Avropada ən böyük külək elektrik stansiyalarından biri tikiləcək

Avropada ən böyük külək elektrik stansiyalarından biri tikiləcək
  • DÜNYA

Almaniyanın E.ON energetika şirkəti İsveçdə yeni külək elektrik stansiyası tikməyə hazırlaşır.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, bu, Avropada ən böyük külək elektrik stansiyalarından biri olacaq.
E.ON şirkəti tərəfindən mətbuat üçün yayılmış xüsusi məlumatda bildirilir ki, şirkət 475 meqavat gücündə külək elektrik stansiyası layihəsini sərmayələşdirməyi qərara alıb. Layihəyə investisiyaların ümumi həcmi təqribən 500 milyon avro (566,4 milyon ABŞ dolları) olacaq.
Obyekt "Credit Suisse Energy Infrastructure Partners" (CSEIP) şirkəti ilə birgə tikiləcək. Gözlənildiyinə görə, müştərək müəssisənin səhmlərinin 80 faizi CSEIP şirkətinə, 20 faizi isə E.ON şirkətinə məxsus olacaq. Öz növbəsində, E.ON şirkəti əməkdaşlıq və istismar barədə "uzunmüddətli" saziş əsasında stansiyanın tikintisini həyata keçirəcək və layihəni idarə edəcək.
E.ON şirkətindən bildiriblər ki, yeni stansiya "əla küləkli şərait" aşkar edilmiş Vesternorrland regionunda yerləşəcək. Beləliklə, E.ON Avropada külək enerjisi istehsalında öz iştirakını artırmaq strategiyasını əsas götürür. Layihə həm də E.ON-un Skandinaviyada fəaliyyətinin xeyli genişlənəcəyinə ümid verir.
Gözlənildiyinə görə, stansiyanın tikintisinə bu il başlanacaq və 2021-ci ilin sonunda başa çatacaq. Bu stansiyada Almaniyanın "Nordex" firmasının istehsalı olan 114 turbindən istifadə ediləcək.
 
Aktual.az
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR