Balıqların çəkisi süni şəraitdə artırılacaq

Balıqların  çəkisi süni şəraitdə artırılacaq

Azərbaycanda daha böyük kütləyə malik əmtəə balıq növlərinin süni şəraitdə yetişdirilməsi üçün təcrübi işlərə başlanılıb.

Artıq bəzi müəssisələr balıqların kütlələrinin artırılmasına imkan verən bu layihə ilə maraqlanaraq müqavilə bağlamağa hazırlaşırlar.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun elmi işçisi Vidadi Yusibov deyib.

Onun sözlərinə görə, institutun Mingəçevir elmi-təcrübə laboratoriyasında çəki (Cyprinus caprio), ağ Amur (Hypophtalmichthys molitrix), əlvan qalınalın (Ctenopharyngodon idella) əmtəə balıq növlərinin yetişdirilməsinə başlanılıb. Bunun üçün laboratoriyanın ərazisində ümumi sahəsi 2660 kvadratmetr olan, təbii şəraitə maksimum uyğunlaşdırılmış altı torpaq olan 6 ədəd süni göl yaradılıb.

V.Yusibov bildirib ki, təcrübə şəraitində olan balıqların çəkiləri təbii şəraitdə olduğundan daha çox olur. Onun sözlərinə görə, 2-3 il ərzində təcrübə laboratoriyasında intensiv qidalandırılmaqla çəki balığının kütləsini 3 kiloqrama, ağ Amur, əlvan qalınalının kütləsini isə 4-5 kq-a qədər çatdrımaq mümkündür: “Təbiətdə balıqlar kifayət qədər yem əldə edə bilmirlər. Üstəlik, müəyyən xəstəliklər onlara təsir edir ki, bu da balıqların böyüməsinin qarşısı alır. Amma burada steril şərait yaradılmaqla balıqlar kənar təsirlərdən uzaqlaşdırılır. Məqsədimiz daha az müddətdə daha böyük kütləyə malik balıq əldə etmək və əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təmin olunmasına töhfə verməkdir. Bu, eyni zamanda tam fərdi qidalarla qidalanma nəticəsində ekoloji təmiz məhsulların əldə olunmasına imkan verəcək”.

Elmi işçi deyib ki, bu balıqlar süni şəraitdə yetişdirilsə də, onları broyler balıqlar hesab etmək olmaz. Çünki bu balıqlar təbii qidalarla qidalanırlar: “Broyler toyuqların qidalanması fərqlidir və onlar çox az müddətdə böyüyürlər. Bunlar isə təbii şəraitdə yetişdirilən balıqlardır. Onların ətlərinin keyfiyyəti də çox yaxşı olur, dənizdə, çayda yaşayan balıqların ətinin keyfiyyətindən ciddi şəkildə fərqlənmir”.

Çəki balığının yerli faunamızın növlərindən biri olduğunu deyən V.Yusibov qeyd edib ki, ağ Amur, əlvan qalınalın iqlimləşdirmək məqsədilə 1960-cı illərdə Amur çayı hövzəsindən gətirilərək Azərbaycanın su hövzələrinə buraxılsa da, onlar indiyədək iqlimləşməyiblər: “İqlimləşmə o halda baş verir ki, gətirilmiş növ özü həm çoxala, həm də su hövzələrində yaşaya bilsin. Amma bizim ölkənin su hövzələrində olan temperatur şəraiti onların təbii yolla çoxalmasına imkan vermir”.

Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR