Asiya İnkişaf Bankı (ADB) "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsal transformasiya layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 47 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Aktual.az bankın məlumatına istinadən xəbər verir ki, kredit vəsaitləri Azərbaycana dəmir yolu sisteminin rəqəmsallaşdırılmasına, ölkənin dəmir yolu şəbəkələrinin təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına kömək edəcək.
Layihə, həmçinin ADY-nin əsas proseslərinin, o cümlədən dəmir yolu nəqliyyatının idarə edilməsi, aktivlər, investisiya planlaşdırması və idarə edilməsi, eləcə də müştəri məlumatlarının emalı sisteminin və korporativ funksiyaların rəqəmsallaşdırılmasını dəstəkləməyə yönəlib.
"Modernləşdirilmiş və rəqəmsal dəmir yolu sistemi Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarını Qafqaz və Avropa ilə əlaqələndirməkdə Azərbaycanın əsas rolunu dəstəkləyəcək. Biz Azərbaycana ticarət və əlaqə mərkəzi kimi güclü potensialını maksimum dərəcədə artırmağa kömək edəcək bu təşəbbüsü dəstəkləməkdən məmnunuq”, - ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.
ADB hesab edir ki, rəqəmsallaşdırma əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın regional tranzit dəhlizlərindəki rolundan tam istifadə edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Bu, həmçinin optimallaşdırılmış məlumat idarəetməsi, aktivlərin idarə edilməsi və ümumi dəmir yolu əməliyyatları hesabına ADY-nin əməliyyat və maliyyə göstəricilərini yaxşılaşdıracaq.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildə ADB-ə qoşulandan sonra bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb. 1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.
Xəbər 121 dəfə oxunub.