Allahla danışan bəndə

Allahla danışan bəndə

Nəzmiyyə Axundova

Gəncə Dövlət Universitetinin dosenti,
Filologiya üzrə fəlsəfə doktoru


Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xalq şairi Vaqif Səmədoğlu əbədiyyətə qovuşdu. Elə özü də əbədiyyət şairi olaraq, yaddaşlarda yaşayacaq... Atası Səməd Vurğun, qardaşı Yusif Səmədoğlu və bu yolu tutan, bu zirvəyə qalxa bilən neçə-neçə tale yoldaşı kimi...

Hələ 7 il əvvəl 

böyük məhəbbətlə yazdığım, ali məktəb tələbələri və aspirantlar üçün “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyinə daxil edilən “Vaqif Səmədoğlu” elmi məqaləmi bir daha oxucuların diqqətinə çatdırmağı özümə borc bildim. Ruhun şad olsun, şair!


Vaqif Səmədoğlu müasir Azərbaycan poeziyasında öz dəst-xətti və bənzərsiz üslubu ilə seçilən şairdir. Bu bənzərsizliyi onun elə ilk şeirlərindən görmək olardı. Bəziləri elə düşünürdü ki. Vaqif atası Səməd Vurğunun yolu ilə gedəcək, onun kimi xalq şeiri ənənələrini davam etdirəcək, ancaq Vaqif özünəməxsus yol seçdi. O, ilk növbədə, altmışıncı illərin modern şeir təmayülünə meyl etdi.  Lakin bu o demək deyildi ki, V. Səmədoğlu poeziya ənənələrimizə arxa çevirdi. Sadəcə, şeirimizin  çoxəsrlik ənənələrdən uzaqlaşmayaraq, Avropa şeir təcrübəsindən də yararlandı. Belə bir həqiqəti sübut etdi ki, istər sərbəst şeirdə, istərsə də heca vəznində modern şeirlər yazmaq, fikri assosiasiyalarla ifadə etmək mümkündür. Tənqidçi Vaqif Yusifli onun özünəməxsus şair səciyyəsini belə açıqlayır: «Mənim fikrimcə, Vaqif Səmədoğlu poeziyası Azərbaycan və dünya şeirinin ən müasir meyillərinin bir nöqtədə birləşdiyi, vəhdət təşkil etdiyi bir poeziyadır. Vaqif Səmədoğlu ilə beş əsrlik Füzuli arasında  qırılmayan poetik tellər gözə göründüyü kimi, atası Səməd Vurğun arasında da oxşarlıq, yaxınlıq tapmaq mümkündür. Həmçinin Vaqif  Səmədoğlu şeirləri ilə müasir postmodernist poeziya arasında da belə bir uyuşmanı açıqlamaq müşkül deyil. Dünyada bütün gözəl şairlərin yolu bu vəhdətdən keçir».

Vaqif Səmədoğlu ilk şeirlərində hamının müraciət etdiyi mövzulara üz tuturdu. O da altmışıncı illərin soyuq müharibə təhlükəsinə etiraz edir, Qələbə gününə şeir yazır, lirik «mən»in duyğu və düşüncələrini ifadə edirdi. Ancaq onun şeirlərində şablon ifadə üsulu, patetika yox idi. «Cənab U Tana» (U Tan o illərdə BMT-nin Baş katibi idi) şeirində V. Səmədoğlu sülh arzularını belə ifadə edirdi:

           

             Ölmək istəmirlər

             dənizin gümüşü aynasından sıçrayıb,

             bir an havada qalan balıqlar!

            Qayıtmaq istəyirlər

            yosunların yaşıllığına,

           qaya dibinin yumşaqlığına.

 

           Ölmək istəmirlər

           indi bir-birinə

           damların üstündən salam verən

           Göyçay çinarları!

           Kölgələrini istiyə,

           yarpaqlarını küləyə saxlamaq

                                             istəyirlər…

 

           Ölmək istəmirlər

           yamyaş burunlarını göyə qaldırıb,

           qorxa-qorxa

             asfalt yoldan keçən marallar!

            

             Ölmək istəmirlər

             daşları üst-üstə yığılmış,

             sementlə dolu torbaları hələ bağlı

             bu gün-sabah tikilməyə başlayacaq evlər,

             Sabahkı pəncərələrindən baxası beş-on qız,

             beş-on ev-ocaq işığı göstərmək

                                         istəyirlər dünyaya…

«Vyetnam dərdi» şeirində də eyni arzu ifadə olunurdu. Lakin Vaqif Səmədoğlu ideologiya şairi olmamışdır. Yəni o dövrün dəbdə olan bir sıra təbliği mövzuları (partiyanın tərənnümü, Leninin vəsfi, ölkədə gedən quruculuq işlərinin, əmək qəhrəmanlarının tərifi və s.) Vaqifin poeziyasına yad olmuşdur. Tənqidçi İradə Musayeva bu haqda yazır: «Vaqif Səmədoğlu bütün yaradıcılığı boyu ictimai-siyasi həyatımızı təsir altına alan və tez-tez dəyişən ideologiyalardan uzaq olub. Ona görə də şairin 60-cı illərdə yazdığı şeirləri ilə 80-90-cı illərdə yazdığı şeirləri əqidə, məslək baxımından müqayisə etdikdə heç bir fikir ayrılığı yaranmır». Onun şeirlərində haqqın, ədalətin, təmiz və saf vicdanın səsini, sovet cəmiyyətinin, sosializm mühitinin yaratdığı eybəcərliklər içində öz insani keyfiyyətlərini ürəyi kimi təmiz saxlayan bir insanın etiraflarını eşidirsən.

       Doğuldum 1939-da,

       1937-də tutuldum.

       48-də nənəm öldü,

       ömrümdə ilk dəfə

       ölüyə ağladım.

       Balıqlar saxladım

       akvariumda.

       Açıq qaldı pəncərəm

       bir qış gecəsi.

       Dondu balıqlar…

       İndi 1965-in

       yanvar gecəsidir.

       Deyəsən, yaşamaq istəyirəm.

İlk baxışda bu şeir də şairin demək istədiyi həqiqət oxucuya çatmaya bilər. Amma 1937 rəqəmi bu qəribə tərcümeyi-halın «sirrini» açır. Yəni şair demək istəyir ki, mən elə vaxtda doğulmuşam ki, artıq xalqımın ziyalı oğulları Sibirdə, şaxtada məhbus idilər, çoxu da güllələnmişdi, dünyaya da fikri, düşüncəsi qandallı gəlmişəm. Beləcə, qorxu və sıxıntı içində yaşamışam. İndi isə 1965-ci ildir. Artıq repressiya qorxusu yoxdur, yaşamaq istəyirəm. Ancaq altmışıncı illərdə də Vaqifin dərk etdiyi bir həqiqət vardı: o da insanın varlığını qanunlar, qadağalar çərçivəsində saxlayan, nəinki bir fərdin, hətta bir məmləkətin azadlığına qənim kəsilən SİSTEM, QURULUŞ hələ də qılıncını sağa, sola çapırdı. Ona görə də Vaqif yazırdı ki:

            Mənə Vətən yolu

            dar gəlir yenə,

            üzümə bahar yox,

            qar gəlir yenə.

Yaşadığı mühiti Vaqif belə səciyyələndirirdi:

           Daha nədən,

           kimdən yazım?

           Qürbət elin vağzalında,

           yarı ayıq,

           yarı xoflu

           mürgü vuran

           zənci kimiyəm.

          Cibimdə pul,

          ürəyimdə vətən sözü,

          gözlərimdə vətən özü.

          öz üstümdə vətən gözü yox.

          Neçə ildir Bakıda

          gözümə dəymir mənim

          rahat nəfəs alan kəs.

Vaqif  Səmədoğlu özünü  Vətəndə azadlıq həsrəti ilə yaşayan bir qürbət adamı kimi hiss edirdi. Və deyirdi ki:

            Sən son ümidimin qaldırdığı

            ağ bayraqsan, Azadlıq,

            mən səni yellədən külək.

Vaqif  Səmədoğlu şeiri, öz fərdi üslubuyla da, o illərin şeir üslubları arasında seçilirdi. O, sərbəst şeirdə olduğu kimi, heca şeirində də bu üslubu qoruyub saxlaya bilirdi. Tənqidçi Vaqif Yusifli həmin fərdi üslubun müəyyənedici cəhətlərini belə səciyyələndirmişdir: «Vaqif  Səmədoğlu şeiri öz poetik sanbalına, yükünə görə poeziyamızda ayrıca bir qoldur desəm, səhv etmərəm.  Burada Söz adilikdən və hər cür təmtəraqdan, ritorikadan xilas olur. Söz fikirlə hissin daşıyıcısına çevrilir. Biz Vaqif şeirində, bəlkə də, çoxları üçün qəribə təsir bağışlayan ifadələr, deyimlərlə qarşılaşırıq. Lakin bütün bunları dərk etmək üçün Vaqifi duymaq lazımdır. Duyanda görürsən ki, ən qatı, ən zil qaranlıqda da  doğmalıq və yadlıq var. Deməli, qaranlıq da ana kimi əziz, sərxoş qadın kimi iyrənc ola bilərmiş. Duyanda görürsən ki, bu dünya yuxu bazarıdır, ömür də bazarda satılan maldır. Və Vaqifin bütün şeirlərini oxumaq lazımdır ki, burada ana xətti tamamlayan Ölüm, Azadlıq, Dünya motivlərinin mifik köklərini açıqlaya biləsən. Son zamanlar Vaqif Səmədoğlu şeirlərini dekadentizm nümunəsi kimi təqdim edən ədəbiyyatşünaslar tapılır. Doğrudur, Vaqif Səmədoğlunun əksər şeirlərində kədər, qəm motivləri üstündür, ancaq V. Səmədoğlunu, zorla, bu nəzəri modelə sığışdırmaq gülüncdür. O, sırf həyat adamıdır, insan dərdindən, sevincindən yazır, amma bunu bütünlüklə realizmin hesabına yazmaq doğrudurmu?  O, yeri gələndə çılğın romantikdir, yeri gələndə simvolistdir, lap yeri gələndə impressionistdir. Lakin şairin şeirlərini hansı bir «izm»ləsə pərçimləmək onun dünyasını məhdudlaşdırmaq deməkdir» .

Azərbaycan şeirində V. Səmədoğlunun bir xidməti də tənhalıq, təklik mövzusunu bir tendensiyaya, axına çevirmək oldu. Doğrudur, tənhalıqla bağlı ondan əvvəl də şeirlər yazan olub, amma V. Səmədoğluda bu xətt aparıcıdır. Onun əksər şeirlərində tənhalıqdan əzab çəkən, bəzən isə tənhalığa sığınan, bununla da özünü yaşadığı mühitin mənəvi təzyiqlərindən qoruyan bir insanın duyğuları əks olunur. O, Vətəndə özünü qürbətdə olduğu kimi hiss edir-bu, tənhalıqdır. Vətəninin, məmləkətinin imperiya əsarətində olduğunu hiss edir, bunun üçün əzab çəkir-bu da tənhalıqdır. Allaha müraciətlər edir, ondan cavab, izah, təsəlli istəyir, bu da tənhalıqdan doğur. Ölüm haqqında düşüncələrə dalanda da şair tənhadır.  Şair deyir ki: «Şeirlərdən ev tikmişəm  gəlib-gedən yox. Sözlərimlə məclis qurub, deyib-gülən yox. Bir kəs döyməyib qapımı  yoldan ötən yox. Özüm də yola çıxmıram, yolda vətən yox»- bu misralar şair tənhalığının mahiyyətini ifadə edir.

Vaqifin tənhalıq şeirlərində yağış, külək, bulud, dəniz və s. təbiət atributları ilə şair ürəyi arasında bir assosiasiya -bağlılıq hiss edirsən.

           Görünmək, heç olmasa gözə dəymək,

           sevilmək istəyib,

           xoşbəxt olmaq arzusuyla

           Bakının küçələrini gəzə-gəzə,

           yenə gəlib çıxıram bura,

           dirənirəm dənizə.

           ..Və yenə soyuq,

            yenə yay həsrəti, yenə günəş yası.

            Və yenə

            yeganə təsəlli kimi

            gəmi dibi qoxuyan dəniz havası.

 Ancaq bütün bu tənhalıqları pessimizmlə, həyat eşqindən uzaq bədbinliklə bağlamaq olmaz. Həyat başdan-ayağa təzadlardan, ziddiyyətlərdən, sevinclə kədərin qarışığından ibarətdir və insanın bu mürəkkəb olaylar içərisində tənhalığa üz tutması da təbiidir. Ancaq bu o demək deyil ki, insan mübarizə əzmindən, yaşamaq sevincindən məhrum olmalıdır. Vaqif bir şeirində yazır:

    Bir qoca oturub

    Oturub özü kimi boz,

    bomboz dənizin qarşısında.

    Üfüqsüz məsafədə itir baxışı…

    Yoxdur yer üzündə gənclik, yoxdur!

 

    Bir uşaq oynayır,

    Oynayır özü kimi əlvan

    otların,çiçəklərin arasında.

    Günəşə baxır göz qırpmadan…

    Yoxdur qocalıq yer üzündə, yoxdur!

Bu isə həyat fəlsəfəsidir. Müəllif bu şeirdə insan ömrünün mənzərəsini rəsm edir. Başqa bir şeirində isə V. Səmədoğlu insan ömrünün mənasını, mahiyyətini açıqlayır:

      Nəyə alışmayıb insan?

      Onun qarşısında

      baş əyib,

      həm doğru durub, həm yalan.

      Düşünüb, gülüb, ağlayıb, sevib

      bürkü otaqda da, təmiz havada da..

      Qanı axıb yer üzünə

      sülh vaxtı da, davada da.

      Gözünə eyni dünya gah ağ görünüb,

      gah qara.

      İnsan həmişə insan olub,

      bəzən bağlı, bəzən açıq yara.

      Əvvəl-axır yalan çıxıb

      həqiqət sandığı ən gözəl sözləri.

      Bir gün də

      sönməyib təbəssümü,

      qurumayıb yaşaran gözləri.

Xalq yazıçısı Anar V. Səmədoğlunun «Mən burdayam, İlahi..» şeirlər kitabına yazdığı müqəddiməni «Allahla söhbət» adlandırıb. Anar yazır: «Vaqif Səmədoğlu poeziyası Allahla söhbətdir. Nədən yazır-yazsın, şair Allahla danışır: Ömür barədə, ölüm barədə, amansız dövran barədə, əbədi tənhalıq barədə, bu tənhalıqdan qurtulmaq aldanışı-qadın sevgisi və bu sevginin mümkünsüzlüyü barədə. Bütün bu söhbətlərin ana motivi birdir-şairin ən etibarlı istinadgahı, dayağı, sevgisi Şeirdir, poeziyanın özüdür. Şeir Vaqif dünyasında  Allahdan sonra ən yüksək məfhumdur» (8).

Bu fikirlə tam razılaşırıq. Doğrudan da, V. Səmədoğlu poeziyasında şeir, şairlik sənəti və bu sənətin ağrıları-acıları haqqında çox danışılır. Biz onun poeziyasında mükəmməl bir ŞAİR obrazı ilə qarşılaşırıq. Bu Şairin ünvanı: «Nəhayətsizlik. Zaman. Məkan. Dünən, bu gün və sabah. Görünən, görünməyən, eşidilən, eşidilməyən Qalaktika. Günəş sistemi. Yer kürəsi. Torpaq. Bir az Avropa, bir az Asiya. Doğma yurdum Azərbaycan. Bakı. Sakit bir küçə. Üçbucaq masa. Kağız və qələm. Şeirlər».

 V. Səmədoğlu dahi Nizami Gəncəvinin «Əvvəlcə peyğəmbərlər, sonra şairlər gəldi» kəlamını bir qədər başqa tərzdə səsləndirir. «Şair kimi yox, Şeir kimi ölmək istəyirəm. Oxunmaq arzusu ilə yaşayıram- Əvvəldən axıra kimi oxunmaq». Vaqifin nəzərində dünyada nə varsa, şeirdir…Bir şeirində yazır:

    Şeir yazmaq tutub məni.

    Ağlımı itirmişəm

   şeir yazmaq arzusundan.

   Dilimə gələn sözlərin quluyam,

   ürəyimdə qalanların dəlisi.

   Şeirə söykənib

   baxmaq istəyirəm

   dünya dediyimiz şeyə,

   dünyadan

   şeir arxasında gizləndiyim kimi…

   Hər itkim bir şeirə dönüb,

   hər sözümlə

   ömrümdə nəsə sönüb.

   Nə irəli getmək istəyirəm, nə geri.

   Nə sola, nə sağa.

   Dünya bəhanəymiş şeir yazmağa.

Vaqif Səmədoğlu poeziyası həm də forma-sənətkarlıq axtarışları ilə zəngin bir poeziyadır. O, Rəsul Rzadan sonra Azərbaycan sərbəst şeirinin ən mükəmməl nümunələrini yaradan şairlərdən biridir. Misal gətirdiyimiz nümunələr də bunu sübut edir. Ancaq onun xalq şeiri formalarında, heca vəznində yazdığı şeirlər də eyni səviyyədə uğurludur. Yəni burada istedad amili mühüm yer tutur. İstedadlı şair üçün şeirin hansı vəznində yazmağın elə bir əhəmiyyəti yoxdur. V. Səmədoğlu poeziyası ilə bu söhbəti də onun heca vəznində yazdığı bir şeirlə tamamlayaq:

      Kağızın üstünə düşüb,

      İki əlimin kölgəsi.

      Yenə də lap zilə qalxıb,

      Təkliyin yalquzaq səsi.

 

      Vaxtdan yaxa qurtarmışam,

       Bilmirəm saat neçədir…

       Ay yarımçıq, ulduzlar yox,

       Yaman ölməli gecədir…

 

        Nə varım var, nə barxanam,

        Ömür yükü bağlamağa.

        Allah, məni yarı öldür,

         Yarı saxla ağlamağa.

Xəbər 3707 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR