Azərbaycan İtaliya ilə səhiyyə sahəsində əməkdaşlıq edəcək

Azərbaycan İtaliya ilə səhiyyə sahəsində əməkdaşlıq edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın səhiyyə naziri xanım Beatris Lorenzinin dəvəti ilə 27-28 oktyabr tarixlərində Milan şəhərində “Sağlamlıq və qidalanma” mövzusunda keçirilmiş konfransda iştirak edib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktor müavini Dr. Jomo Sundaram, Ümumdünya Səhiyyə təşkilatı Baş Direktor müavini Dr. Oleq Çestnov və İtaliya Parlamenti komitələrindən senatorlar Emiliya De Biazi və Mario Marazziti, habelə Avropa, Asiya, Afrika regionunun səhiyyə rəsmiləri iştirak ediblər.
Konfrans çərçivəsində səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın səhiyyə naziri Beatriz Lorenz ilə görüş keçirib.
Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin indiki vəziyyəti, 2010-cu ilin noyabrında imzalanmış Sazişin müddəalarının yerinə yetirilməsi və digər məsələlər müzakirə edilib və Azərbaycan, İtaliya Səhiyyə Nazirlikləri arasında 2016-2018 illər üçün səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb.
İmzalanan Fəaliyyət Planında aşağıdakı sahələr üzrə əməkdaşlıq əlaqələri əks etdirilib:
- infeksion və qeyri- infeksion xəstəliklər, xüsusilə diabet, talassemiya və digər prioritet sahələr üzrə əməkdaşlıq;
- ümumi, torakal, pediatrik cərrahiyyə, neonatalogiya, intensiv terapiya, anesteziologiya və digər sahələr üzrə təlimlərin keçirilməsi, potensialın artırılması və qabaqcıl təcrübənin tətbiq olunması;
- nümunəvi tibb mərkəzləri, tədqiqat proqramları və inkişaf layihələri şəbəkələrində birgə iştirak;
- səhiyyə və tibb elmləri sahəsində əməkdaşlığın qarşılıqlı surətdə razılaşdırılmış digər formaları;
- səhiyyə statistikası və epidemioloji məlumat mübadiləsinin aparılması.
Fəaliyyət Planının yerinə yetirilməsi üzrə müştərək işçi qrupun yaradılması və yaxın zamanda İtaliyalı ekspertlərin Azərbaycana səfəri razılaşdırılıb.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR