Azərbaycanda kino istehsalı rentabelli biznesə çevrilib - ARAŞDIRMA

Azərbaycanda kino istehsalı rentabelli biznesə çevrilib - ARAŞDIRMA

Azərbaycanda son illər kino istehsalı sahəsi rentabelli biznesə çevrilib. Bu səbəbdən ölkədə kino çəkilişi ilə məşğul olan müstəqil prodakşn və studiyaların sayı son illər xeyli artıb.

 

"Report" hazırda film istehsalı sahəsində mövcud vəziyyəti araşdırıb.


Aktyor, prodüser Məcid Hüseynov "Report”a açıqlamasında bildirib ki, son 5 ildə film sahəsində inkişaf var: "Filmlərin 95 faizi yumoristik üslubdadır. Film sahəsində inkişaf başlayanda kütləvi şəkildə film çəkilişlərinə başladıldı. Burada məqsəd isə məhz qazanc əldə etmək idi. Amma təəssüflər olsun ki, film çəkilişlərinə başlayanların əksəriyyəti kinodan xəbərsizlər idi. Amma bu gün həmin şəxslər kənara çəkilib. Filmi bacaran adam çəkməlidir. Film çəkilişləri zamanı maddi sıxıntılar olursa, bütün çətinliklərlə üzləşmək mümkündür. Bu gün sponsorların da film sahəsində maraqları artıb. Müqayisə üçün deyim ki, əvvəllər maraq göstərən sponsorların 5-10 idisə, bu gün bu rəqəm 100-ə çatır. Amma sponsorlar daha çox məhsullarından film çəkilişləri zamanı istifadə olunmasını tələb edirlər. Bu da filmin sujet xəttindən aslıdır. Yəni, filmin sujet xəttinə uyğun olaraq məhsullar şüuraltı, izləyicini bezdirmədən reklam olunur”.

prodüser Məcid Hüseynov

M.Hüseynov vurğulayıb ki, film çəkilişlərinə sponsorların cəlb olunması üçün sosial şəbəkələr elə də önəm daşımır. Onun sözlərinə görə, sponsorların marağında olan filmin qala gecəsində təqdim olunmasıdır: "Sponsorların istəyi təkcə budur. Filmin uğurlu olması isə ssenaridən aslıdır. Uğurlu ssenari filmdəki nöqsanları kölgədə qoyur. Bu həm də film çəkilişlərinə sponsor cəlb etmək istiqamətində mühüm rol oynayır. Ssenaridə filmin sujet xətti olmalıdır. Yəni filmin əvvəli, ortası və sonu mütləq olmalıdır. Elə filmlər var ki, filmin harda başlayıb harada bitdiyi məlum deyil. Hesab edirəm ki, bu, mövzu qıtlığındam irəli gəlir. Film çəkilişlərini həyata keçirən gənclərə tövsiyə edirəm ki, işlərinə məsuliyyətli yanaşsınlar. Bundan əlavə, işlədiyi aktyorlar və kollektiv seçimi də uğurlu olmalıdır. Bu gün gənc aktyor tərəfindən ərsəyə gələn vaynların baxış sayına baxdıqca tələbatın çox olduğunu müşahidə edirik. Əgər izləyici sayı üstünlük təşkil edirsə, deməli ortaya qoyulan iş keyfiyyətlidir”.

Gənc aktyor Elsəvər Mehdizadə isə "Report”a deyib ki, bu gün Azərbaycanda film sahəsində inkişafı görməmək mümkün deyil: "Əvvəlki illərə nisbətən müasir dövrdə qonorarda artım var. Bu da kommersiya filmlərinin sürətlə inkişafından aslıdır. 5 il bundan öncə ölkədə demək olar ki, kommersiya filmlərinin çəkilişi yada düşmürdü. Amma bu gün bu çəkilişlər davam edir. Əgər kinoteatr şəbəkələri rəqabəti kənara qoyub bir-biri ilə barışsalar, birlikdə böyük uğurlara imza atarlar. Əgər bu barışıq olarsa, qonorarda yeni artımlar olar".

Aktyor həmçinin qeyd edib ki, seriala çəkilməklə əldə olunan gəlir filmdən qazanılan gəlirdən çoxdur: "Ona görə də serial oyunçularının qonorarları daha yaxşı olur. Çünki il ərzində maksimum iki film lentə alına bilər”.

aktyor Elsəvər Mehdizadə

E.Mehdizadə gənc aktyorlara dözümlü olmağı tövsiyə edib: "Gənc aktyorlara tövsiyə edirəm ki, dözümlü olsunlar. Ssenaristlərə isə çoxlu mütaliə etməyi və öz üzərilərində işləməyi tövsiyə edirəm”.

Aktyor Elməddin Cəfərov "Report”a açıqlamasında deyib ki, film çəkilişləri zaman çətinliklərlə qarşılaşmaq normaldır: "Çünki iş görən zaman çətinliklər də olar. İş olanda çətinlik də, problem də, hətta səhv də olur”.

Aktyor Elməddin Cəfərov

E.Cəfərov 30-40 il əvvəlki aktyorlarla müasir dövrün aktyorları arasında fərqdən danışıb. O bildirib ki, hər dövrün öz tamaşaçı auditoriyası var: "Amma bununla yanaşı əvvəlki dövrlərdə film çəkilişləri zamanı məhdudiyyətlər mövcud idi. Bu gün isə film sahəsində tam demokaratiya hökm sürür. Ümumiyyətlə, xüsusi olaraq onu da vurğulayım ki, filmdə bütün qəhrəmanların hamısı problemlidir. 30-40 il əvvəl kino sahəsində öz sözünü demiş Azərbaycan aktyorlarının hamısından biraz istedad qoparmışam. Yəni, konkret olaraq təqlid etdiyim aktyor olmasa da, onlardan yığılan istedadlar hesabına bir Elməddin formalaşıb. Yəni öyrənə-öyrənə bu yerə gəlib çatmışam”.

Elməddin Cəfərov gənc aktyorlara səslənərək deyib ki, səhvdən qorxmasınlar: "İnsan səhv edərək düzəlir. Çünki iş olan yerdə səhvin olması qaçılmazdır”, deyə aktyorlara tövsiyə edib.

Xəbər 988 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR