Azərbaycanda məmur özbaşınalığının sübutu “Azİmport” şirkəti ətrafındakı qalmaqalla damğasını vurdu.
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, "Azİmport" şirkətinin aparıcı siması Rəşad Məmmədovun həbsə düşməsi ilə bütün gizlinlər və cinayətlər ifşa olundu.
Örtülü bazarın üstünün açılması ilə sabiq rəisin fəaliyyətindəki qaranlıqlar faş oldu. Rəşad Məmmədov isə tək deyildi. Azər Əsgərovla onun o həddə çatmışdı ki, digər məkanlarla yanaşı, onlar hətta Heydər Əliyev parkının yerini (burada isə ümummilli liderə abidə qoyulmalı idi), Mədəniyyət Evinin, “Reyhan” restoranının ərazisini – üst-üstə 1 hektar yarım ərazini ələ keçirərək orada otel, restoranlar və digər obyektlər inşa etmişdilər.
Serhed.info saytı yazıb ki, bu tikinti işləri yenə də heç kəsə kompensasiya ödənmədən həyata keçirilib. Bu cütlük bakılıların hətta çimərliyini də əllərindən alıb.
Azər Əsgərovun birbaşa özbaşınalıqları ilə üzləşən sadə insanların çıxış yolu məhkəmələrə üz tutmaq, qanunsuz zəbt edilmiş torpaqların davasını hüquq müstəvisində aparmaq idi. Bu proses isə uzun çəkdikcə, incidilmiş vətəndaşların haqqı tapdalanır, bu isə cəmiyyətdə ciddi narahatlıqlarla müşayiət olunurdu.
Sonradan məlum oldu ki, "Azİmport" şirkətinin özbaşınalığı onun faktiki sahibi Rəşad Məmmədovun adına bağlıdır. Tutduğu vəzifənin səlahiyyətlərindən istifadə edən sabiq rəis əlində olan vasitələrlə məhkəmələrə təzyiq göstərib. Amma onun əməlləri çox çəkmədi və günün birində işdən qolu qandallı aparıldı.
Serhed.info məqaləsində yazır ki, onun nəzarətində olan restoranlardan biri də, tanınmış “Nar Sharab” olub. Rəşad Məmmədovun həbsindən sonra üzə çıxan digər faktlardan biri də “Azərenerji” rəhbəri E. Pirverdiyevlə əlaqələrinin olmasıdır. Səhmlərinin 100 faizi dövlətə məxsus olan “Azərenerji” ASC-yə milyardlarla dollara yaxın investisiya yatırılsa da, prezidentin fevral sərəncamından da belə məlum oldu ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsi mənimsənilib.
Mütəxəssislərin hesablamalarına görə, ayrılan vəsait-hansı ki, onun əhəmiyyətli hissəsini dövlət kredit şəklində alıb – məqsədəuyğun sərf edilsəydi, Azərbaycanda sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olardı.
E.Pirverdiyevin etibarını sarsıdan daha bir ciddi fakt Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun həbsindən sonra üzə çıxdı. Məlumdur ki, Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları mediaya sızdırıldı.
Ehtimal etmək olar ki, iqtidarda E.Pirverdiyevlə bağlı korrupsiya şübhələri hələ R.Məmmədovun həbsindən əvvəl də olub. Həm Pirverdiyevin “vurulması”, həm R.Məmmədovun həbsi zəncirvari oldu. E.Pirverdiyev fevral ayında səlahiyyətlərinin əhəmiyyətli hissəsindən, iki ay sonra R.Məmmədov azadlıqdan məhrum edildi.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov bir müddət öncə Dövlət Bayraq Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovla görüşüb.
E.Behbudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan R. Məmmədovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur:
“Rəşad Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən təqsirli bilinir. Özünü günahkar bilir. Bizimlə söhbət zamanı söylədi ki, məhkəmə zamanı dəymiş ziyanı ödəməyə çalışacaq ki, cəzası yüngül olsun”. \tia.az