“Azərbaycan və Türkiyə də Paşinyana ən böyük dəstəyi verdi” – Qüdrət Həsənquliyev

“Azərbaycan və Türkiyə də Paşinyana ən böyük dəstəyi verdi” – Qüdrət Həsənquliyev

Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev Ovqat.com-a müsahibə verib. Müsahibəsində NATO-nun son liderlər zirvəsindən tutmuş Şuşa Bəyannaməsinə, Ermənistanda və İranda keçirilən son seçkilərinin nəticələrinə qədər bir çox mövzularla bağlı mövqeyini açıqlayan millət vəkili dünyanın fərqli bölgələrində yaşanan bu proseslərin bir-biri ilə əlaqəsinə də aydınlıq gətirib.
 
Müsahibəni təqdim edirik:
 
 
-Salam, Qüdrət bəy. 
 
-Salam.
 
-44 günlük müharibədən xeyli əvvəl Ovqat.com-a müsahibələrinizdə sanki bu günlərin proqnozunu verərək demişdiniz ki, Qarabağ probleminin ədalətli həlli üçün erməniləri bir millət kimi məğlub etməyə ehtiyac var. Sizin fikrincə, düşmən məğlubiyyətlə razılaşmadıqca Dağlıq Qarabağdan vaz keçməyəcəklər. 44 günlük savaşda ağır itkilərlə geri çəkilən ermənilər son parlament seçkilərində məğlub Baş nazirə səs verdilər. Bununla da revanşist qrupların yox, "sülhsevər” və məğlub Paşinyanın prinsiplərini qəbul etdiklərini göstərdilər. Seçkilərin bu nəticəsi sizin nəzərdə tutduğunuz vəziyyətin artıq reallaşmasındanmı xəbər verir?
 
-Bəli. Mən zaman-zaman media qurumlarına, o cümlədən sizin saytınıza da dəfələrlə müsahibəmdə bildirmişdim ki, biz erməni xalqını döyüş meydanında məğlub etməsək, onlar heç bir liderə Azərbaycanla sülh sazişinə imza atmağa imkan verməz. Son seçkinin nəticələri də onu göstərdi ki, erməni xalqı artıq müharibə istəmir və yeni müharibənin onun üçün necə nəticələnə biləcəyindən əmindir. Buna görə də erməniləy ölkədəki ağır iqtisadi vəziyyətə, müharibəni uduzmasına baxmayaraq revanşistlərə yox, Paşinyana səs verdilər. Bəlkə də yeni bir qüvvə ortaya çıxıb, sülh və yeni iqtisadi platforma təklif etsəydi, seçkidə qələbə qazana bilərdi. 
 
Paşinyanın bəxti həm də onda gətirdi ki, rəqibləri köhnə korrupsioner prezidentlər idi. Həmin eks-prezidentlərin hər 3-ü, Levon Ter-Petrosyan da daxil olmaqla müharibə cinayətləri törətmiş şəxslər idi. Düzdür, Levon son seçkilərdə deyirdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq, amma o da zamanında səhra komandirlərinin qarşısında dayana bilmədi, qətiyyətsiz mövqe sərgiləyərək ağır müharibə  cinayətlərinin iştirakçısına çevrildi və sonda onların tələbi ilə istefa verdi .Məhz onun zamanında Azərbaycan torpaqları işğal olundu və o, səhra komandiri, soyqırım törətmiş qatil Köçəryanı hakimiyyətə gətirdi. 
 
Amma son seçkiləri qazanmasına baxmayaraq, mənim fikrimcə, Paşinyan bitmiş bir adamdır. Erməni xalqı sadəcə ona görə Paşinyanı dəstəklədi ki, o, atəşkəs bəyanatına imza ataraq, müharibəni dayandırdı. Amma o, yetkin dövlət xadimi, siyasətçi olsaydı, xalqına ilk gündən yalan danışmasaydı, bu qədər itkilər vermədən də müharibəni dayandıra  bilərdi. Bilirsiniz ki, Ermənistan tərəfindən 5 mindən artıq, bizdən isə 3 minə yaxın əsgər öldü, 10 minlərlə insan şikəst oldu, sağlamlığını itirdi. Mən ötən seçkilərdə də, indi də deyirəm ki, seçkilərdə qələbə çalmaq Paşinyanı ağır aqibətdən xilas edə bilməyəcək. O, məhvə məhkum olunmuş bir siyasət adamıdır və yaxın zamanlarda haimiyyətdən gedəcək. Ən çoxu 2 il hakimiyyətdə qalma şansı var.
 
-Bəs, o getsə nə olacaq? Yenidən revanşistlər təşəbbüsü ələ ala bilərlərmi?
 
-Paşinyanın Rusiyaya qarşı duruş gətirmək imkanı çox məhduddur. Mümkündür ki, bu mərhələdə onunla bağlı Co Bayden və Makronun  Putinlə müəyyən söhbətləri olub. Rusiya, bilirsiniz ki, min illik dövlətçilik təcrübəsi olan bir ölkədir və oturuşmuş dövlət institutları var. Böyük dövlətlər bəzən bu və digər hədəflərə çatmaq üçün səbrlə və uzun müddətli plan işləyib hazırlayırlar. Məncə, Rusiyanın Ermənistanı uzun müddət Paşinyanla idarə etmək planı yoxdur. Rusiyanın regiondakı əsas məqsədi Qərb yönümlü siyasəti iflasa uğratmaqdır. Paşinyan da həmin qüvvələrin başında duran şəxs kimi bu işi uğurla həyata keçirir. Rusiya bu istiqamətdə artıq ciddi nəticə əldə etdi. Fikir verirsinizsə, müharibəyə qədər sıfır reytinqi olan Köçəryan artıq 20%-dən artıq səslə parlamentdəki ana müxalifət qrupunun lideri statusunu qazandı. Beləcə, birinci mərhələ üçün Köçəryan ölkədə legitim qüvvə halına gətirildi, bundan sonra onun və digər müxalif lider Sarkisyanın Paşinyana təzyiqləri daha da artacaq. Ölkədə isə böyük problemlər var və  düşünmürəm ki, Paşinyan bu təzyiqlərin qarşısında sona kimi duruş gətirəcək qədər müdrik siyasətçidir və Qərb onu sona qədər dəstəkləyəcək. Həm də ola bilsin ki, Azərbaycan və Türkiyə ilə sülh sazişinin imzalanması, diplomatik əlaqələrin qurulması kimi erməni camiəsi tərəfindən çirkli iş kimi qəbul olunan məsələləri Paşinyana gördürüb sonra hakimiyyətdən uzaqlaşdırılması nəzərdə tutulur. Onun yerinə gələnlər isə bu çirkli işi Paşinyanın həyata keçirdiyini əsas gətirərək vəziyyətlə razılaşacaqlar. Erməni xalqına deyəcəklər ki, biz üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklərə sadiq qalmalıyıq. Paşinyanın ağlı olsa, qalan çox qısa siyasi ömründə erməni xalqının gələcəyi naminə daha cəsarətli addımlar atar; məsələn, kommunikasiyaları açmaqla iqtisadi inkişaf yolu üzərində ən ciddi maneləri aradan qaldırar, Azərbaycan və Türkiyə ilə   dostluq və əməkdaşlıq haqqında saziş imzalayar, Ermənistan tarixinə təkcə məğlub Baş nazir kimi yox, həm də Ermənistanın inkişafına yol açan birisi  kimi düşər.
 
-Sizin sözünüzdən belə anladım ki, Paşinyandan sonra hakimiyyətə hətta revanşist qüvvələr gəlsə belə, onun indi bağlayacağı sülh sazişinə sadiq qalacağına inanırsınız.
 
-Sözün doğrusu, mən əmin deyiləm ki, Paşinyan sülh sazişinə qol çəkəcək. Sadəcə deyirəm ki, onun az zamanı qalıb, ağlı çatsa, sülh sazişini imzalayar. Həm Türkiyə ilə, həm də bizimlə münasibətləri qaydaya salar. Amma o, bunu edəcəkmi, bilmirəm. Paşinyanda Rusiyadan heyvani qorxu yaranıb - instiktiv qorxu. Belə bir halda o qorxur ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması Rusiyanın müəyyən dairələri tərəfindən xoş qarşılanmaz. Bu qorxu onu həmin addımları atmaqdan çəkindirə bilər.
 
-Bəs Rusiyanın bu təzyiqləri qarşısında Qərb onu dəstəkləməzmi?  
 
-Mən söhbətimizin əvvəlində də Makronun, Co Baydenin Putinlə danışaraq onu dəstəkləməsini istisna etmədim. Hətta səsvermə gününə az qalmış Azərbaycanın 15 erməni əsirini Ermənistana qaytarmasını da Paşinyana bizim verdiyimiz dəstək kimi qiymətləndirirəm. Hesab edirəm ki, səsverməyə 4 gün qalmış Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsi belə, ona dəstək idi. Bu Bəyannamə ilə Azərbaycan və Türkiyə revanşistlərə böyük bir zərbə vurdu. Erməni cəmiyyəti başa düşdü ki, revanşistlərə səs versə və yeni hakimiyyət müharibəyə başlasa, bu dəfə tək Azərbaycan yox, Türkiyə də açıq formada müharibəyə qoşulacaq. Türkiyəyə qarşı vuruşmaq ehtimalı yaranarsa, ermənini kim müdafiə edir etsin, Ermənistan bu müharibədən salamat çıxa bilməz. Bu qorxu Paşinyanın xeyrinə işlədi və o, seçkilərdə heç kimin gözləmədiyi möhtəşəm qələbə çaldı. Müharibədən məğlub ayrılan bir lider təkbaşına hökumət formalaşdıra biləcək səviyyədə seçkini uddu.
 
-Şuşa Bəyannaməsinə Rusiyanın sərt təpksini necə qiymətləndirirsiniz?
 
-Mən düşünmürəm ki, Rusiya Şuşa Bəyannaməsinə sərt təpki göstərdi. Bəyannaməni şərh edən Zaxarova dedi ki, iki dövlət arasında imzalanmış sənədin Qarabağ məsələsinə şamil edilməsini düzgün saymırıq. Bir də onu vurğuladı ki, istənilən iki dövlət bir-biri ilə müqavilə bağlayanda qonşularının da mövqeyini nəzərə almalıdır...
 
-Axı səlahiyyətcə Zaxarovadan daha yüksək postda əyləşən Peskov Şuşa Bəyannaməsinə çox açıq şəkildə qarşı çıxdı...
 
-Yox, Peskov Şuşa Bəyannaməsinə deyil, Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasına etiraz etdi. Peskovdan əvvəl Lavrov bəyan etdi ki, bu şayiədir və biz  şayiələri şərh etmirik. Hesab edirəm ki, Rusiya Qarabağ məsələsində konstruktiv mövqeyini qoruyub saxlayacaqsa, sülhün əldə olunmasına mane olmayacaqsa, əksinə sülh sazişinin imzalanmasına kömək edəcəksə, o zaman Azərbaycanda Türk hərbi birləşmələrinin yerləşdirməsinə də ehtiyac yaranmayacaq.
 
-Doğrudur. Həm də Şuşa Bəyannaməsində nəzərdə tutulan prinsiplər həyata keçiriləcəksə, Azərbaycan Silahlı Qüvvələri elə Türk ordusuna çevriləcək...
 
-Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin ordusuna çevrilməsi fikri bir az dövlətçiliyimizə hörmətsizlik kimi səslənir. Desəydiniz ki, iki ordunun birləşməsi baş verəcək, mən o fikirlə razılaşardım. Çünki həmin Bəyannamədə göstərilir ki, sənədi imzalayan hər hansı dövlətin ərazi bütünlüyünə və ya təhlükəsizliyinə təhdidlər yaranacağı, yaxud təcavüz olacağı təqdirdə iki ölkənin Təhülkəsizlik Şuraları birgə toplantı keçirəcək. Sonra ordu rəhbərliyi birgə fəaliyyət göstərəcək. İndiyə qədərki heç bir müttəfiqlər arasında bağlanan müqavilələrdə belə bənd olmayıb...
 
-Prinsipcə, Türk Ordusu 44 günlük müharibədə də Şuşa Bəyannaməsində nəzərdə tutulan həssasiyyəti göstərmişdi. Türk generalları gəlib Prezident İlham Əliyevin qarşısında dayanıb "əmr et, komandanım” deyirdilər. Sanki Azərbaycan prezidentini həm də özlərinin Ali Baş Komandanı kimi qəbul etdikləri mesajını verirdilər.
 
-Əslində bizim ərazimiz balacadır və Türkiyə ilə həmsərhədik. Türk ordusunun Azərbaycanın daxilində olsun, ya sərhədində dayansın, bu heç nəyi dəyişmir. Məsafə çox az olduğundan Türk təyyarələrinin İrəvanın altını üstünə çevriməsi üçün 4-5 dəqiqə vaxt lazımdır. Türkiyə ərazisindən Ermənistanın istənilən nöqtəsini hətta artilleriya zərbəsi ilə vurmaq imkanları var. Bu mənada Şuşa Bəyannaməsi son dərəcədə əhəmiyyətlidir. Qərbdən idarə olunan siyasi qüvvələr Bəyannamənin dəyərini kiçiltməyə çalışırlar. Partiya sədri var - mən adını çəkib onu şərəfləndirmək istəmirəm – adam deyir ki, bu müqavilə deyil, Bəyannamədir. Yəni heç bir hüquqi qüvvəsi yoxdur. Bu adamlar hər hansı bir məsələ ilə bağlı çıxış edəndə hər hansı məlumat toplamağa belə ərinirlər, mövzu ilə bağlı ədəbiyyata baxmırlar. Sən əgər dövlətlərarası hansısa sənəddən danışırsansa, xüsusilə partiya sədrisənsə, çıxış etməzdən əvvəl öyrənməlisən ki, beynəlxalq müqavilə nədir. 
 
Millət vəkilindən beynəlxalq hüquq dərsi
 
Mən sizin vasitənizlə deyirəm, qoy, bilməyənlər də öyrənsinlər: beynəlxalq müqavilə iki dövlət arasında bağlanmış yazılı sənəddir və tərəflər bu sənədə imza atmaqla öz üzərlərinə öhdəlik götürürlər. Əgər öhdəlik götürürsənsə, adından asılı olmayaraq istənilən sənəd artıq beynəlxalq müqavilə olur. Beynəlxalq müqaviləyə olduğu üçün də beynəlxalq hüququn predmetinə çevrilir və beynəlxalq hüquqla tənzimlənir. Beynəlxalq Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası var və Azərbaycan da 2017-ci ildə həmin konvensiyaya qoşulub. Konvensiyanın 2-ci maddəsi "terminlərdən istifadə” adlanır. Maddədə açıq formada deyilir ki, beynəlxalq müqavilə bəyanat, bəyannamə, saziş,müqavilə,protokol, xartiya, traktat, pakt, konvensiya və s. adlandırıla bilər. Yəni sənədin necə adlandırılmasının mənası yoxdur. Sən öz üzərinə öhdəlik götürübsənsə, deməli beynəlxalq müqaviləyə qol çəkibsən.Azərbaycan-Rusiya-Ermənistan arasında 10 noyabrda imzalanan atəşkəs bəyanatı var ha, o da beynəlxalq müqavilədir. Çünki dövlətlər öz üzərlərinə hansısa öhdəlik götürüblər və bunu yerinə yetirirlər. 
 
Bu müqavilələrə qarşı çıxanlar nəyi anlamırlar, mən onu sizə izah edim; məzmununa görə beynəlxalq müqavilələr fərqli ola bilər. Məsələn, sülh sazişi. Bizim konstitusiyaya əsasən, Azərbaycan sülh sazişinə imza atmaq üçün əvvəl parlamentin razılığını almalıdır. Prezident onu imzaladıqdan sonra sənəd təkrar parlamentə təqdim edilməli və ratifikasiya olunmalıdır. Hələ mərhum Prezident Heydər Əliyevin zamanında 1995-ci ildə qəbul etdiyimiz Beynəlxalq Müqavilələrin İmzalanması, İcrası və Təsdiqi Haqqında Azərbaycan Respublikasının Qanunu var. Səhv etmirəmsə, Qanunun 8-ci maddəsində deyilir ki, bütün dövlətlərarası  müqavilələr Milli Məclisdə təsdiq olunmalıdır. Mən ona görə tələb edirdim ki, Ermənistanla imzalanmış atəşkəs haqqında bəyanat parlamentin müzakirəsinə çıxarılmalıdır. Hökumətlərarası müqavilələr o zaman MM-də müzakirə edilir ki, həmin sənəddə qanunlarımızla ziddiyyət təşkil edən məqamlar mövcud olur. Amma dövlətlərarası müqavilələr istinasız olaraq MM-də ratifikasiya olunmalıdır. Məzmununa görə siyasi, ocial, iqtisadi və s. kimi məsələləri tənzimləyən müqavilələr var. Onlar məzmununa görə fərqli olsalar da, tərəflər öz üzərlərinə hər hansı öhdəlik götürürlərsə, bu müqavilə adlanır. Bu mənada Şuşa Bəyannaməsi də beynəlxalq müqavilədir.


Xəbər 586 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR