Dünyanın məşhur simaları - musiqiçilər, aktyorlar, yazıçılar, rəssamlar təkcə yaradıcılıqları ilə deyil, şəxsi həyatları, sevgi hekayələri ilə də hər zaman diqqət mərkəzində olurlar. Onların sevgi hekayələri böyük maraqla oxunulur, izlənilir. Bunu nəzərə alaraq, Ailem.az oxucularına məşhurların qısa sevgi hekayələrini təqdim edir.
Layihə: "Məşhurların sevgi hekayələri”
Çoxlarının sevimlisi, dünya şöhrətli Bollivud aktyoru Şahrux Xanın sevgi hekayəti hələ kollecdə oxuduğu illərdən başlayıb. O, Qaurini gördüyü andaca ona aşiq olur. Lakin bu sevgisinə qovuşmaq ona o qədər asan başa gəlməyib. Şahrux sevdiyi qızla arzuladığı xoşbəxtliyə çatmaq üçün mübarizələrdən keçməli olub.
Belə ki, Qaurinin ailəsi induist dininə sitayiş edirdi. Şahrux Xanın müsəlman olması isə onların ürəyincə deyildi. Ona görə də qızlarını müsəlman oğlana ərə vermək istəmirdilər. Hətta Qaurini Şahrux Xanla münasibətini davam etdirərsə, anası özünü öldürəcəyi ilə hədələmişdi.
Buna baxmayaraq, Şahrux Qauri ilə düz altı il gizli görüşüb. Onlar yalnız 1991-ci ildə evlənə biliblər. Həmin vaxt isə Şahrux Xan artıq məşhur aktyor idi. Lakin onlar evlənsələr belə, Qaurinin anası hələ də bu izdivaca razı olmurdu. Etiraz əlaməti olaraq yas saxlayıb və aclıq elan edirdi. Anasından fərqli olaraq, atası qızına xeyir-dua verir və Şahruxu kürəkəni kimi qəbul edir.
Şahruxun sevdiyi qızın ailəsi tərəfindən qəbul olunmamasının tək səbəbi müsəlman olması deyildi. Gəncin aktyor olması da ailənin ürəyincə deyildi. Qaurinin ailəsi hesab edirdi ki, aktyorluq bir az anormal peşədir. Baxmayaraq ki, onlar Şahruxun çəkildiyi bütün serial və kinolara həvəslə baxırdılar. Lakin vaxt keçdikcə hər şey dəyişdi. Ailə kürəkənini getdikcə sevməyə başladı. Üstəlik, onların iki övladının olması buzları əritdi, hər kəsin qəlbini yumşaltdı. 1997-ci ildə Qauri və Şahruxun Aryan, 2000-ci ildə isə Suxana adlı qızı oldu. 2013-cü ildə isə cütlük surroqat ana vasitəsilə oğulları İbrahimi qucaqlarına alıblar.
Qeyd edək ki, Qaurini interyer dizayneri və prodüserdir. O, həyat yoldaşının film layihələrində yaxından iştirak edir. Fərqli dinlərə sitayiş etmələri isə onların mehriban və xoşbəxt ailə həyatına mane olmur.