Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Meskal və Tekila festivalı keçirilir.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, tədbirin məqsədi Meksika haqqında Azərbaycan ictimaiyyətinə daha çox məlumat çatdırmaqdır. Festival 27oktyabr - 2 noyabr tarixlərində keçiriləcək. Bu məqsədlə səfirlik Meksikadan meskal içkisi üzrə mütəxəssis Serxio İnurriqaronu Azərbaycana dəvət edib. Festivalın ilk günündə media üçün keçirilən təqdimatda meskal və tekila içkilərinin yalnız Meksikaya məxsus olduğu bildirilib. Meskal üzrə mütəxəssis S. İnurriqaro Azərbaycanda da tanınan tekilanın Meksikanın bir ştatında, meskalın isə 8 ştatında istehsal olduğunu açıqlayıb: “Meskal tekilanın atasıdır. Hər ikisi magey və aqava bitkilərindən alınır. Meskal yalnız Meksikaya məxsus olan 14 nümunədən biridir. Meskalı 2 ildən 7 ilə qədər taxta çəlləklərdə saxlamaq mümkündür”.
Bildirilib ki, Meksika ildə 2 milyon litr meskal istehsal edərək onun 1 milyon litrini ixrac edir. Daha sonra bu içkinin 5 növü üzrə dequstasiya keçirilib. Həmçinin səfirlikdə Meksikaya məxsus mədəniyyət nümunələri də təqdim edilib.
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini festival çərçivəsində meskalın satışı ilə bağlı komissiyanın təkliflərinin Azərbaycana təqdim olunduğunu söyləyib. Onun sözlərinə görə, yaxşı təklif olarsa, meskalın Azərbaycana da ixracı mümkündür.
Noyabr ayının axırıncı həftəsi ilk Tekila Dequstasiyası Festivalının keçirilməsi də planlaşdırılır.