə olub. Paket almaq, redaksiyalara paket daşımaq, hələ imkan olanda həmin bükülü paketin içindən 3-4 dənə yüzlük götürmə icraatı bəyin kurasiyasındadır. Bildiyim qədər kimsəni də özünə şərik etmir. Güman ki, başları Erkin Qədirli və Qurban Məmmədovu təhqir etməkdən, onlarla haqq-hesab çəkməkdən ayılan kimi Həsənli yenə azuqə dalınca çıxacaq. Buna şübhəm yoxdur. Tilovuna hansısa xam düşəcəkmi, düşməyəcəkmi – daha orasını deyə bilmərəm. Amma dəqiq olan budur ki, hələ başları daha "ciddi” işlərə qarışıb.

- Erkin Qədirli məsələsini sanki çox şişirtdilər...

- Erkin Qədirli ədalətli insan deyil. Ovqat adamıdı. Amma oxumuş biridir. Hərdən də düz söz danışır. Son dediyini də təqdir edirəm. Müxalifətdə olub öz gücünün miqyasını, daha doğrusu gücsüzlüyünü etiraf etmək üçün böyük iradə lazımdır. Erkin bəyə təşəkkür edirəm ki, bu iradəni özündə tapa bilib. Hər halda realistdir və Arif Məmmədov kimi ətrafındakılara hakimiyyət vədi verib daldada "Uber taksi” sürmür. Bu söylədiyi həqiqətə görə onu və ailəsini ən pis halda təhqir edənlər isə müxalifətin üz qaralarıdır, siyasətin ridumentləridir, ömürləri boyunca da perspektiv sözünün "p” hərfindən belə yararlanası adamlar deyillər. Ayrıca, eyni yanaşma Qurban Məmmədovla da bağlı keçərlidir. Yəni, yanlışlıq baxımından keçərlidir və müxalifət adına ayıbdır. Düzdür, Məmmədov özlərinin başqa bir formasıdır, amma uzun illər onu təbliğ edən, "Yeni Azərbaycan”, "Səs”, "Palitra” qəzeti olmayıb, "Azadlıq” qəzeti olub. İndi Gülçatayların əli ilə adamın ünvanına nöqtəli söyüşlər yazdırırlar. Görün hara qədər eniblər. Barı bu işi qadına həvalə etməyin. Qadının həmin işi görmək üçün ürəyi getsə belə, yenə həvalə etməyin. Ayıbdır!

- Parlamentdə də çox ağır çıxış etdiniz. Söyüş müxalifəti ilə bağlı.

- Bu mənim ürəyimdən gələn səs idi. Başqa cür davrana bilmərəm. Mübarizəmiz də qəhrəmanlıq-filan deyil, adi bir normadır. Xaricdə oturaraq şizofrenik təfəkkürü ilə millətin layiqli övladlarını hədəfə alanların, təhqir edənlərin qarşısında hər kəs sipər olmalıdır. Çünki belələri tərəfindən bütün qırmızı xətlər, dəyərlər tapdalanıb. El dilində həmin həddə "axırıncı yol” deyirlər. Bu gün Orduxanın və o tip ünsürlərin elədikləri Qaşıqçıya qarşı ediləndən daha betərdir. Miqyas abstraktdır, mənəvi terror terrorların ən ağırı, ən ləyaqətsizidir, millətə, dövlətə qarşı yönələn cinayətlər fərdə qarşı yönəlmiş cinayətlərdən qat-qat daha təhlükəlidir – ona görə. Ümumbəşəri dəyərləri, Beynəlxalq Hüququn prinsiplərini özlərinə prioritet seçdiyini deyən avropalılar qoy bütün məsələlərə Zamirə Hacıyeva məsələsi kimi yanaşsınlar, reaksiya versinlər. Amma sadəcə özlərinə sərf edəndə yox, hər zaman. Qoy İlqar Məmmədov mövzusunda zaman-zaman hakimiyyətə qarşı yönəlmiş haqsız təpkini, iradı avropalılar bir dəfə də haqlı formaya çevirib həmin o xaricdə yaşayan irz düşmənlərimizə qarşı yönəltsinlər. Onda deyərik ki, ədalətlidirlər.

- Bir cavabdan iki sual meydana çıxdı. Hər ikisinə qısa da olsa cavabınız maraqlıdır: İlqar Məmmədovun həbsdən çıxması çoxmu şeyi dəyişdi və... Qaçıqçı məsələsi nəyə hesablanmışdı, cinayət niyə bu qədər kustar formada icra edildi?

- Başlayaq İlqar Məmmədovdan. Onun azadlığa çıxması ailəsinə, balasına qovuşmaqdan savayı heç nəyi dəyişməyib. Siyasi arenada isə ümumən heç nəyi dəyişməyib. Yəni biz deyən oldu. Fərqli təzahürat müşahidə etmədik. Amma İlqar bəyə kiçicik bir tövsiyəm var: sosial şəbəkələrdə yazı, status paylaşmazdan öncə Azərbaycan dilini heç mükəmməl demirəm, orta səviyyədə bilən birinə mütləq müraciət eləsin. Barı cümlədə mübtəda ilə xəbərin yeri məlum olsun, sözdən şəkilçilər ayrılsın – ona görə. Vəssalam. İlqar bəylə bağlı başqa deyəcəyim yoxdur.

O ki qaldı Qaşıqçı məsələsinə...razıyam, çox kustar icraatdır və dünyaya səs salıb. Düzdür, siyasi cinayətlərin xronologiyasında belə hallar da var ki, cinayətlər bəzən bilərəkdən bu cür primitiv icra olunur. Məhz elə hadisənin primitivliyindən dolayı şübhə yaranmasın deyə. Amma məncə burada gedişat fərqlidir və Qaçıqçının qanının batmamasına, cinayətin araşdırılmasına, mövzunun gündəmdən çıxmamasına görə ən böyük minnətdarlıq Türkiyə dövlətinə düşür. Öz ölkəsində belə bir qanlı hadisənin baş verməsinə göz yummadı, nəyin bahasına olursa olsun geri çəkilmədi, hətta Səudiyyə ilə gələcək əməkdaşlıq məhrumiyyətlərini belə gözə alaraq haqqı nahaqqa qurban vermədi. Özünə hörmət edən dövlət ləyaqətini bax bu cür qoruyur.

- İstintaq orqanları hələ 1 həftə öncədən bəzi şübhəli məqamları təyin etdiklərini bildiriblər. Türkiyə tərəfi məlum cinayətin baş verməsini əngəlləyə bilərdimi?

- Birmənalı şəkildə xeyr. Səfirlik və konsulluq binaları yerləşdiyi deyil, mənsub olduğu ölkənin əraziləri hesab olunur. Cinayət isə konsulluqda icra olunub. Türkiyə tərəfi həmin an artıq hadisədən məlumatlı idi, amma diqqət edin, konsulun axşam saatlarında səssiz-sakit gedişinə belə əngəl ola bilmədi. Çünki diplomatik protokolun qaydaları, diplomatik pasport daşıyan şəxsin öz imtiyazları var. İstintaq qrupu isə yalnız ərəb tərəfin müşayiəti ilə və bir neçə gün sonra diplomatik binaya giriş hüququ əldə etdi. Bu da Beynəlxalq Konvensiyalardan və dövlətlərarası ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikdir. Fəqət, kritik məqamda icra oluna da bilər, olunmaya da. Sadəcə məsələ çox "şişdi” və Səudiyyənin başqa yolu qalmadı deyə Türkiyə ilə istintaq kompromisinə getməyə razılıq verdi.

- Türkiyə tərəfinə susması üçün "siyasi rüşvət”in təklif edildiyi və rədd cavabının alındığı da iri çaplı media qurumlarının irəli sürdüyü iddialar arasındadır.

- Nəzəri cəhətdən hər şey mümkündür.

- Bəy, son sualımı verim. Parlamentlə bağlıdır: Ayın 30-da plenar iclasın gündəliyinə çıxarılacaq məsələlərdən bir neçəsi deputatın davranış qaydalarındakı sərtləşməni, daralmanı, eyni zamanda parlamentin buraxılması və mandatın ləğvi ilə bağlı yeni dəyişiklikləri özündə ehtiva edir. Bu zərurətin açıqlaması varmı?

- Var, təbii. Əvvəla, başlayım davranış haqda qanundan. Burada əsasən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QREKO) tövsiyələri və beynəlxalq standartlar nəzərə alınıb. Yəni, özündənkəşf - filan yoxdur. Bəndlərin də çoxu preventiv xarakterlidir. Düzdür, ara-sıra "ad-hoc”, yəni, spontan halları da özündə ehtiva edir, amma dediyim kimi – yeni nəsə icad etməmişik, bu bir Beynəlxalq standartdır. Digər məsələlər isə əsasən Konstitusiyaya, Korrupsiya haqda qanuna uyğunlaşdırma xarakteri daşıyır. Sərtləşmə, daralma kimi ifadələrlə də qətiyyən razı deyiləm. Deputatın borcudur ki, etik çərçivəni ən yüksək səviyyədə gözləsin, hər kəsə örnək və nümunə olsun. Düzgün və işini bilən insanlar üçün məlum qanunun fayda və lazımlılıq tərəfi daha qabarıqdır, nəinki məhrumiyyət tərəfi. Ayrıca, son olaraq onu da qeyd edim ki, Azərbaycan parlamentinin qəbul etdiyi bütün qərarlar yaxşıya və daha müsbət dinamikaya doğru hesablanır. Buna kimsənin şübhəsi olmasın.


Xəbər 3824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR