“Avaraya baz, ailəcanlıya qaz deyirik” Elşən Musayev yazır...

“Avaraya baz, ailəcanlıya qaz deyirik”  Elşən Musayev yazır...

 Xüsusi olaraq Aktual.az üçün

Təxminən 4 ayın söhbətidir. Qızımın ad günü idi. Dedi, “papa” sinif yoldaşlarıma hədiyyə alaq. Qoy surpriz olsun. Yəni bu dəfə hədiyyəni onlar mənə deyil, mən onlara təqdim edim.
Razılaşdıq. 20 gəlincik və 20 maşın aldıq. Amma evə çatandan sonra baxdım ki, dükana 20 manat əksik vermişəm. Daha doğrusu satıcılar haqq - hesabı səhv edib.
Əlqərəz, 4 aydı bu 20 manat beynimdə fırlanırdı. Məqam axtarırdım ki, camaatın borcunu qaytarım.

Və nəhayət yolum axır ki, yenidən həmin dükan tərəfə düşdü. Dünən. Allahdan mövzunu xatırladım. Az qala unudacaqdım. Tez ayaq saxladım. İçəri girdim. Satıcıları vəziyyyətdən hali edib əksik qalan məbləği ödəmək istədiyimi söylədim. İnanın, şokda idilər. Səmimi deyirəm. Fəqət, gəlməyimdən, vicdanımdan dolayı deyil, avamlığımdan dolayı şokda idilər. Məhz “avamlığımdan”! Təbii, onların zənnincə... Qərib - qərib baxırdılar mənə. Sanki, debilə baxırmış kimi. Ayrıca, simalarında yazıya həkk edə bilməyəcəyim çox aydın bir kinayə, istehza, ironiya da vardı. Və bunu o qədər açıq hiss elətdirirdilər ki...

Sonra dostum zəng elədi. Ona da hara və niyə getdiyimi söylədim. Pəəh, telefonda təriflər başladı, nə başladı: “Qaqa, sən əjdahasan, pələngsən, divsən ...” Ta daha nələr.
Maşına oturdum. Dərindən nəfəs aldım. Ayılmağa, durumu çözməyə çalışdım. Çalışdım, bu məmləkətdə bütün normal təzahüratların insanlara anormal ya da əlahiddə hadisə kimi görünməsinin, edilməsi gərəkən ən adı şeylərin ətraf üçün möcüzə xarakteri daşımasının səbəbini anlayım.Bacarmadım.

Mən neyləmişdim əslində? Heç nə. Qəhrəmanlıqmı “yapmışdım”? Yox, təbii. Və ya mənim elədiyim qəhrəmanlıq olacaqsa, o zaman sinəsini düşmən gülləsinə sipər edib şəhid olanların elədiyi nədir bəs?

Niyə belə olmuşuq? Niyə bu qədər cırlaşmışıq, primitivləşmişik, bütün adilərə “qeyri - adi” libasını geyindirmişik?

Niyə sahib olduğumuz məntiq əsl vacibatları müstəhəblərdən daha arxa plana keçirib?

Niyə bu məmləkətdə qarşılıq gözləmədən, mənfəət güdmədən etdiyin hər hansı bir hərəkət, atdığın ixtiyari bir addım anındaca fövqəl status alır?  

Bizdə hər şey belədir e... Məsələ burasındadır !

Bizdə öz halalca yolu ilə, yəni “peşexod”la gedən adam onun keçməsini gözləyən avtomobillərə xüsusi eyhamla (əllə, qaşla - gözlə, səslə) minnətdarlıq bildirir. Ki, Allah balanı saxlasın, yol verdiyin üçün. Oysa, keçməsi gərəkən avtomobil deyil ki, elə sənsən də, qardaşım!.

Bizdə yanacaq doldurma məntəqəsində çalışan operatora belə minnətçi düşürlər. Ki, benzini “1”- ci sürətlə vursun. Havanın, qazın dolmamağı üçün. Amma kənardan baxan elə zənn edər, həmin benzin hörmət, izzət, minnət, tapşırıq əsasında vurulur. Ay əzizim, pulunu verib yanacaq alırsan da. Sözünü, şərtini de də. Nədən çəkinirsən?..
Bizdə ərə getmiş qadın öz namusunu, evlənmiş kişi isə evinə aldığı bazarlığı da minnət mövzusu, müzakirə predmeti etməyi bacarır. Və bir adam çönüb demir ki, ay qadan alım, namuslu olmaqdan məntiqli, “doğal”, düzgün nə var? Niyə bunu xüsusi hal kimi təqdim edirsən? Ya da ay gədə, sənin bazarlığını məgər qonşu blokdakı Əflatun kişi eləməli idi? Özün eləməlisən də..

***

Get, anan yaşında süpürgəçiyə, atan yaşında “stoyanşik”ə “siz” deyə müraciət elə, ətraf səni haydı - huyduya götürsün. Ki, adam da o ranqda biri ilə mədəni, kübar danışar?

Get bir qadınla saf məqsədlə dost ol, ona bacı de, işinə yara. Uzağı 2 gün sonra hansısa neandertal soruşacaq: “Saalla, aranızda nəsə olub?”

Get bir kasıbla otur - dur, bir yetimin dərdini dinlə, məqamındaca hansısa öküz: “sən canı, nə xeyirin var?” – deyib başın üzərini kəsdirəcək.

Niyə görəsən?!

Çünki xislətimiz belə. Gördüyümüz o. Əxz etdiyimiz bu.

Çünki süpürgəçinin, “stoyanşik”in bizə verə biləcəyi bir şey yox. Nə vəzifə, nə pul, nə diqqət. Odur ki, getsin işinin dalınca.

Çünki evdəkilərdən, bir də qan qohumlarından savayı bütün qadınlar gözümüzdə potensial qurban tipajlarıdır... Qarmaq tutmayanda məcburən bacı deyirik, tutanda ağlımız yetəni.

Çünki havayı işlə aramız yox. Biri üzərində yüz manatlıq təmənnamız olsa az qalarıq onu şəhərin mərkəzində, hamının gözü qarşısında yüz dəfə “jim” elətdirək ya da yüz dəfə uladaq ki, pulumuz çıxsın.

Çünki yaxşılıq kəlməsi bəzi beyinlər üçün var - yox söyüşü ilə sinonim anlamdadır...

Çünki nadana BİC, yaxşıya GİC, avaraya BAZ, ailəcanlıya QAZ deməyi kimsə yox, məhz özümüz həyat normasına çevirmişik...

Çünki biz buyuq...!

Xəbər 9354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR