Azərbaycan Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 23 iyul 2015-ci il tarixli qərarı çərçivəsində beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin Bakıda hərəkəti xüsusi qaydada tənzimlənməyə başlanılıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, qərara əsasən, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılıb.
Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilir. Eyni zamanda Azərbaycan ərazisində beynəlxalq yük daşımaların Bakının şimal və cənub girişindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və əks istiqamətdə fasiləsiz və maneəsiz həyata keçirilməsi üçün xüsusi qayda müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu sahədə fəaliyyətlərini koordinasiyalı həyata keçirir, Bakının şimal və cənub girişindəki duracaqlardan başlayaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları beynəlxalq yükləri daşıyan avtomobilləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına qədər müşayiət edirlər. O cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından beynəlxalq yükləri daşıyan yük avtomobilləri şəhərin cənub və şimal girişindəki duracaqlara qədər yol polisi əməkdaşları tərəfindən müşayiət olunur. Bununla da Azərbaycan ərazisində beynəlxalq yükdaşımaların fasiləsiz həyata keçirilməsi təmin olunur.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyihazırda Bakıda paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının müəyyənləşdirilməsi istiqamətində də işləri davam etdirir. İlkin proqnozlara görə, Bakıda xüsusi zolaqların olduğu yolların sayının 40-dan çox olması gözlənilir.
Xatırladaq ki, indiyə qədər 6 yolda xüsusi zolaqların çəkilməsi həyata keçirilib. Bura Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələri daxildir.