"Teleməkanda ilk dəfə seçki gedişatını 18 saat fasiləsiz yayımla işıqlandırdıq".
Bu sözləri Region TV-nin mətbuat katibi İsmayıl Həsənov telekanalın ölkəmizdə keçirilən parlament seçkilərini işıqlandırması ilə bağlı Milli.Az-ın sualını cavablandırarkən söyləyib.
"Kanalımız parlament seçkilərinin gedişatını teleməkanda ilk dəfə 18 saat fasiləsiz yayımla işıqlandırdı. Bununla da seçkilərin gedişatına ən çox efir vaxtı ayıran telekanal olduq. Həmin gün şəbəkəmizə daxil olan 7 telekanal, 10-larla büro və 100-lərlə əməkdaşımız bu seçki prosesinin gedişatını bütün təfərrüatları ilə tamaşaçılara çatdırmaq üçün sözun əsl mənasında səfərbər olmuşdular. Əməkdaşlarımız gün boyu ölkənin ən ucqar bölgələrindən belə canlı yayıma çıxdılar, mütəmadi olaraq MSK-da yaradılmış Seçkilər Media Mərkəzinə bağlandıq.
Tanınmış jurnalist İbrahim Məmmədovun canlı efirdə seçki prosesi haqda verdiyi şərhlər və almaniyalı müşahidəçi ilə olan müsahibəsi xüsusi maraq doğurdu. Ölkənin aparıcı media resursları kanalımıza istinadən eksklüziv video və məlumatlarımızı tirajladılar. Xatırladım ki, həmin gün tamaşaçılar Milli.Az vasitəsi ilə də efirimizi canlı olaraq izlədilər. Elektron mediada ən yaxın tərəfdaşlarımızdan biri olaraq hər zaman bizimlə həmrəy olduğunuz üçün sizə də təşəkkür edirik", - deyə İ. Həsənov bildirib.
Kanal rəsmisi bir məqamı xüsusilə vurğulayıb: "Teleşəbəkəmiz dövlət və dövlətçiliyimiz üçün vacib məsələlərdə hər zaman öz maddi-texniki imkanlarını, həmçinin insan resurslarını səfərbər etməyə hazırdır".
// Aktual.az