Azərbaycanın ilk "Messenger"ini yaradan 10-cu sinif şagirdi

Azərbaycanın ilk

Texnologiya gün-gündən inkişaf edir. Yaşam tərzimiz dəyişir. Artıq gənclər yeni texnologiya ilə daha yaxından maraqlanırlar. Bəziləri bu texnologiyadan istifadə edir. Bəziləri isə daha da dərinə gedib, özü nəsə yaratmağa çalışır.

Aktual.az Milli.az-a istinadən xəbər verir ki, haqqında bəhs edəcəyimiz gənc də onlardan biridir. Türkiyə Dəyanət Vəqfi Bakı-Türk Liseyi 10-cu sinif şagirdi Kənan İbrahimli diqqətimizi mobil telefonlar üçün hazırladığı oyun və proqramlarla çəkdi.
 
Kənan bu sahədə hər hansı bir təhsil almasa da, artıq çoxlarının bacarmadığı işləri rahatlıqla yerinə yetirir. O, qısa zamanda "Messenger" proqramı hazırlayıb. Bu proqramın istifadəçiləri bir-biriləri ilə internet üzərindən rahat şəkildə əlaqə yaradıb, yazışa bilirlər.
  
- Proqram yaratmağa necə başladın?

- Proqram yaratmaqda bir neçə məqsədim var. İlk olaraq bu işə çox pul qazanmaq üçün başladım. Eyni zamanda düşündüm ki, Azərbaycanın öz "Mesenger"i və bir çox proqramları yoxdur, onları yaradaraq  "Play Store"a əlavə edə bilərəm. "Azerbaycan Free Messenger"i qısa zamandır ki, istifadəyə hazır duruma gətirmiş olsam da, artıq 100-ə yaxın istifadəçisi var. Sadəcə, reklama ehtiyac var.
 
- Proqram yaratmağı necə öyrəndin? Kimlər kömək etdi?

- İnternetdə proqram yaradılması ilə bağlı video-çarxları izlədim, araşdırmalar etdim. Heç bir kursa getməmişəm, kimdənsə yardım almamışam. Hər şeyi özüm öyrənmişəm. Proqramları kodlaşdırma ilə hazırlayıram. Lakin biliyim o qədər dərin deyil, öyrəndikcə proqramları təkmilləşdirməyə çalışıram.

- Bu zamana kimi hansı proqramları hazırlamısan?

- Onların sayı 15-dən çoxdur. Hazırladığım Azərbaycanın "Mesenger"i, "The Maddening Game" ən çox xoşuma gələn proqramlardır. "Finder of Your Searches" axtarış sistemi yaratmışam, amma tam təkmilləşdirə bilməmişəm. Üzərində işləyirəm. Əgər çox çalışsam, bu axtarış sistemi "Google"-a rəqib ola bilər (gülür - red).
 
- Gördüklərimdən belə nəticəyə gəldim ki, sən, əsasən, mobil telefonlar üçün nəsə hazırlayırsan.

- Bəli. Bəhs etdiyim bu proqram da mobil versiya üçündür. Veb proqramlar yaratmıram. Çünki ilk işim mobil versiya üzrə olub. Sonradan ancaq bu sahədə işlədim. Veb proqramları yaratmamaq səbəbim, əsasən, texniki güc və bilgi ilə bağlıdır. Belə ki, mənim hazırda yetərincə güclü kompüterim yoxdur. Texniki vasitələrim az və zəifdir.

- Bu işdən pul itirirsən, yoxsa qazanırsan?

- Proqram hazırlanmasına pul xərcləmirəm. Sadəcə, "Play store"a ilk proqramı yükləyəndə 25 dollar ödəmişəm. Artıq ehtiyac yoxdur. Qazanmaq məsələsi isə hələ tezdir. Düzdür, mənə bəzi proqramlarıma görə yaxşı pul təklif ediblər. Amma razılaşmamışam.

- Bu proqramları hər kəs hazırlaya bilərmi?

- Əlbəttə... Mən yay tətilində 2 ay araşdırma apardım, daha sonra proqram yaratmağa başladım. Kursa getməklə, araşdırma aparmaqla, proqram dilini öyrənməklə proqram qurmaq olar.

- Hələ ki, həvəskar olaraq işləyirsən. Gələcəkdə daha böyük layihələrə imza atmaq fikrin varmı?

- Bu sahədə biliyim az olsa da, bacarıqsız da deyiləm. Mobil telefonlar üçün proqramlar hazırlamışam və bu işi davam etdirirəm. Getdikcə biliyimi artırıram. Mənə mane olan dərslərimdir. Hazırda 10-cu sinif şagirdiyəm. Həm dərs oxuyub, həm də proqram hazırlamaq çətindir. Çünki bu, heç də asan iş deyil. Vaxt və diqqət tələb edir. Bir proqramın və ya oyunun hazırlanması minimum 1 günümü alır. Sonra isə onu incələyirəm. Səhvləri düzəldirəm. Amma bütün bunlara baxmayaraq, narazı deyiləm. Mənim üçün əsas təhsilimdir. Bilirəm ki, gələcəyim təhsilimdən asılıdır.

- Dünya çapında tanınacaq və faydalı olacaq proqram yaratmaq kimi məqsədin varmı?

- Bəzi fikirlərim var, onu açıqlamaq istəmirəm. Çünki bu fikirlər yenidir. Heç kim bunu həyata keçirməyib. Düşündüklərimi həyata keçirmək üçün maliyyə və texnikam yoxdur. Ona görə təxirə salmışam.
 
Bəzi qoruma və anti-virus proqramları insanların fayllarını, məlumatlarını oğurlayır. Bəzi proqramlarda icazə problemləri var. O problemləri aradan qaldıracaq proqram yaratmağı planlaşdırıram.

- 10-cu sinifdə oxuyursan və proqram, kompüter sahəsinə marağın var. Universitetdə bu sahə üzrə təhsil almaq istəyirsən, ya necə..?

- İqtisadiyyat sahəsində oxumaq, menecer olmaq istəyirəm. Proqram düzəltməyə isə davam edəcəyəm. Bu işə hobbi kimi deyil, bacarığım kimi baxıram. Lakin dərslərimin qarşısına keçməyə imkan vermirəm. Mənim üçün birinci təhsil, daha sonra proqram hazırlamaq gəlir.
 
- "Play store"da Azərbaycan oyunları azdır. Sənin sayəndə bu dəyişə bilərmi?

- Texniki vasitəm olsa, qısa zamanda maraqlı oyunlar hazırlaya bilərəm. İstəyirəm ki, öz yerli oyunlarımız olsun. Necə ki, bizim gənclər başqa ölkələrin oyunlarını alırlar, istifadə edirlər, onlar da bizim oyunları alıb, oynaya bilərdilər. Məncə çalışsaq, bunu edə bilərik. Sadəcə mənim yaşımda olan şagirdlər əsasən təhsilə yox, başqa işlərə vaxt ayırırlar. Belə olmasaydı, çox qabağa gedə bilərdik. 

Xəbər 705 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR