“AŞPA”zların yeni vineqredinə sözardı...” – Azərbaycanlı deputat ŞOK faktları açıqlayır!

“AŞPA”zların yeni vineqredinə sözardı...” – Azərbaycanlı deputat ŞOK faktları açıqlayır!

AŞPA-nın Azərbaycanla bağlı qərarı ölkəmizin ictimai-siyasi sektorunda çox ciddi narazılıqla qarşılanıb və haqlı etirazlara səbəb olub. Burası öz yerində.

Mən isə bu gün 4 il müddətində AŞPA nümayəndə heyətinin üzvü olaraq apardığım bəzi müşahidələri və mövcud durumda "isti” qənaətlərimi sizlərlə bölüşmək istəyirəm.

Əvvəla. Desəm ki, Avropa ailəsinin inkişafı və təmərgüzləşməsi üçün bu qurumun heç bir faydası olmayıb, o zaman ədalətdən kənar qalaram. Xeyr! Olub. Həm də yetərincə. Ən azından (ələlxüsus) inkişaf etməkdə olan dövlətlərdə ölüm hökmünün ləğvi birbaşa Avropa Şurasının adı ilə bağlıdır. Eyni zamanda sovet şinelindən çıxmış dövlətlərin demokratiyaya sürətli keçidinin təmin edilməsi, bəzi gizlin Avropa həbsxanalarında baş verən cinayətlərin ifşası, mütərəqqi qanunların hazırlanması ilə bağlı verilən rəylər də həmin qəbildəndir.

ASPA SON.jpg (65 KB)

Amma və lakin! Bu təşkilatın 21-ci əsrin ilk onilliyindən etibarən Qərbin təsir dairəsinə düşməsi, dini mənsubiyyət zolağında tərəfkeşlik saxlaması, prezidiumun əsasən "beşlik” dövlətlərinə təslim edilməsi hər şeyi kökündən məhv etdi. Hə, əvvəllər də AŞPA daxilində siyasi böhranlar, qalmaqallar yaşanıb və bu kontekstdə Qərbi Almaniya ilə Fransa arasında baş vermiş "bayraq” konfliktini, "soyuq müharibə” dövründə birtərəfli yanaşmadan doğan xaotik qarşıdurmanı nümunə kimi göstərmək olar. Fəqət..məlum ziddiyyətlər heç bir halda "siyasi epidemiya” halına gəlməyib və müəyyən kompensasiyalarla (güzəştlərlə) öz həllini tapıb.

İndi isə AŞPA sanki "qiraətçilər klubu”dur və gerçək anlamda öz himninə ("Sevinc üçün qəzəb”) bənzəyir. O, ancaq danışır. O, Avropa İttifaqından fərqli olaraq məcburi qanunlar qəbul etmək səlahiyyətinə sahib olmadığı üçün nəsə etməyə, özünü necəsə göstərməyə, qaldırmağa çalışır və...həmin "nəsə”lərin,"necələrin” realizəsini də mövcud situasiyada olduqca bərbad icra edir. O, Makronun "İşlər İdarəsi”nə çevirilib. O, hamıya və hər yerə Strasburq eynəyi ilə baxır...

AŞPA elə qurumdur ki, çöldə, bayırda üzünə gülüb səninlə fəxr etdiyini söyləyənlər qərar qəbul edilən vaxt gözləmədiyin halda əleyhinə səs verə bilərlər.

AŞPA elə məkandır ki, orada məsələlər nə qədər qərib səslənsə də Plenar iclas salonundan başqa hər yerdə; kuluarlarda, mərtəbələrdəki ofislərdə və ələlxüsus Assambleyanın dar bufetində öz həllini tapır.

AŞPA – ehtiyat etdiyi üzvlərə yüklənmək üçün öz ətrafında (daha dəqiq desək, patronajlığında) saxladığı QHT-ləri mütləq bir şəkildə prinsipial mövzular üzərindən dövriyyəyə buraxır, onlar üçün öz cibinin xərci ilə xüsusi iclaslar təşkil edir, belələrindən "rəyçi” düzəldir. (Məsələn, Emin Hüseynov)

AŞPA-da fransız hökmranlığı mütləq və dominant kursdur. Bəlkə də, üzdə rəhbər şəxslərin rotasiyası ilə baş aldada bilərlər, amma onun Aparatının daimi işçiləri - katibdən tutmuş kargüzara, mühafizəçidən tutmuş qarderobda dayanana qədər – hamısı fransızdır.

AŞPA – Orduxan Teymurxanın, Məhəmməd Mirzəlinin, Tural Sadıqlının və bu kimi bir çox nanəcibin üzünə pərvazla açılsa da, əsl ziyalı kəsimini təmsil edən ictimai təşkilat rəhbərləri üçün öz qapılarını daim bağlı saxlayan təşkilatdır.

Bir haşiyə çıxım: Assambleyanın daxili qaydalarına əsasən, iclas salonuna yalnız qırmızı "bəcik”li deputatlar və ya həmin deputatlardan birinin müşayəti ilə kimsə girə bilər. Diqqət edin: icazəsi deyil, məhz müşayəti ilə! Və..biz zala daxil olanda bir baxırdıq ki, "söyüş müxalifəti”nin üzdəniraq nümayəndələri hamıdan qabaqda, ən başda oturublar.

Əlbət, onları içəri biz salmırdıq. Bəs kim? Əsas da niyə?!

Hərdən bu tip suallar da verilir: Avropa Şurası ümumiyyətlə bizə nə üçün lazımdır? Cavab sadədir: Ermənistanın və digər düşmənlərimizin bərqərar olduğu məkanda öz mövqeyimizi bildirmək, Azərbaycan reallıqlarını Avropa ailəsinin diqqətinə çatdırmaq və lazım gələndə müdafiə olunmaq üçün. Vəssalam!

Yəni, məsələ ədalət axtarmaq məsələsi deyil, meydan və platforma məsələsidir. Xüsusən də torpaqlarımız işğal altında olarkən bizim məlum platformaya həqiqətən çox ehtiyacımız olub. Ədalət faktorunun üzərindən isə ona görə məlum eyhamla keçirəm ki, Avropa Şurası ümumiyyətlə onun varlığından xəbərsizdir. Bu məkanda kiminsə qulağının dibi qaşınırsa, zərbəni ancaq özün vuracaqsan. Özün vurmalısan! Çünki oranın "daşqoyanları” haqqın yanında olmaq kimi bir öhdəlik daşımadıqlarına özlərini çoxdan inandırıblar.

İndi isə gələk Azərbaycanla bağlı QƏRARA...

ASPA.jpg (129 KB)

Mən bilmirəm, AŞPA-nın aşpazları 2 gün öncə "Yelisey”dən gələn sifariş və xüsusi reseptlə nə vineqred hazırlayıblar, onun içinə hansı təamları, tərəvəzləri qatıblar. Amma bir həqiqəti dəqiq bilirəm ki, belə salatların iyrənc qoxusu artıq 5 min kilometr uzaqlıqdan da adamı vurur. Vurmaq bir yana, həm də diksindirir!

Sizin minnətiniz olsun ki, biz gəlib Assambleyanın işində iştirak edək və səs verək.

Zatən bu gedişlə orada Makronun kəkilli deputatlarından savayı kimsə qalmayacaq...

ELSEN.jpg (18 KB)

Elşən Musayev,
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Xəbər 824 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR